Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İtkin düşmüş gənclər”, yaxud məsuliyyət hissini dərk etməyən media...  

“İtkin düşmüş gənclər”, yaxud məsuliyyət hissini dərk etməyən media...  

17.09.2022 [10:35]

Son zamanlar evdən qaçan, itkin düşən gənclərin, xüsusilə də qızların sayı artır. Araşdırmalara görə, evdən qaçma halları daha çox yeniyetmələr arasında baş verir. Bu, əsasən 15-20 yaşa təsadüf edir. Yetkinlik dövrünü yaşayan gənclər üçün ailələrin, cəmiyyətin, məktəbin qoyduğu qaydalar və təzyiqlər bəzən onların səbrini daşdırır və onlar bu qaydalardan can qurtarmaq üçün evdən qaçmağı bir həll kimi görürlər. Təbii ki, bu hadisələri bir növ alovlandıran məsələlərdən biri də itkin düşmə xəbərlərinin fərqli istiqamətlərdə tirajlanmasıdır. Xüsusilə yeniyetməlik dövründə olan övladlarımız bundan yalnış dərs çıxarırlar. İtkin düşdükdə fotosu tirajlanan, haqqında bəhs edilən adamların məşhurlaşdığını düşünərək eynisini təkrar etməyə meyillənirlər.

Gəncləri evdən qaçmağa nə vadar edir?

Psixoloq  Gülnar Orucovanın sözlərinə görə, evdəki təzyiqlər ən çox qızlara təsir edir: “Yəni qızlar çox zaman ailə daxilində olan təzyiqlərdən yorularaq evdən qaçırlar. Evdə mübahisələr, təzyiqlər qızlara daha çox tətbiq edilir, oğlanlar isə dostları ilə münasibətlər, evdən çıxma-evə qayıtma, qız dostları barəsində daha sərbəstdirlər”. Müsahibimiz hesab edir ki, bəzən uşaqlar evdən qaçaraq ailələrini cəzalandırdıqlarını düşünürlər: “Evdən qaçan gənc ailəsini cəzalandırmaq istəyi ilə yanaşı, ailəsindən xilas olmaq və öz həyatını istədiyi kimi yaşamaq niyyətində olur. Bu, bəzən yeniyetməyə çox baha başa gəlir. Gənclər çox zaman tanıdıqları, yaxın bildikləri dostlarının, rəfiqələrinin evinə qaçırlar. Bu da uzun sürmür. Ancaq bu qaçışlar zamanı cinsi istismar, cinsi münasibətlərlə bağlı filmlər və ya cinsi münasibətlərlə vaxtından tez tanış olma, maddə istifadəsi baş verərsə, bu, yeniyetmədə fiziki və psixoloji ciddi ziyanlara səbəb olur”.

Psixoloqun dediyinə görə, evdən qaçmaq ailə üçün bir siqnal olmalıdır: “Evdən qaçma geri dönmə ilə nəticələnsə belə, bu vəziyyət ailə üçün əhəmiyyətli bir siqnaldır. Yetkinin yenidən evdən qaçmaması üçün nələr edilməsi lazım olduğu, üzərində dayanılması lazım olan ən əhəmiyyətli hissədir. Yeniyetmədə psixiatrik bir problemin olub-olmadığının araşdırılması, varsa, müalicəsi, bu tip evdən qaçma davranışlarının bitməsi üçün əhəmiyyətlidir. Ailə bu mövzuda bir mütəxəssisdən dəstək almalıdır. Ailədaxili ünsiyyəti gücləndirmək, sevgini hiss etdirmək, yeniyetməni mühakimə etmədən dinləmək, sərhədləri və qaydaları təyin edərkən bunların səbəblərini öyüd-nəsihət vermədən, həqiqi və yetkinin də anlaya biləcəyi dillə izah etmək lazımdır. Qeyd etdiyim kimi evdən qaçma ancaq yeniyetməlik dövründə baş verir. Gənc zehnində yaratdığı bir macəraya çatmaq üçün evdən qaçmağa can atır. Hər macəra, naməlumluqlarla doludur. Bu səbəbdən evdən qaçan uşaq çöldə başına nə gələcəyini, hansı problemlərdən keçəcəyini hesablaya bilməz. İkincisi, unutmamaq lazımdır ki, evini tərk edən hər uşaq gündəlik həyatında xəyal qırıqlığı yaşamış yaralı bir varlıqdır - anlayışsız, sevgisini göstərməyən, həddindən artıq cəzalar verən ana-atanın əsəridir. Yaşadığı real dünya dözülməz hala gələn uşaq, xəyalını qurduğu aləminə dalaraq təhlükələrə yelkən açır. Beləcə, özünü nəfəs ala biləcəyi mühitə apardığını düşünür. Halbuki yanıldığını tez bir zamanda anlayır. Dönə bilsə, evinə qayıdır, bilməsə, küçələrə düşür”.

