Dünya dəyişiklik istəyir, yoxsa köhnə siyasi mübarizə yeni adlarla davam edir?
Bu ilin seçkiləri bir-birindən uzaq ölkələrdə keçirilsə də, onların hamısında oxşar bir mənzərə görünür: insanlar hakimiyyətdən daha çox cavab, daha çox təhlükəsizlik, daha yaxşı yaşayış və gələcəyə inam tələb edirlər. Braziliyada Lula da Silva yenidən prezident seçildi, Macarıstanda Viktor Orbanın 16 illik hakimiyyəti başa çatdı, Serbiyada tələbələrin yaratdığı siyasi hərəkat parlament seçkilərində böyük qələbə qazandı. İsraildə isə seçki hökumət qurmaq üçün yeni və çətin danışıqlar dövrü açdı. Almaniyada regional seçkilər sağçı AfD-nin gücləndiyini göstərdi. İsveçdə parlament seçkisi siyasi qüvvələr arasındakı tarazlığı dəyişdi. Bolqarıstanda isə prezident seçkisinin birinci turundan sonra seçicilərin böyük hissəsinin səsverməyə qatılmaması ölkədəki siyasi yorğunluğu bir daha üzə çıxardı.
Bu hadisələri ayrı-ayrı ölkələrin daxili işi kimi qəbul etmək olar, ancaq məsələ bununla bitmir. Ümumən seçkilər Avropa İttifaqının gələcəyinə, Ukrayna müharibəsinə baxışa, ABŞ-la münasibətlərə, Yaxın Şərqdəki vəziyyətə və qlobal siyasi qüvvələr balansına təsir göstərə bilər.
Braziliya, Macarıstan və Serbiya: seçici köhnə siyasi elitalara nə mesaj verir?
Braziliyada 25 oktyabr prezident seçkisinin ikinci turunda 80 yaşlı Luiz İnasio Lula da Silva yenidən dövlət başçısı seçildi. O, 64 milyon 256 min 232 səs, yəni etibarlı səslərin 51,79 faizini topladı. Rəqibi, sabiq prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro isə 48,21 faiz səs qazandı. Fərq cəmi 4,4 milyon səs oldu. İlk turda Flavio Bolsonaro öndə olsa da, ikinci turda Lula üstünlüyü ələ aldı. Bu nəticə Braziliya cəmiyyətində iki böyük siyasi düşərgənin hələ də üz-üzə dayandığını göstərir. Bir tərəfdə sosial proqramları, yoxsulluqla mübarizəni və dövlətin iqtisadiyyatda fəal rolunu müdafiə edən Lula, digər tərəfdə atasının siyasi xəttini davam etdirmək istəyən Flavio Bolsonaro vardı. Seçki kampaniyası təkcə iqtisadiyyat ətrafında aparılmırdı; ölkənin hansı siyasi istiqamətdə inkişaf edəcəyindən, sosial bərabərliyin necə təmin olunacağından, ABŞ və Çinlə münasibətlərin hansı xətt üzrə qurulacağından da söhbət gedirdi.
Lula üçün bu qələbə böyük siyasi dönüşdür. O, 2003-2010-cu illərdə iki dəfə prezident olub, 2023-cü ildə yenidən hakimiyyətə qayıdıb, indisə dördüncü prezidentlik müddətinə hazırlaşır. Ancaq qarşısında asan vəzifələr yoxdur. Seçicilərin təxminən yarısının Flavio Bolsonaroya səs verməsi ölkədə ciddi siyasi parçalanmanın qaldığını göstərir. Lula yeni müddətdə iqtisadi artımı, iş yerlərini, sosial təminatı və ölkənin beynəlxalq nüfuzunu gücləndirməyə çalışacaq. Əks halda onun qələbəsi siyasi rəqiblərinin qarşısında yalnız qısa müddətli üstünlük kimi qala bilər.
