Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / AZƏRBAYCAN İQTİSADİYYATINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ

AZƏRBAYCAN İQTİSADİYYATINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ

23.04.2013 [16:35]

Azərbaycan tarixinin son yarım əsrlik dövründə, çağdaş inkişafımızın istənilən prizmadan qiymətləndirilməsi, xalqımızın Ümummilli lideri - Böyük Azərbaycanlı Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə almadan mümkün deyildir. Məhz bu baxımdan, Ulu öndərin iqtisadi inkişafımızın təmin edilməsindəki rolunun hərtərəfli qiymətləndirilməsi bütün dövrlərdə iqtisad elminin xüsusi tədqiqat obyekti olaraq qalacaqdır. Ulu öndərin iqtisadi idarəetmə sahəsindəki böyük irsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan elmi cəhətdən qiymətləndirilməlidir. İnzibati-amirlik prinsipinə, mərkəzləşdirilmiş planlı idarəetmə və heterogen inkişaf səviyyələrinə malik olan böyük imperiyanın kiçik ərazisi olan Sovet Azərbaycanının iqtisadiyyatında, ötən əsrin 70-ci illərində aparılan formaca konspirativ, mahiyyətcə sistemli və radikal yenidənqurma fəaliyyəti, çoxcəhətli və strateji əhəmiyyətli tədbirlər olmaqla yanaşı, yüksək elmi əsaslara malik olmuşdur.
Sovet idarəçilik və təsərrüfatçılıq sistemi çərçivəsində, SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycanın rəhbəri seçildikdən sonra Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin mühüm istiqamətini respublika iqtisadiyyatının dirçəldilməsi problemləri təşkil etmişdir. Bu çoxşaxəli və strateji xarakterli fəaliyyətin əsas istiqamətlərini və sosial-siyasi nəticələrini, əldə olunmuş statistik parametrlərə toxunmayaraq, qısaca olaraq aşağıdakı kimi ifadə edə bilərik:
* İqtisadiyyatın real sektorunun mühüm fəaliyyət istiqamətlərinin, o cümlədən, kənd təsərrüfatı və sənayenin mövcud sahələrinin məhsuldarlığının artırılması və coğrafi yerləşdirilməsinin ardıcıl olaraq təkmilləşdirilməsi nəticəsində respublika ərazisinin mövcud istehsal sahələri daxilində düzgün ixtisaslaşmasına və məhsuldarlığın, səmərəliliyin nisbi artımına nail olunmuşdur.
* Sənaye sahələrinin coğrafiyasını genişləndirməklə, yeni sənaye rayonlarının formalaşdırılması və daha vacibi, emal dərinliyi yüksək olan sənaye sahələrinin, o cümlədən, elektrotexnika, elektronika, məişət texnikası, hərbi sənaye və s. sahələrin yaradılması və inkişafı təmin edilmiş, bütövlükdə iqtisadiyyatın yeni dəyər yaratması potensialı əsaslı şəkildə genişləndirilmişdir.
* İqtisadi inkişafın nəticəliliyi və səmərəliliyinin artırılmasında ənənəvi olmayan, bütün dünyada həlledici amillərdən birinin - işçi qüvvəsinin maddi və mənəvi stimullaşdırılması olduğunu dərk edərək, ilk dəfə olaraq Azərbaycan əməkçisinin maddi güzəranının yaxşılaşdırılması, onların gəlirlərinin artırılması, dövlətin ən ali mükafatlarına təqdim edilməsi, seçkili dövlət idarəetmə orqanlarında fəal iştirakının təmin edilməsi və bütövlükdə sadə əməkçilərin cəmiyyətin elitar təbəqəsinə daxil olmasının mümkünlüyünün təcrübədə təsbit edilməsi, iqtisadi fəaliyyətin cəmiyyətin və dövlətçiliyin bazisi olması ideyasını təsdiqləmiş oldu.
