İran nüvə müqaviləsindən çıxarsa...

İran nüvə müqaviləsindən çıxarsa...

 

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Bütün dünyanın təsirləndiyi Amerika Birləşmiş Ştatları (ABŞ)-İsrail-İran müharibəsinin yeni fazasının başlayacağı ilə bağlı xəbərlər yayılır. Bildirlir ki, müharibənin ehtimal edilən mərhələsi daha dəhşətli və genişmiqyaslı olacaq. Bunu nümayiş olunan müharibə hazırlıqları da təsdiqləyir.

Uzanan regional münaqişə fonunda diqqət çəkən ən mühüm məqamlardan biri isə nüvə xəbərdarlıqları ilə bağlıdır. Transmilli mediada yayılan məlumatlara görə, ABŞ-İsrail cütlüyü bu dəfə İranın nüvə arsenalını tam şəkildə məhv etmək məqsədi ilə taktiki nüvə silahından istifadə edə bilər. Ciddi narahatlıq doğuran bu xəbərlərə Tehrandan da cavab kifayət qədər sərt olub. Belə ki, İran rəsmilərinin ardarda verdikləri açıqlamalardan aydın olur ki, bu ölkə də yeni nüvə doktrinasına keçidi istisna etmir.

Tehranın yeni nüvə planı masada

İranın nüvə proqramı beynəlxalq ictimayyət üçün yeni mövzu deyil. Hazırda İran ciddi sanksiyalar altındadır ki, bunun da əsas səbəblərindən biri bu ölkənin uranı dinc məqsədlər üçün zəruri olan həddən daha artıq dərəcədə zənginləşdirməsidir. Beynəlxalq birlik o qənaətdədir ki, İran ayrı-ayrı mərkəzlərdə uranı  ən azından 60-70 faizədək zənginləşdirməyə nail olub ki, bu da ona yaxın perspektivdə nüvə silahı yaratmağa imkan verəcək.

Son müharibədə ABŞ Prezidenti Donald Trampın əsas tələbi odur ki, İranın nüvə silahı yaratmasına imkan verilməməlidir və verilməyəcək. Ayrı-ayrı vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda da bu tələb gündəliyin mərkəzində dayanıb. Öz növbəsində danışıqlara cəlb olunan İran rəsmiləri, o cümlədən də Prezident Məsud Pezeşkian Tehranın nüvə silahı yaratmaq kimi bir niyyətinin olmadığını bildiribər.

Son günlərdə bu xüsusda  İran rəsmilərinin verdikləri açıqlamalardan isə planlarda müəyyən dəyişikliklər edildiyi diqqətdən kənarda qalmır. Artıq İranda real güc sayılan SEPAH rəhbərləri bildirirlər ki, indiyədək  zənginləşdirilmiş uranın ölkədən çıxarılması müzakirə mövzusu deyil. Həmin zənginləşdirilmiş uran İranın toxunulmaz mülkiyyətidir və ölkədə saxlanılacaq.

İranın yeni nüvə proqramının digər əsas müddəası isə ölkənin  “Nüvə silahlarının yayılmaması haqqında” müqavilədən (NPT) çıxma ehtimalının gündəmə gətirilməsi ilə bağlıdır. Verilən məlumata görə, İran parlamentində ölkənin “Nüvə silahlarının yayılmaması haqqında” müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad bildirib.

Onun sözlərinə görə, hazırda təşəbbüs, o cümlədən onun beynəlxalq nəticələri baxımından araşdırılır. Parlament sədrinin müavini qeyd edib ki, sənəd “fövqəladə əhəmiyyətli” statusu ilə plenar iclasa çıxarılacaq və deputatlar həmin gün ona baxmalı olacaqlar.

Nikzad xatırladıb ki, İran ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırıb. O, təşkilatın baş direktoru Rafael Qrossini vicdansız insan adlandırıb. “O, elə insanlardandır ki, gəlir, yoxlama aparır, bizi tərifləyir, sonra gedir və bizim əleyhimizə mənfi hesabat hazırlayır”, - deyə Nikzad vurğulayıb.

Parlament sədrinin müavini ötən il qəbul edilmiş qərarın İranın xeyrinə olduğunu deyib: “Məgər BAEA-nın baş direktorunun və ya orada çalışanların nüvə enerjisi sahəsində bizə yardım göstərəcəklərinə zərrə qədər ümidimiz varmı? Əlbəttə ki, yox”.

“İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında” müqavilənin  iştirakçısıdır, lakin ölkədə müqavilədən çıxmaq məsələsi ciddi şəkildə müzakirə olunur”. Bunu isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi deyib.