Macarıstanda isə seçkilər daha böyük siyasi dəyişiklik gətirdi. Aprelin 12-də keçirilən parlament seçkilərində Peter Magyarın rəhbərlik etdiyi TISZA Partiyası 199 yerlik parlamentdə 141 mandat qazandı. Viktor Orbanın 2010-cu ildən rəhbərlik etdiyi FIDESZ-KDNP bloku cəmi 52 mandatla kifayətləndi. Seçkilərdə iştirak 79,6 faiz oldu. Mayın 9-da Peter Magyar baş nazir kimi and içdi və bununla Orbanın 16 illik hakimiyyət dövrü başa çatdı. Bu hadisənin əhəmiyyəti Macarıstanın sərhədlərindən çox-çox uzağa gedir. Viktor Orban uzun illər Avropa İttifaqının Rusiya siyasətinə, Ukraynaya yardıma və Brüsselin bir sıra qərarlarına qarşı sərt mövqe tuturdu. O, Moskva ilə münasibətləri qorumağa çalışır, Avropa daxilində özünəməxsus siyasi xətt aparırdı. Peter Magyar isə Avropa ilə münasibətləri yaxşılaşdırmaq, dondurulmuş Avropa maliyyə vəsaitləri məsələsini həll etmək və dövlət idarəçiliyində dəyişikliklər aparmaq vədləri ilə seçicilərin dəstəyini qazandı.
Macarıstan seçkisində maraqlı məqam Peter Magyarın siyasi keçmişidir. O, vaxtilə FIDESZ çevrəsində olub, sonradan Orban hakimiyyətinin əsas tənqidçilərindən birinə çevrilib. Yəni Orbanın qarşısına kənardan gələn namizəd yox, onun siyasi sistemini yaxından tanıyan və həmin sistemdən qopmuş bir rəqib çıxdı. Bu, seçicilər üçün alternativ yaratdı. İndi əsas məsələ Magyarın verdiyi vədləri necə yerinə yetirəcəyidir. Brüssel Budapeştlə münasibətlərdə yeni səhifə açılmasını gözləyir. Ukrayna Macarıstanın Kiyevə münasibətinin dəyişəcəyinə ümid edir. Moskva üçünsə bu nəticə Avropada mühüm siyasi tərəfdaşlardan birinin mövqeyinin dəyişməsi deməkdir. Ancaq Macarıstanın xarici siyasətində dönüşün nə qədər sürətli olacağını zaman göstərəcək.
Serbiyada 25 oktyabr parlament seçkiləri daha fərqli mənzərə yaratdı. Aleksandr Vuçiçin rəhbərlik etdiyi siyasi düşərgə uzun illər ölkənin əsas siyasi qüvvəsi sayılırdı. Ancaq bu dəfə tələbələrin və onlara qoşulan vətəndaşların dəstəklədiyi “Tələbə siyahısı” böyük qələbə qazandı. Serbiya Seçki Komissiyasının 26 oktyabrda açıqladığı ilkin nəticələrə əsasən, tələbələrin siyahısı 52,71 faiz səs və 140 mandat əldə etdi. Vuçiçin “Vahid Serbiya” siyahısı isə 39,17 faiz səs və 104 mandat qazandı. Bu nəticələrin arxasında uzun müddətdən bəri davam edən narazılıq dayanır. 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının dam örtüyünün uçması nəticəsində 16 nəfər həyatını itirdi. Hadisədən sonra tələbələr və minlərlə vətəndaş korrupsiya, dövlət qurumlarının məsuliyyəti və idarəçilikdə şəffaflıq tələbləri ilə küçələrə çıxdı. Etirazlar aylarla davam etdi. Tələbələr universitetlərdə dərsləri dayandırdılar, şəhərlərdə yürüşlər keçirib hakimiyyətdən məsuliyyət tələb etdilər. Serbiyada baş verənlər göstərdi ki, gənclər yalnız sosial şəbəkələrdə narazılıq bildirməklə kifayətlənməyə də bilərlər; onlar siyasi prosesin birbaşa iştirakçısına çevrilə və seçki yoluyla hakimiyyətin gələcəyinə təsir göstərə bilərlər.
