Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qarabağ türk dünyasının əbədi birliyinin rəmzinə çevriləcək

Qarabağ türk dünyasının əbədi birliyinin rəmzinə çevriləcək

08.07.2024 [11:39]

Tarixi Zəfərimiz bütün sahələrdə, o cümlədən xarici siyasətdə mühüm yeniliklərə yol açdı. Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Günümüzün reallıqları bunun təsdiqidir. Belə ki, iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirildi. Qazaxıstan Prezidentinin dəvəti ilə dövlət başçısı İlham Əliyevin Zirvə görüşündə iştirakı və çıxışı ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Qeyd edək ki, cənab İlham Əliyev birinci dəfə 2022-ci ildə Özbəkistan Prezidentinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Zirvə görüşündə iştirak etmişdi.

Prezident İlham Əliyev Astanada "ŞƏT plyus" formatında keçirilmiş görüşdəki çıxışında ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa olunmasını  xüsusi vurğuladı və bildirdi ki, bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Bugünümüzün əsas müzakirə mövzusunun Azərbaycanın noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyi olduğunu nəzərə alsaq keçirilən hər bir tədbirdə cənab İlham Əliyevin əsas diqqət yönəltdiyi məsələlərdən biri məhz bu olur. Astana Zirvə görüşündə də bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq kontekstində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinin önəmi qeyd olundu. Cənab İlham Əliyev bildirdi: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.”

Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib: “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.”

Görüşdə o da vurğulandı ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsi, Gənclər Təşkilatı təsis edildi, habelə Qadın Platformasının da əsası qoyuldu.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun həyata keçirilən layihələrin də  xüsusi  rolu var. Belə ki, fondun təşkilatçılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan Mədəniyyəti Günü, 2021-ci ildə isə  görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qərargahda Nizami Gəncəvinin büstü də qoyulub. Qeyd edək ki, Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Bu da təşkilatın Azərbaycana verdiyi dəyərin, ölkəmizlə ən müxtəlif müstəvilərdə, o cümlədən mədəniyyət diplomatiyası işığında əlaqələrin inkişafına yüksək marağının daha bir göstəricisidir. Bu baxımdan, Astana Zirvə görüşü Azərbaycanın bu təşkilatla əməkdaşlığını yeni səviyyəyə yüksəltməklə gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır.  Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür.

Hazırda Şuşa Zirvə görüşü də müzakirə olunan mövzular sırasındadır. Türk dövlətlərinin Şuşada bir araya gələrək gələcək hədəfləri müəyyənləşdirmələri, mühüm qərarları qəbul etmələri, ən əsası Qarabağ Bəyannaməsini imzalamaları qürurverici məqamlardır. Tarixi Zəfərimizdən sonra türkdilli ölkələrin dövlət başçılarının işğaldan azad edilmiş ərazilərə müxtəlif vaxtlarda səfərləri olub. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqama diqqət yönəldərək bildirdi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər: “Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm.”

Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən geniş bəhs etməsin. Zirvə görüşündə də bir daha bu reallıqlardan bəhs etdi və vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir: “Sərəncamımla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.”

Qeyd etdiyimiz kimi, Şuşa Zirvə görüşünün əsas mahiyyətini, qarşıda dayanan hədəfləri özündə ehtiva edən Qarabağ Bəyannaməsi də Şuşada imzalandı. Türk dövlətlərinin liderləri belə bir əminliyi ifadə etdilər ki, birgə səylərimiz nəticəsində  bənzərsiz Şuşanın  nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31