İtkin düşmə ilə bağlı xəbərlər mediada düzgün işıqlandırılır?

Gənclərin itkin düşməsi ilə bağlı xəbərlər xüsusilə xəbər portallarında həddindən artıq və düzgün olmayan şəkildə işıqlandırılır. Bəzən bu hallar xəbər qıtlığından,  bəzən də bilərəkdən baş verir. Hər ötən gün bu sahədə xüsusi tənzimləmələrə ehtiyac hiss olunur.

Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, mediada etik qaydalar baxımından müəyyən tənzimləmələr var: “Bu tənzimləmələrin ən ciddisi intihar xəbərləri ilə bağlıdır. Bu tip xəbərləri yayarkən onun əks - effektinin olmamasına diqqət göstərmək lazımdır. Buna fikir vermədikdə insanlar həmin xəbərlərə yönəlirlər. İtkin düşmə xəbərləri həmin adamların tapılması baxımından əhəmiyyət kəsb edir. Buna görə xəbərlərin yayımlanmamasından söhbət gedə bilməz. Çünki burada maarifləndirilmə və informasiya verilməsi öhdəliyi var. Ancaq xəbərlər çərçivəli şəkildə dərc oluna bilər”.

Məsələnin mediada düzgün işıqlandırılması ilə bağlı fikirləri ölkənin bir neçə qəzetlərinin baş redaktorlarından öyrəndik:

525-ci qəzetin baş redaktoru Rəşad Məcid bildirib ki, bu, etik kodekslərlə tənzimlənən məsələlərdir: “Təəssüf ki, bu gün jurnalist adına iddia edən həm saytlar, həm də sosial şəbəkələrdə olan bəzi adamlar var ki, onlar məsuliyyət hissini dərk etmirlər. Buna görə də etik qaydalara sığmayan, jurnalistikanın təməl prinsiplərini pozan addımlar atırlar. Bu cür hərəkətləri bəzən bilməyərəkdən, bəzən də bilərəkdən edirlər. Buna qarşı ictimai qınaq olmalıdır və Mətbuat Şurası bu məsələlərdə fəallıq göstərməlidir. Etika kodeksindən kənara çıxan şəxslərə bu prinsiplər izah olunmalıdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, peşəkar media orqanları ilə yanaşı, sosial media şəbəkələri də bu informasiyaları tirajlayır: “Biz dəyərlərə və psixoloji mühitə uyğun olaraq informasiyaların yayımını tənzimləyə bilirik. Ancaq sosial media platformalarında bunu etmək o qədər də asan olmur. Sosial media bu mənada çirkin oyunların vasitəçisidir. Bu cür xəbərlərin yanlış istiqamətdə yayımlanmasının qarşısını almaq çox çətin bir məsələdir. Düşünürəm ki, ağsaqqallar, cəmiyyəti öz arxasıyca apara biləcək adamlar maarifçilik işi aparmalıdır ki, bunun qarşısı nisbətən alınsın. Gənclərin elə bir yaş dönəmi olur ki, onlar şöhrətlənmək, tanınmaq istəyirlər. Bunun qarşısının alınmasında ailələr də öhdəlik götürməlidir. Ancaq ümumilikdə bu tip xəbərlərin əks-effektinin qarşısının alınması üçün aidiyyəti qurumlar birləşib addım atmalıdır”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay qeyd edib ki, bu cür təhrikedici xəbərləri yayan jurnalistlərin əksəriyyətinin psixologiyasında problem var: “Xəbər adı ilə bu cür məlumatları yayımlamaq bir növ bu məsələləri yaymaqdır. Hər insanın psixologiyası eyni olmur, bəziləri bunun yaxşı bir addım olduğunu düşünərək evdən qaçmaq qərarına gəlirlər. Ona görə də xəbərləri tirajlayanda nəticələrini də göz önünə gətirmək lazımdır”.

G.QABİLQIZI

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31