Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölümündən 100 il sonra da insanları qarşı- qarşıya qoyan Lenin

Ölümündən 100 il sonra da insanları qarşı- qarşıya qoyan Lenin

25.01.2022 [11:21]

Rusiyada vətəndaş müharibəsi başlayacaqmı? 

 İlhamə Rəsulova

Bizim uşaqlığımız Lenini özümüzə baba bildiyimiz dövrlərə düşüb. Əlifbamız da o idi, ədəbiyyatımız da, tariximiz də.  Hər nə qədər uşaqlar, gənclər, orta nəsil kommunist ideyalarına böyük sevgi ilə yanaşsalar da,  yaşlı nəsil aram-aram bir-iki sözlə öz etirazlarını bildirərdi. Və yadıma gəlir, kəndimizin mollası İbrahimxəlil kişi hər moizəsində (o vaxtlar camaatın məscidə, namaza getməklə işi yox idi. Molla da kimsə öləndə yada düşürdü. Onun moizələri də mağazada, klubda 5-10 adamın toplaşdığı yerlərdə hərdənbir baş tuturdu)  deyirdi ki, Lenin camaatı Allahsız elədiyinə görə, onu yer götürmür, 100 il keçsə də, götürməyəcək.

 2 il sonra Leninin ölümündən 100 illiyidir və onu molla demiş, torpaq hələ də götürməyib. 2017-ci ildə Oktyabr Sosialist İnqilabının 100 illik il dönümündə Leninin cəsədinin basdırılması  mövzusu gündəmi zəbt etmişdi, bu mövzu cəmiyyəti iki cəbhəyə ayırmışdı. Kommunistlər və yeni ruslar arasında fikir ixtilafı yaşanmışdı. Leninin basdırılması ilə bağlı söz-söhbətlər yenidən aktivləşib. Oktyabr Sosialist İnqilabının lideri Vladimir İliç Lenin 1924-cü il yanvarın 21-də 53 yaşında vəfat edib. SSRİ-nin dağılmasından sonra media vaxtaşırı İliçin cəsədinin dəfn edilməsinin zəruriliyi ilə bağlı məsələ qaldırırdı, lakin siyasi sistemin dəyişməsinə baxmayaraq, hakimiyyət belə bir qərara tələsmirdi. İndi belə təkliflər ən çox Leninin anadan olmasının və ya ölümünün ildönümü ərəfəsində eşidilir.

Leninin adıyla gündəlik qayğılardan fikir yayındırmaq siyasəti?

“Lenin basdırılsın” təkliflərinə qarşı kommunistlər bu dəfə kəskin bəyanat veriblər: Lenin dəfn edilərsə, ölkədə vətəndaş müharibəsi başlaya bilər.

“Rusiya Kommunistləri” Partiyası Mərkəzi Komitəsi sədrinin birinci müavini Yaroslav Sidorov Leninin dəfni ilə bağlı təklifləri vətəndaş müharibəsinə çağırış kimi dəyərləndirib.

“Rusiya Kommunistləri” Partiyası bu cür bəyanatların qəti əleyhinədir. Biz bu cür şəxslərin təşəbbüslərini vətəndaş müharibəsinə açıq çağırış kimi qiymətləndiririk”, - deyə o bildirib.

Moskva Şəhər Dumasının deputatı, “Yabloko” partiyasının federal siyasi komitəsinin üzvü Sergey Mitroxin bir müddət əvvəl Vladimir Lenini dəfn etməyin vaxtı çatdığını demişdi. Mitroxinin fikrincə, Lenin “Rusiya üçün çox pislik edib” və hakimiyyətin qəsb edilməsinin simvoludur. Lenini qohumlarının yanında dəfn etmək lazımdır.

Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov Kreml divarının yaxınlığındakı xatirə qəbiristanlığının, o cümlədən İosif Stalinin və SSRİ-nin digər dövlət xadimlərinin məzarlarının götürülməsini, Vladimir Leninin cəsədinin isə məqbərədən çıxarılmasını təklif edib.

“Rusiya Kommunistləri” Partiyasının üzvü Kalaşnikov isə bildirib ki, hər dəfə xalqın diqqətini yayındırmaq lazım olanda Lenini dəfn etməyi təklif edirlər.

“Diqqəti pandemiyadan, Qərbdəki danışıqlardan, müharibədən, pul çatışmazlığından və başqa şeylərdən yayındırmaq lazım olan kimi dərhal belə söhbətlər başlayır. Biz bilirik ki, əhalinin 60 faizindən çoxu Leninin dəfninə qarşıdır. Amma xalqı mənasız söhbətlərin uçurumuna atmaq lazım deyil. Sadəcə insanları dövlətin üzləşdiyi daha ciddi problemlərin cəngindən qurtarmaq lazımdır. Əgər Lenini dəfn etsələr, kommunistlər ayağa qalxacaq”, - deyə Kalaşnikov bildirib.

Leninin cəsədi 100 il sonra da kilsə ilə kommunistləri üz-üzə qoyub

“Leninin cəsədini Qızıl Meydandan çıxarmaq üçün Rus Pravoslav Kilsəsinin nümayəndələri, hakimiyyət orqanları və digər mötəbər adamlar cəmiyyəti hazırlamalıdırlar. Qırmızı Meydanda yatan Lenin, Trotski, Sverdlov və s. kimi inqilabçıların vicdanında çoxlu sayda günahsız qurbanlar var, ona görə də onlara bir növ şərəfli yer verilməli olduğunu düşünmək düz deyil”. Bunu kilsənin adından baş keşiş Georgi Koçetkov dilə gətirib.