* Ulu öndər Heydər Əliyevin həmin dövrdəki mühüm xidmətlərindən biri də iqtisadi idarəetmədə yeni yanaşmanın formalaşdırılması hesab edilməlidir. Buraya, respublika rəhbərliyinin mütəmadi olaraq, hətta ən ucqar ərazilərdə yerləşən əkin sahələri və sənaye müəssisələri ilə yerində tanış olması, mövcud problemlərin aşkarlıq şəraitində kollegial həllinin axtarılması, elm, mədəniyyət və incəsənət xadimlərinin bilavasitə sadə əməkçilərlə iş yerində görüşlərinin təşkili və s. kimi addımlarla əməyin yeni mənəvi stimullaşdırılma sisteminin formalaşdırılması aid edilə bilər.
SSRİ dövründə Heydər Əliyevin respublikaya rəhbərliyinin iqtisadiyyatda yaratdığı nəticələrin sadalanan sayını çoxaltmaq və genişləndirmək mümkündür. Lakin, eyni zamanda, təəssüflə qeyd etməyi vacib hesab edirik ki, 1969-1982-ci illərdə iqtisadiyyatımızın artıq formalaşdırılmış, fəaliyyətdə olan işlək mexanizmli sistemi, qısa bir müddət ərzində, 1987-1993-ci illərdə diletant idarəçiliyin nəticəsində əsaslı deqradasiyaya məruz qaldı. Ona görə də, ölkəmizdə dövlət müstəqilliyinin yenidən bərpası dərin iqtisadi tənəzzüllə eyni vaxta təsadüf etdi. Bu baxımdan ötən dövrdə ölkə iqtisadiyyatının ümumi inkişafının qiymətləndirilməsində iqtisadi sistemin formalaşması ilə yanaşı, böhranla mübarizə və transformasiya faktorunun rolu istinad nöqtəsi hesab oluna bilər. Belə ki, bu illərdə Azərbaycanda aparılan iqtisadi siyasətin ən mühüm xüsusiyyəti inkişafın əsaslı islahatlar şəraitində təmin olunmasıdır.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə (1991-1993) iqtisadi idarəetmədə islahat xarakterli bəzi tədbirlərin aparılmasına cəhd edilsə də, bütövlükdə sistemli və ardıcıl siyasətdən əsər-əlamət yox idi. Əslində, dövlətin məqsəd və strateji hədəflərini ifadə edən konseptual, ideoloji baxışlar mövcud deyildi.
Müstəqil Azərbaycan dövlətinin inkişaf və transformasiya hədəfləri ilk dəfə 1993-cü ilin iyun ayının 15-də, xalqın təkidi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş Heydər Əliyevin parlamentin tribunasındakı ilk çıxışında bəyan olunmuşdur: “Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”.
Ulu öndər haqlı olaraq qeyd edirdi ki, “İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat - bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən ibarətdir”.
Ulu öndərin bu sözləri müasir Azərbaycanın çağdaş iqtisadi inkişaf strategiyasında sistemli transformasiyanın başlanğıcı hesab edilməlidir. Ulu öndər çıxışında, “İstədiyimiz məqsədlərə çatmaq üçün vəzifə iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaqdan və bu islahatlar vasitəsilə Azərbaycanın mövcud iqtisadiyyatını sərbəst iqtisadiyyat prinsipləri əsasında irəlilətməkdən ibarətdir” deməklə, faktiki olaraq, islahatların istiqamətini göstərirdi və xüsusi qeyd edirdi ki, “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşmasına yönəltməliyik”.
Heydər Əliyevin inkişaf strategiyası, dərin elmi məntiq üzərində qurulsa da, O, dahiyanə tərzdə dünya təcrübəsinin dərslərindən müdrik nəticələr çıxararaq qeyd edirdi ki, “Azərbaycanda iqtisadi islahatlar ideologiyaya əsasən deyil, real həyat həqiqətlərinə uyğun aparılacaq”.
Heydər Əliyevin iqtisadi islahatların həyata keçirilməsinə baxışlarını səciyyələndirən ən mühüm cəhət - islahatların gerçəkləşdirilməsinin öncül istiqamətlərinin düzgün və məntiqli ardıcıllıqla seçilməsindən ibarət olmuşdur.