XİN rəsmisi bildirib ki, İran 1970-ci ildən NPT-nin iştirakçısıdır və müqavilə çərçivəsində üzərinə düşən öhdəliklərə əməl etdiyini düşünür. Onun sözlərinə görə, buna baxmayaraq, ölkə hərbi hücumlara, alimlərin öldürülməsinə və nüvə obyektlərinə zərbələrə məruz qalıb.

İran XİN-in sözçüsü qeyd edib ki, müqavilənin iştirakçısı olan dövlət onun üstünlüklərindən yararlanmaq və öz hüquqlarını həyata keçirmək imkanına malik olmalıdır. O, ölkələrin daim təzyiq, təhdid və hərbi hücumlarla üzləşməsinin qəbuledilməz olduğunu bildirib. Baqayi əlavə edib ki, İran Xarici İşlər Nazirliyi ölkənin səlahiyyətli qurumlarının qəbul etdiyi qərarlara uyğun hərəkət edəcək.

Oxşar məzmunlu bəyanatları digər İran rəsmiləri də səsləndiriblər. Ümumi qənaət ondan ibarətdir ki, İranın NPT-dan çıxma ehtimalı və yeni doktrinaya keçid edəcəyi ehtimalı böyükdür.

Regionu hansı təhlükələr gözləyir?

Bəs qonşu ölkənin beynəlxalq nüvə müqaviləsindən çıxması region üçün hansı fəsadlara səbəb ola bilər? Qeyd edək ki, müqavilədən çıxmaq istəyən ölkələr üç aylıq bildiriş prosedurundan keçməlidirlər.  Müqavilənin 10-cu maddəsinə əsasən, İran sazişdən dərhal çıxa bilməz. Tehran qərarın səbəblərini göstərməklə digər üzv dövlətlərə və BMT Təhlükəsizlik Şurasına ən azı üç ay əvvəl rəsmi bildiriş göndərməlidir.

İranın “Nüvə Silahlarının Yayılmaması haqqında” müqavilədən  çıxması regionda və qlobal miqyasda ağır diplomatik, iqtisadi və hərbi nəticələrə yol aça bilər. Bu halda BAEA-nın ölkədəki nüvə obyektlərini yoxlamaq üçün hüquqi əsası qalmayacaq və Tehran öz fəaliyyətində tam sərbəstlik qazanacaq. Bu isə ilk növbədə region ölkələri üçün təhlükəlidir. Son müharibə də təsdiqlədi ki, İranın ayrı-ayrı qonşu dövlətlərlə münasibətləri arzuedilən səviyyədə deyil. Bu ölkə həmçinin proksi qüvvələri vasitəsi ilə rəqiblərinə təsir göstərməyə çalışır və bu, sahədə açıq-aşkar müşahidə olunur. O cümlədən İran Zəngəzur  (TRIPP marşrutu) ilə bağlı aydın olmayan mövqe sərgiləyir. Nüvə silahına sahiblənmə isə regional güc balansını pozar və İranın əzəli rəqiblərinə qarşı təzyiq imkanlarını daha da artıra bilər.

İran rəsmilərindən gələn açıqlamalar da ciddi narahatlıq doğurur. “İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq”. Bu fikri İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bu günlərdə Tehranda təşkil olunan tədbirdə deyib.

“İndiyə qədər ölkələrin, o cümlədən ABŞ rəsmilərinin İran əleyhinə taktiki nüvə silahından istifadə edilməsi ehtimalı haqda heç bir rəsmi açıqlama olmayıb. Bu bəzi KİV-də yayımlanan məlumatlardır. Əgər “Nüvə silahlarının yayılmamaı haqqında” müqaviləyə  üzv və nüvə silahı olan ABŞ kimi ölkənin rəsmisi İranın bəzi obyektləri və infrastrukturlarına qarşı taktiki nüvə silahından istifadə etmək niyyətində olduğunu açıqlayarsa, məsələ hüquqi aspektdən daha geniş hal alacaq. Belə bir hədə nüvə hüququnun və müvafiq müqavilənin  tam şəkildə məhv olması mənasında olacaq”, - deyə o qeyd edib.

Nazir müavini deyib ki, İran əleyhinə taktiki nüvə silahından istifadə olunduğu halda, İran qolu bağlı qalmayacaq, tamaşaçı olmayacaq və beynəlxalq səhnədə hüquqi etirazlarla kifayətlənməyəcək. Bu halda beynəlxalq hüquqi rejimlər təkcə İran üçün deyil, bu çərçivələrdə olan bir çox ölkə üçün sona çatmış olacaq.

Qeyd edək ki, son günlər amerikalı jurnalist Taker Karlson bildirib ki, ABŞ potensial hədəf kimi İrnaın mərkəzi hissəsində yerləşən Koləng dağına nüvə zərbəsi endirə bilər. Tehranın həmin ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa etdiyi iddia olunur.

Mübariz FEYİZLİ