Ancaq tələbə hərəkatının qarşısında indi daha çətin mərhələ dayanır. Etiraz etmək bir məsələdir, dövləti idarə etmək tamam başqa məsələ. Yeni siyasi qüvvə korrupsiyaya qarşı mübarizə, təhsil, iqtisadiyyat və dövlət qurumlarının fəaliyyəti ilə bağlı konkret proqram ortaya qoymalıdır. Serbiyanın xarici siyasəti də diqqət mərkəzində qalacaq. Belqrad Avropa İttifaqına üzvlük yolunu davam etdirmək, eyni zamanda Rusiya ilə münasibətləri qorumaq və Kosovo məsələsində mövqeyini saxlamaq istəyir. Yeni parlamentdə tələbə hərəkatının üstünlük qazanması bu məsələlərə yeni yanaşma gətirə bilər. Avropa İttifaqı isə Serbiyada baş verən dəyişikliklərin ölkənin demokratik institutlarını gücləndirəcəyinə ümid edir.
İsrail, İsveç, Almaniya və Bolqarıstan: seçkilərin arxasında təhlükəsizlik, miqrasiya və hakimiyyət böhranı
İsraildə 27 oktyabrda keçirilmiş parlament seçkiləri ölkəyə gözlənən siyasi sabitliyi gətirmədi. Baş nazir Benyamin Netanyahunun Likud Partiyası 27 mandat qazandı. Onun rəhbərlik etdiyi siyasi düşərgə ümumilikdə 53 yer əldə etdi. Gadi Eisenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsi 48 mandat qazandı. Ərəb partiyalarının ümumi mandat sayı isə 19 oldu. Knessetin 120 yerlik tərkibində hökumət qurmaq üçün 61 mandat lazımdır. Beləliklə, heç bir siyasi düşərgə təkbaşına hökumət yaratmaq üçün kifayət qədər yer qazana bilmədi. Seçkilərdə iştirak 77,9 faiz təşkil etdi. Bu nəticənin arxasında 7 oktyabr 2023-cü il hadisələrinin, Qəzza müharibəsinin, regional qarşıdurmaların və ölkənin təhlükəsizlik məsələlərinin yaratdığı ağır siyasi şərait dayanır. İsrail cəmiyyəti hökumətin müharibə siyasətinə, girovların taleyinə, ordunun fəaliyyətinə və 7 oktyabr hücumunun qarşısını ala bilməyən təhlükəsizlik sisteminin məsuliyyətinə fərqli yanaşır. Bir qrup seçici Netanyahunun müharibə dövründəki rəhbərliyini dəstəkləyir, digər qrup isə təhlükəsizlik sahəsindəki uğursuzluqlara görə hökumətin dəyişməsini istəyir.
Seçkilərin ən maraqlı tərəfi ərəb partiyalarının mövqeyidir. 19 mandat hökumət qurmaq üçün aparılan danışıqlarda ciddi əhəmiyyət daşıya bilər. Ancaq Netanyahunun ərəb partiyalarına arxalanan hökumət modelinə münasibəti sərtdir. Müxalifət daxilində də bu qüvvələrlə əməkdaşlıq məsələsi ətrafında fikir ayrılıqları var. Yəni İsraildə seçki qutuları bağlansa da, siyasi mübarizə hələ davam edir. Yeni Knessetin noyabrın 10-da fəaliyyətə başlayacağı gözlənir. İsrailin yeni hökumətinin kimlərdən qurulacağı Yaxın Şərq siyasətinə də təsir edəcək. Qəzza, Livan, İran, Suriya, ABŞ-la münasibətlər və Fələstin məsələsi yeni kabinetin qarşısında durası əsas problemlərdir. Bu səbəbdən İsraildə hökumətin formalaşması təkcə ölkənin daxili siyasi məsələsi kimi qalmayacaq.
