Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə danışıqların əhəmiyyətli bir hissəsi Qara dənizin açılması yollarının tapılmasına yönəlib.

AZƏRTAC-ın “Ukrinform”a istinadla verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda mediaya verdiyi açıqlamasında bildirib.

“Türkiyə suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi, eləcə də Qara dəniz regionunda normal həyatın bərpası istiqamətində atdığımız addımları daim dəstəkləyir. Prezident Rəcəb Tayyib Ərdoğanla bu məqsədlərə nail olmağa kömək edə biləcək bir sıra fikir və təklifləri müzakirə etdik”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, Qara dəniz “Taxıl Dəhlizi” üzərində işləməyə davam etmək üçün Türkiyə Prezidenti ilə razılığa gəlib.