Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır

08.06.2019 [07:23]

Riyad Rüstəmli: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və inamla baxmasına imkan verir
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Belə ki, bütün sahələrin tərəqqisini təmin edən uğurlu siyasətin həyata keçirilməsi, müasir çağırışlara uyğun yeni nəsil islahatların ardıcıl olaraq reallaşdırılması bütövlükdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirib. Həyata keçirilən uğurlu daxili və xarici siyasət güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycanın qarşısında yeni perspektivlər açıb.
Şübhəsiz ki, son dövrlərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atır, cəmiyyət həyatında mühüm rol oynayırlar. Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunurlar. “Yeni Azərbaycan” qəzeti olaraq həyata keçirdiyimiz “Azərbaycan gəncinin tribunası” adlı rubrika da ölkəmizin ictimai-siyasi həyatında, elm, təhsil, iqtisadiyyat, idman sahələrində fəallıqları ilə seçilən gənclərimizin ictimaiyyətə tanıdılması məqsədi daşıyır. Rubrikamızın növbəti qonağı isə Riyad Arif oğlu Rüstəmlidir. Qeyd edək ki, Riyad Rüstəmli 7 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Sosiologiya ixtisasına qəbul olub və oranı fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü illərdə Silahlı Qüvvələrin Xüsusi təyinatlı hərbi hissəsində xidmət etdikdən sonra BDU-nun “Sosial iş” ixtisası üzrə magistr proqramını fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının doktorantıdır.
Tələbəlikdən ictimai fəaliyyətə başlayan Riyad Rüstəmli bir sıra beynəlxalq tədbirlərin iştirakçısıdır
Riyad Rüstəmli hələ universitet illərində ictimai-siyasi proseslərdə fəal gənc kimi özünü sübut edib. Bu fəallığın nəticəsidir ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulan Riyad hazırda YAP Səbail rayon “Pedaqoqlar” (Azərbaycan Dövlət Pedaqoji Univeristeti) ərazi ilk partiya təşkilatının sədr müavinidir. Qeyd edək ki, o, cari ildə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
R.Rüstəmli ictimai fəaliyyətinin aktiv dövrünə bakalavr təhsilinin 1-ci kursunda başlayıb. Belə ki, həmin dövrdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) layihələr departamentinin koordinatoru, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri, eyni zamanda, bir çox yerli və beynəlxalq layihələrin icraçı rəhbəri olub. 2009-2013-cü illərdə BDU-nun “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibi seçilib.
Universitetdə təhsil aldığı müddətdə gənclər sektorunda göstərdiyi aktivliyə görə dəfələrlə YAP-ın, Gənclər və İdman Nazirliyinin, BDU-nun və bir çox digər qurumların rəhbərliyi tərəfindən mükafatlandırılıb. Bundan başqa, həmsöhbətimiz bir sıra beynəlxalq tədbirlərin iştirakçısı kimi də Vətənimizi uğurla təmsil edib. Belə ki, 2010-2013-cü illərdə Gənclər və İdman Nazirliyi tərəfindən “Tələbələr azad sahibkarlıq fəaliyyətində” (SİFE) beynəlxalq proqramı üzrə keçirilmiş respublika çempionatının, o cümlədən 2010-cu ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən Liderlik məktəbinin qalibi olub. 2010-cu ildə Gürcüstanın Anaklia adasında keçirilən Dünya Gənclərinin Patriot düşərgəsində qızıl medalla mükafatlandırılıb. 2011-ci ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən MDB gənc liderləri üçün təşkil olunmuş yay məktəbi layihəsinin “Ən yaxşı kapitan” nominasiyanın qalibi olub.
Bununla yanaşı, gənc könüllülər sırasında öz yerini alan Riyad bir könüllü kimi müxtəlif beynəlxalq tədbirlər - “Eurovision-2012” mahnı müsabiqəsi və birinci Avropa Oyunları zamanı fəallığı ilə seçilib. Həmçinin “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar. İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu” təşkilat komitəsinin üzvü olub. O, 2 fevral 2018-ci ildə Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov tərəfindən Fəxri fərmanla təltif edilib.
Öz növbəsində, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) tədqiqatçı qismində fəaliyyət göstərib. 2013-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində nazirin köməkçi heyətinin üzvü olub. 2016-cı ilin noyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorunun köməkçisi vəzifəsinə təyin olunub.
Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir
Hazırda R.Rüstəmlinin rəhbərlik etdiyi YAP Səbail rayon təşkilatı Gənclər Birliyi gənclərin intellektual səviyyəsinin artırılması, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsənilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirir. Bunlardan ən önəmlisi Ulu Öndər Heydər Əliyevin irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, həmçinin Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlara, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətə həsr olunmuş ideoloji işlərin aparılması, gənclərin maarifləndirilməsi üçün həyata keçirilən layihələrdir. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından danışan həmsöhbətimiz bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur.
R.Rüstəmli bildirib ki, hər il 2 fevral - Gənclər Günü Azərbaycan gəncliyi tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir: “Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev 1997-ci ildə “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub”.
“Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn Fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur”, - deyən R.Rüstəmli əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və inamla baxmasına imkan verir.
Gəncliyin inkişafı istiqamətində ölkəmizdə mühüm layihələrin həyata keçirildiyini deyən R.Rüstəmli vurğulayıb ki, gənclərin sosial məsələlərinin həllinə diqqətin artırılması, gənclər üçün əmək birjalarının təşkil olunması, işsizliyin aradan qaldırılması üçün müxtəlif layihələrin gerçəkləşdirilməsi, gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, sağlam gənc nəslin yetişməsi üçün respublikada idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir: “Bütövlükdə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gəncliyin inkişafına yüksək diqqət göstərilir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində iştirak edir”.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31