“Rusiya hökumətinin Leninin cəsədini Mavzoleydən götürmək planı yoxdur - başqa suallar və problemlər kifayət qədərdir. Tarixçilər, politoloqlar da əmindirlər ki, vaxt hələ çatmayıb”,- deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bir müddət öncə Putin də Leninə qarşı hər hansı bir mənfi duyğularının olmadığını dilə gətirmişdi.

Diplomat, politoloq və tarixçi Viktor Mizin qeyd edib ki, Rusiyada Kommunist Partiyası qadağan edilməyib və ölkə sakinlərinin çoxu solçu baxışları qəbul edir və Sovet İttifaqına can atırlar, kommunist ideallarına sadiqdirlər.

“Ona görə də hakimiyyətin Leninin dəfninə tələsməməsi müəyyən təlatüm yaratmamaq üçün öz mənasında müdrik qərardır. Leninin cəsədi artıq bir növ siyasi alətə çevrilib. İliçin dəfni məsələsi praktiki müstəviyə keçməyə başlayan kimi kommunistlərin, radikalların, millətçilərin nümayişləri başlayacaq. Tarixi fakt nə qədər uzaq olarsa, insanlar ona bir o qədər sakit yanaşırlar”,- deyə diplomat bildirib.

Sağlığında və öldükdən sonra insanları inqilaba çağıran Lenin

İnqilab liderinin cənazəsini xilas etmək ideyası ölkənin uzaq rayonlarından gələn zəhmətkeşlərə məxsus idi - onlar Leninlə ürəkdən vidalaşmaq istəyirdilər, lakin dəfn mərasiminə getməyə vaxtlarının olmayacaqlarını başa düşdülər. İosif Stalin də daxil olmaqla, bir çox hökumət üzvləri belə bir qərarın əleyhinə olsalar da, balzamlama ideyası yenə də qəbul edildi. İndi Leninin cəsədinin uzaq Kuril adalarında basdırılmasını təklif edənlər də var. Səbəb sadədir. İnsanların diqqətini Kurilə yönəltmək, yaponların Kurilə olan iddialarını zəiflətmək.

İosif Stalin vəfat edəndə onun cəsədini də mumiyalayıb Mavzoleyə qoymaq qərara alınıb. Bunun üçün məqbərənin fasadına qırmızı boya ilə iki ad - “Lenin, Stalin” yazılıb. Eyni zamanda, Sov.İKP MK-nın parlaq zehinləri dövlətin bütün görkəmli xadimlərinin də əbədiləşdirilməsini davam etdirmək ideyası ilə çıxış etdilər. Bunun üçün böyük panteon yaradılmalıydı. Lakin bu plan olaraq qaldı. Nikita Xruşşovun şəxsiyyətə pərəstişlə bağlı məlum məruzəsi hər şeyə son qoydu. Bir neçə il sonra Stalin sakitcə Mavzoleydən çıxarıldı, Kreml divarları yaxınlığındakı xatirə qəbiristanlığında yenidən dəfn edildi və panteon ideyası unuduldu.

Rusların mumiyası ilə misirlilərin mumiyası arasında fərq

Lenini “əbədiyaşar” saxlamaq üçün Biokimyaçı Boris Zbarski və anatom Vladimir Vorobyov uzunmüddətli balzamlama üsulunu təklif etdilər. Laboratoriya birbaşa ziyarətçilər üçün bağlı olan taxta məqbərədə yerləşdirildi. İliçin bədəninin qorunması üçün formalin, kalium asetat və qliserin qarışığı istifadə edildi.

Lakin sovet alimləri tərəfindən sınaqdan keçirilmiş qalıqların saxlanması üsulu daimi prosedurlar tələb edirdi. Yoxsa Leninin cəsədi çoxdan quruyub toza çevrilərdi. Buna görə də müharibə və təxliyələr zamanı da iş dayanmadı. Hərbi tarixçi Boris Yulin hesablayıb ki, təkcə 2017-ci ildə İliçin saxlanması dövlətə təxminən 17 milyon rubla başa gəlib.

Rus alimlərdən fərqli olaraq qədim misirlilər mumiyalamanın daha səmərəli üsulunu hələ 5000 il əvvəl kəşf etmişdilər. Leninin cəsədindən fərqli olaraq qədim mumiyalar heç bir xüsusi baxım tələb etmirdi. Aparılan son araşdırmalar zamanı məlum olub ki, qədim Misirdə ölüləri mumyalaşdırma praktikası fironlarının mumiyalaşdırmasından da əvvəl mövcud olub. Aparılan çoxlu sayda test və araşdırmalar nəticəsində qədim misirlilərin mumiyalaşdırma reseptini əldə etmək mümkün olub. Resept beləydi:

Bitki yağı - güman ki, bu, küncüt yağı olub,  “balzam-tipli” bitki və bitki kökünün çövhəri, ola bilsin ki, həmin bitki qamış olub, bitkidən alınan mum - bu, akasiya ağacından emal yolu ilə əldə edilən təbii şəkər ola bilər, küknar və ya şam ağacından alınan qətran yağla qətran qarışdırılanda qətrandakı antibakterial maddələr yağa çıxır, həmin yağ qarışığı bədənə sürtülərkən, bədən toxumalarını çürümədən qoruyur.

Mavzoleyin qarşısında hələ də Lenini görmək istəyən adamların növbələrini görmək olur. Dünya proletariatının liderini təkcə onun təliminin tərəfdarları və tərəfdarları deyil, həm də sadəcə insanlar görmək istəyirlər.  Əslində Leninin basdırılması böyük bir ideologiyanın basdırılması demək olardı. Bu isə görünür hələlik Rusiya hökumətinə lazım deyil. Bax, beləcə, Lenin ölümündən sonra da mübarizə aparmağa davam edir.

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31