Təcrübəli dövlət xadimi kimi Heydər Əliyev 1993-cü ilin yayında, çox ağır sosial-siyasi və hərbi şəraitdə belə, iqtisadiyyatda ciddi addımlar atılmasının zərurətini aydın görürdü. Məhz bu yanaşmadan çağdaş Azərbaycanın iqtisadi sisteminin yenidən qurulması baxımından islahatların ilk vacib addımı, milli valyutanın ölkə ərazisində yeganə ödəniş vasitəsi elan olunması hesab edilir. Ulu öndər Heydər Əliyevin bu qərarı ilə, əslində ilk dəfə, ölkənin bütöv iqtisadi məkanının yaradılmasına başlandı.
Heydər Əliyev Azərbaycan Prezidenti kimi, iqtisadi tənəzzülün qarşısının alınması və dirçəlişin təmin olunması üçün ciddi səylər göstərirdi. Ona görə də, dünyanın iqtisadi inkişafında baş verən proseslər və ölkəmizin həmin dövrlərdəki ağır vəziyyəti nəzərə alınaraq, iqtisadi dirçəlişin təmin edilməsi üçün xarici investisiyaların cəlbi prioritet vəzifə kimi qarşıya qoyuldu. Müdrik rəhbərin ardıcıl səyləri və qətiyyəti sayəsində çox qısa zamanda Azərbaycana böyük həcmdə investisiya qoyulması barədə çoxtərəfli sazişlər imzalandı. Beləliklə, Azərbaycanda daxili siyasi sabitliyin təsdiqi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində sıçrayış baş verdi. Fərəhlə qeyd etmək vacibdir ki, ötən 20 ilin nəticələri bu qərarın dahiyanə düşüncənin və böyük siyasi iradənin nəticəsi olmasını və fövqəladə əhəmiyyətliliyini təsdiq etdi.
Həmin dövrün üçüncü ən mühüm hadisəsi, ictimai-siyasi həyatımızda, o cümlədən, iqtisadi sistemdə yeni eranın bünövrəsini qoyan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu oldu. Məhz yeni Konstitusiya demokratik dəyərlərə əsaslanan liberal bazar iqtisadiyyatının qurulmasının legitimliyini təsdiq etdi. Xüsusi mülkiyyətin, azad sahibkarlığın, yeni torpaq münasibətlərinin, dünya iqtisadiyyatına inteqrasiyanın hüquqi əsasları təsbit edildi və dövlətin idarə edilməsində müstəsna əhəmiyyəti olan hakimiyyətin bölgüsü baş verdi. Bütün bunlar Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların məhz 1995-ci ildən başlandığını söyləməyə tam əsas verir.
Bazar iqtisadiyyatına, liberal və demokratik dəyərlərə əsaslanan iqtisadiyyata keçid dövrünü yaşayan ölkəmizin ötən dövrdəki sosial-iqtisadi inkişaf yolu da kifayət qədər hamar olmamışdır. Bütövlükdə, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının islahatlaşdırılması və inkişafında xidmətlərini aşağıdakılarla ifadə etmək olar:
- dövlət müstəqilliyi şəraitində iqtisadi sistemin yaradılması və inkişafı strategiyasının əsas prinsiplərinin müəyyənləşdirilməsi;
- Azərbaycanın iqtisadi islahatlar modelində əsas aparıcı həlqələrin müəyyənləşdirilməsi;
- iqtisadi islahatlar vasitəsi ilə yeni iqtisadi-istehsal strukturunun formalaşdırılmasının mühüm məqam kimi dəyərləndirilməsi;
- iqtisadi idarəetmədə dövlətin rolunun müəyyənləşdirilməsində abstrakt nəzəriyyələr və xarici təcrübədən daha çox milli iqtisadi təfəkkürə önəm verilməsi;
- neft gəlirlərindən istifadənin gələcəyə istiqamətlənmiş strategiyasının formalaşdırılması;
- beynəlxalq iqtisadi inteqrasiyada çoxqütblük modelinə önəm verilməsi;
- iqtisadi inkişaf layihələrinin ölkənin qlobal maraqlarına istiqamətləndirilməsi;
- dövlətin iqtisadi idarəetmə funksiyalarının aşkarlıqla həyata keçirilməsi vasitəsilə dövlət siyasətinin geniş əhali tərəfindən dəstəklənməsinin təmin edilməsi.