İsveçdə 13 sentyabr parlament seçkiləri 349 yerlik Riksdaqın siyasi mənzərəsini dəyişdi. Sosial demokratlar 28,02 faiz səslə 99 mandat qazandılar. Mülayimlər partiyası 19,85 faiz və 70 mandatla ikinci, İsveç demokratları isə 17,48 faiz və 62 mandatla üçüncü yerdə qərarlaşdı. Seçkilərdə iştirak 84,9 faiz oldu. İsveçdə əsas müzakirələr təhlükəsizlik, miqrasiya, cinayətkarlıq, yaşayış xərcləri və sosial təminat ətrafında gedirdi. Ölkənin NATO-ya üzv olmasından sonra müdafiə və təhlükəsizlik məsələləri də seçicilərin diqqətində daha böyük yer tutmağa başlayıb. İsveç demokratlarının güclənməsi miqrasiya və milli təhlükəsizlik mövzularının cəmiyyətdə nə qədər ciddi müzakirə olunduğunu göstərir. Seçkilərdən sonra hökumətin formalaşdırılması prosesi də asan getmədi. Oktyabrın 29-da parlament sədri Andreas Norlen Mərkəz Partiyasının lideri Elizabet Tand Rinqvistin baş nazirliyə namizəd kimi irəli sürüləcəyini açıqladı. Bu, İsveçdə siyasi qüvvələrin yeni hökumət yaratmaq üçün apardığı danışıqların nə qədər mürəkkəb olduğunu göstərir. Seçkidə birinci yeri tutmaq hələ hökumətə rəhbərlik etmək üçün yetmir, parlamentdə çoxluğun dəstəyini qazanmaq lazımdır.
Almaniyada isə 2026-cı il seçkiləri federal parlament seçkisi yox, ayrı-ayrı federal torpaqlarda keçirilən regional seçkilər idi. Ancaq onların nəticələri kansler Fridrix Mertsin rəhbərlik etdiyi federal hökumət üçün ciddi siyasi siqnal oldu. Sentyabrın 6-da Saksoniya-Anhalt torpağında keçirilən seçkilərdə sağçı AfD 43,8 faiz səs topladı və 83 yerlik parlamentdə 39 mandat qazandı. CDU 17,2 faiz, SPD isə 9,3 faiz səs aldı. Sentyabrın 20-də Meklenburq-Ön Pomeraniyada AfD 38,2 faizlə birinci oldu. Berlin seçkilərində isə Sol Partiya 25,7 faiz səslə öndə qərarlaşdı. Bu nəticələr Almaniyada siyasi narazılığın artdığını göstərir. AfD-nin güclənməsinin arxasında miqrasiya siyasəti, iqtisadi çətinliklər, enerji qiymətləri, sənaye müəssisələrinin vəziyyəti və federal hökumətə inamsızlıq kimi səbəblər dayanır. Xüsusilə Almaniyanın şərq bölgələrində seçicilərin bir hissəsi özünü siyasi qərarlardan kənarda qalmış hiss edir. AfD də məhz bu narazılıqları siyasi kampaniyasının əsas mövzularına çevirir.
Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatıdır. Bu ölkədə sağçı qüvvələrin güclənməsi təkcə daxili siyasətə təsir göstərmir. Miqrasiya, Ukraynaya yardım, Rusiya ilə münasibətlər, Avropa təhlükəsizliyi və iqtisadi inteqrasiya məsələlərində Berlinin mövqeyi bütün Avropa üçün əhəmiyyət daşıyır. Ona görə də Almaniyadakı regional seçkilərin nəticələri Brüsseldə də diqqətlə izlənir.
Bolqarıstanda isə prezident seçkisinin birinci turu keçirildi. İliyana Yotova və Kiril Valçevin namizəd cütlüyü 34,76 faiz səslə birinci oldu. Andrey Gyurov və Georgi Kandev cütlüyü 31,95 faizlə ikinci yeri tutdu. Seçkilərdə iştirak çox aşağı səviyyədə qaldı. 6 milyon 584 min seçicidən yalnız 1 milyon 525 min nəfəri səsverməyə qatıldı. Bu, təxminən 23 faiz deməkdir. 67 mindən çox seçici isə heç bir namizədi dəstəkləmədiyini bildirdi. Bolqarıstanda əsas narahatlıq siyasi sabitliyin uzun müddətdir təmin olunmaması, hökumət böhranları və dövlət idarəçiliyinə inamın zəifləməsidir. Ölkə son illər tez-tez parlament seçkilərinə gedib, hökumətlərin ömrü qısa olub, siyasi qüvvələr arasında razılıq əldə etmək çətinləşib. Belə şəraitdə seçicilərin səsvermədən uzaq qalması cəmiyyətin siyasi proseslərdən yorulduğunu göstərən ciddi işarədir. Bolqarıstan Avropa İttifaqının və NATO-nun üzvüdür. Buna görə də Sofiyada formalaşan siyasi rəhbərliyin Avropa siyasəti, Rusiya ilə münasibətlər və regional təhlükəsizlik məsələlərində tutacağı mövqe xüsusi əhəmiyyət daşıyır.
