Cənubi Koreyanın paytaxtı Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda “Aricell” şirkətinin litium batareya zavodunda baş verən yanğında azı 20 nəfər həlak olub.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 10:30 radələrində başlayıb. Yanğınsöndürənlərin alovları nəzarət altına almaq səyləri çətin və baha başa gəlib, çünki obyektin içərisində təxminən 35.000 litium batareya var və partlayış riski çox yüksəkdir.
Hadisənin səbəbi hələ məlum olmasa da, yanğından xilas ola bilən və ikinci mərtəbədəki fəhlə yanğınsöndürənlərə radiatorlardan birinin qəfil alışdığını bildirib. Binada çoxlu sayda litium batareyalarının olduğu nəzərə alınarsa, bu, zəncirvari reaksiyaya səbəb ola bilərdi.
Seul Yanğından Mühafizə İdarəsi əraziyə 145 yanğınsöndürən və 50 texnika cəlb edib.