Qeyd olunanlar və qeyri-iqtisadi xarakterli kənar təsirlərin fonunda əldə olunmuş fenomenal nəticələr sübut edir ki, Heydər Əliyevin bilavasitə dövlət rəhbəri kimi formalaşdırdığı milli iqtisadi inkişaf strategiyası əslində, elmi əsaslara söykənən, strateji milli maraqlara xidmət edən, demokratik dəyərlərə malik və dünyaya açıq, sosialyönümlü iqtisadi inkişaf modelinə çevrilmişdir.
Azərbaycanın iqtisadi inkişafının xüsusi model kimi identifikasiyası bir neçə məqamla şərtlənir. Birinci, çox ağır geoiqtisadi fonda iqtisadi inkişafın bərpa edilməsidir;
İkinci, iqtisadi inkişafın təmin edilməsində Azərbaycanın istifadə etdiyi alət və vasitələrdir;
Üçüncü, iqtisadi inkişafın daxili mənbələrinin düzgün istifadəsi strategiyalarından ibarətdir.
Azərbaycan modelinin daha mühüm bir dominantı dövlətin iqtisadi inkişaf və iqtisadi idarəetmədə rolu ilə bağlıdır. Ölkədə ümumdaxili məhsulun istehsalında özəl sektorun payının 85 faizə çatmasına baxmayaraq, dövlətin iqtisadi fəaliyyətdə tənzimləyici təsiri yetərincə güclüdür. Bu, dövlət vəsaitlərinin məqsədəuyğun və diversifikasiyanı təmin edən şaxələndirilmiş istifadəsi metodu vasitəsilə daxili bazarın aktivliyinin qorunmasında əks olunur.
Sonuncu məqam, 5 ilə yaxın tüğyan edən böhran və tənəzzül dalğaları fonunda Azərbaycanda davam edən dayanıqlı sosial-iqtisadi inkişafda özünü göstərir. Belə ki, milli inkişaf modelinin daha bir özəlliyi dövlətin iqtisadi siyasətinin inkişafın davamlılığı, dayanıqlılığı və tarazlığına hədəflənməsi hesab edilməlidir. Bu iqtisadi siyasətdə populyar tədbirlərə yox, real nəticəyə, qısa deyil, uzunmüddətli məqsədlərə üstünlük verilməsi və dövlətin iqtisadi fəaliyyətinin qiymətləndirilməsinə heç də həmişə marjinal meyarlarla yanaşılmamasında ifadə edilir. Bu məqam ölkə miqyasında infrastrukturun əsaslı modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişafının ciddi dəstəklənməsi, məcburi köçkünlərin, şəhid və əlil ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlərin həyata keçirilməsində bariz şəkildə ifadə olunur.
Azərbaycan modelinin növbəti mühüm bir məziyyəti də milli iqtisadi sistemin dünya təsərrüfat sisteminə inteqrasiyasının özünəməxsusluğu ilə şərtlənir. İqtisadiyyatın açıqlıq səviyyəsi yetərincə yüksəkdir, lakin milli iqtisadi sistem arzuolunmaz kənar təsirlərdən çevik və güclü qorunma mexanizminə malikdir. Beynəlxalq maliyyə böhranı şəraitində Mərkəzi Bankın daha çox daxili mənbələrə əsaslanması faktı, yəni bank sistemimizin bir çox ölkələrdən fərqli olaraq, şirnikləndirici əcnəbi mənşəli böyük vəsaitlərin cəlbinə ənənəvi olaraq önəm verməməsi ölkəni ciddi itkilərdən qorudu. Mərkəzi Bank tərəfindən kommersiya banklarına hərtərəfli yardım siyasətinin həyata keçirilməsi isə beynəlxalq böhranın təsirlərinə qarşı səmərəli kompensasiya effektini əldə etməyə imkan verdi.