Seçki qutuları dəyişiklik istəyini göstərir, amma xalqın etimadını qazanmaq daha çətindir
Bu ilin seçkilərinə birlikdə baxanda bir mənzərə ortaya çıxır: dünyanın müxtəlif ölkələrində insanlar siyasi rəhbərlikdən daha çox məsuliyyət, daha yaxşı həyat, təhlükəsizlik və konkret nəticə gözləyirlər. Braziliyada Lula qələbə qazandı, ancaq seçicilərin az qala yarısı onun rəqibinə səs verdi. Macarıstanda Peter Magyar Viktor Orbanın 16 illik hakimiyyətinə son qoydu. Serbiyada tələbələr siyasi səhnənin əsas qüvvəsinə çevrildilər. İsraildə seçkilər hökumət böhranını aradan qaldırmadı. Almaniyada AfD-nin yüksəlişi ənənəvi partiyalara xəbərdarlıq oldu. İsveçdə hökumət qurmaq üçün mürəkkəb danışıqlar başlandı. Bolqarıstanda isə seçicilərin böyük hissəsi səsverməyə gəlmədi.
Bəs bütün bunlar nə deməkdir? Əsas narahatlıq ondadır ki, bir çox ölkədə insanlar mövcud siyasi sistemin onların gündəlik problemlərinə yetərincə cavab vermədiyini düşünürlər. Qiymətlərin artması, işsizlik, miqrasiya, təhlükəsizlik, korrupsiya, müharibələr və gələcəklə bağlı qeyri-müəyyənlik seçicilərin qərarına təsir göstərir. Siyasi partiyalar seçkiqabağı çoxlu vədlər verir, amma seçici artıq yalnız söz eşitmək istəmir, nəticə görmək istəyir. Ayrı-ayrı ölkələrdə keçirilən seçkilər ilk baxışda bir-birindən uzaq görünsə də, hamısında eyni sual ortaya çıxır: hakimiyyət xalqın etimadını necə qazanıb, necə qoruyacaq? Gözlənti budur ki, seçkilərdən sonra yeni hökumətlər cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirmək əvəzinə insanları bir araya gətirən siyasət yürüdəcək. Braziliyada social-iqtisadi problemlərin həlli, Macarıstanda Avropa ilə münasibətlərin bərpası, Serbiyada korrupsiyaya qarşı real mübarizə, İsraildə təhlükəsizlik və siyasi sabitlik, İsveçdə sosial rifah, Almaniyada iqtisadi gücün qorunması, Bolqarıstanda isə dövlət institutlarına inamın qaytarılması əsas sınaqlar olacaq.
Bir məqamı da unutmaq olmaz: seçkidə qalib gəlmək xalqın bütün problemlərini həll etmək üçün verilən hazır cavab sayılmır. Bu, sadəcə yeni bir məsuliyyətin başlanğıcıdır. Bu gün seçici bir partiyaya səs verir, sabah onun gördüyü işə qiymət verir. Hakimiyyətin əsl sınağı da bundan sonra başlanır. 2026-cı ilin seçkiləri dünyaya bir mesaj verdi: insanlar dəyişiklik istəyirlər, ancaq dəyişiklik adı altında verilən vədlərdən daha çox gündəlik həyatlarında hiss edəcəkləri real nəticələr gözləyirlər. Seçki qutusunda qazanılan qələbə müvəqqətidir, xalqın etimadını isə hər gün yenidən qazanmaq lazım gələcək.
Kəramət Qənbərov,
Beynəlxalq hüquq üzrə ekspert