Digər tərəfdən, hökumət böhran şəraitində bir çox ölkələrdən fərqli olaraq daxili bazarın aktivliyinin qorunması üçün büdcə vəsaitlərinin istifadəsində ciddi qənaətlərə yol vermədi. Eyni zamanda, xarici iqtisadi əlaqələrimizin bütövlükdə şaxələndirilmiş xarakterini də vurğulamaq vacibdir. İki və çoxtərəfli dövlətlərarası ticarət-iqtisadi əməkdaşlıq müqavilələri, inteqrasiya birliklərində məqsədyönlü fəaliyyət, nəqliyyat-tranzit əlaqələrinin bir-birini tamamlayan çoxelementli və çoxmarşrutlu sistemi və s. ölkədə inkişafın dayanıqlığına müsbət təsir göstərmişdir.
Beləliklə, tam əminliklə vurğulamaq olar ki, Ulu öndər Heydər Əliyevin formalaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli, elmi əsaslara söykənən, milli maraqlara xidmət edən, demokratik dəyərlərə malik, dünyaya açıq, sosialyönümlü iqtisadi inkişaf modelidir
Son 10 ildə Azərbaycan iqtisadiyyatı özünün inkişaf xüsusiyyətlərinə görə dünyanın lider ölkəsinə çevrilməklə bərabər, tamamilə yeni istiqamət almışdır. Bu özünü ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi ölkəmizin “stabillikdən inkişafa doğru” tərəqqi strategiyasının məntiqi nəticəsi hesab olunmalıdır.
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında, Azərbaycanın iqtisadi yüksəlişi və həyata keçirilən sistemli iqtisadi islahatlar mütəmadi olaraq öz yüksək qiymətini almışdır. 2008-ci ilin yekunlarına əsasən, ölkəmiz dünyada “Lider - reformator “ ölkə elan edilmişdir. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 34 pillə irəliləyərək, 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir. Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri digər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2012-ci il üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci olmuşdur. “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə yüksəltmiş, “Fitch Ratings” Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir. Ölkəmizin yüksək rəqabət qabiliyyətliliyini təmin edən əsas amil makroiqtisadi şəraitdir. Bu indeksin müəyyən olunmasında istifadə olunan “hökumətin büdcə balansı” subindeksinə görə Azərbaycan 5-ci, “məcmu əmanət norması “subindeksinə görə 8-ci, “dövlət borcu” subindeksinə görə isə 12 -ci yeri tutur və dünyanın bir çox inkişaf etmiş ölkələrini üstələyir.
Azərbaycanın son illərdəki inkişaf xronikasının qısa icmalı, müstəqillik dövründə ölkəmizdə aparılmış uğurlu iqtisadi siyasətin düzgünlüyü və nəticəliliyini ifadə edir, eyni zamanda, stabillikdən tərəqqiyə doğru yolda, möhtərəm Prezidentimizin dediyi kimi “... bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini tapacaqdır”.
Əlbəttə, möhtərəm Prezidentin çox dəqiq və obyektiv qiymətləndirməsi mahiyyət etibarı ilə dövlətin iqtisadi inkişaf göstəricilərinə olan səmimi münasibətini dolğun əks etdirir. İqtisadi inkişafda çağdaş durumun dəyərləndirilməsində qiymətləndirmə və müqayisələrlə yanaşı, milli maraqların qorunmasına önəm verilməsi diqqət çəkən məqamdır. Çağdaş Azərbaycanın iqtisadi inkişafında müşahidə edilən mühüm özəllik inkişaf məqsədlərinin ardıcıllığının düzgün müəyyənləşdirilməsidir. Ölkədə investisiya qoyuluşlarının maliyyələşdirilməsində dövlətin rolu artmaqdadır. Belə ki, 2013-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarının 54,1 faizinin dövlətin payına düşəcəyi proqnozlaşdırılır.
Aparılmış hesablamalar göstərir ki, dövlətin həm istehlak, həm də investisiya xərcləri baxımından iqtisadiyyatda rolu böyükdür. Daxili tələbin dövlət büdcəsi xərcləri hesabına artması qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Son illərdə dövlətin özəl sektorun maliyyələşdirilməsində rolu artmışdır. 2004-2013-cü illərdə özəl sahibkarlığın inkişafı məqsədilə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılmış vəsaitlərin həcmi 1060,8 milyon manat olmuşdur. Son illər respublikamızda sosial təyinatlı xərclərin həcmində davamlı artım müşahidə edilməkdədir və dövlət büdcəsi xərclərinin əsas prioritetləri sırasında sosial xərclərin üstünlük təşkil etməsi, sosial islahatların dövlət tərəfindən dəstəklənməsi, sosial proqramların maliyyə təminatının gücləndirilməsi və təkmilləşdirilməsi məsələləri önəmli yer almışdır. Bunlar onu deməyə əsas verir ki, dünya iqtisadiyyatının təzadlı inkişafı şəraitində Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafı templərini qoruyub saxlamaqla yanaşı, iqtisadi imkanların genişlənməsi və potensialın daha da gücləndirilməsi və artırılması, ölkənin sosial təhlükəsizliyinin təmin olunması istiqamətində səfərbərliyə alınması, sosial xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, onların unvanlılığının və səmərəliliyinin artırılması istiqamətində ciddi addımlar atılır.
Regional inkişaf məsələləri hökumətin iqtisadi siyasətində 2003-cü ildən başlayaraq əsas dominantlardan birinə çevrilmişdir. Bu müddətdə bir neçə Dövlət Proqramı və ayrı-ayrı regionların inkişafı üzrə tədbirlər toplusu hazırlanaraq həyata keçirilmişdir. Regional inkişaf ölkə Prezidentinin daim qayğısı və diqqəti mərkəzindədir. Prezidentin regionlara mütəmadi səfərləri və bu səfərlərin bilavasitə yekunları kimi regionlarda hələ həllini tapmamış problemlər üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlərin böyük səxavətlə ayrılması təcrübəsi dünya miqyasında fenomenal yanaşma hesab edilə bilər.
Fikrimizcə, 2013-cü il iqtisadi siyasətimizin uğurlarının davam etdirilməsi və sosial-iqtisadi inkişafının yeni çağırışları baxımından mühüm mərhələ olacaqdır. Belə çağırışlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hazırlanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında verilmişdir.
Konsepsiyada göstərildiyi kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Konsepsiyada müasir dünyada sosial-iqtisadi inkişafın yeni çağırışları fonunda milli inkişaf hədəflərimz aşağıdakılar kimi bir daha dəqiqləşdirilir:
* Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə fəallaşması ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovasiyaların yaranması və onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qloballaşmanın “müsbət yüklü” effektidir və ölkələrin innovasiyalar sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir.
* Növbəti illərdə dünya üzrə ticarətin istehsala nəzərən daha yüksək sürətlə artacağı, qloballaşma ilə birlikdə regional inteqrasiyanın da genişlənəcəyi gözlənilir. Beynəlxalq ticarət, rəqabət, intellektual mülkiyyət və ətraf mühitlə bağlı yeni standartların müəyyənləşəcəyi və bu istiqamətdə beynəlxalq təşkilatların rolunun güclənəcəyi ehtimal olunur.
* İnkişaf etməkdə olan ölkələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqayisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruridir. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçid və insan kapitalının adekvat inkişafının ön plana çəkilməsidir.
* Dünya iqtisadiyyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi, regional iqtisadi ittifaqların rolunun güclənməsi Azərbaycan üçün xarici iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır.
Əlbəttə, ötən 20 il ərzində milli dövlətçiliyimizin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi sahəsində görülən işlər sübut edir ki, biz bu çağırışlara layiqincə cavab vermək iqtidarındayıq. Böyük Azərbaycanlı Ulu öndərimizin dediyi kimi “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim hər gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir”.
Şəmsəddin HACIYEV
Milli Məclisin komitə sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Paylaş
Baxılıb: 986 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31