“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Şərq-Qərb neft kəmərinin genişləndirilməsi işlərinə başlayıb. Şirkət yaxın həftələrdə gündəlik neft hasilatını maksimum 12 milyon barelə çatdırmaq imkanına malik olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin prezidenti və baş icraçı direktoru Əmin ən-Nasir mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Şərq-Qərb neft kəmərinin genişləndirilməsi üzrə ilkin mühəndislik işlərinə başlanılıb. Şirkət, həmçinin enerji sektorundakı digər şirkətlərlə müqayisədə təcili təmir işlərini altı dəfə daha sürətlə həyata keçirir. Təxminən 1200 kilometr uzunluğunda olan Şərq-Qərb kəməri Səudiyyə Ərəbistanının şərqindəki Baqiq şəhərindən Qırmızı dəniz sahilində yerləşən Yənbu limanına qədər uzanır. Kəmərin gündəlik ötürücülük gücü təxminən 7 milyon bareldir.

Xatırladaq ki, ABŞ-İran müharibəsi fonunda Hörmüz boğazında gəmiçiliyin pozulması Səudiyyə Ərəbistanını neft ixracı üçün alternativ marşrutlardan istifadəyə yönəldib. Şərq-Qərb kəməri ölkəyə neftin şərq bölgələrindən Qırmızı dəniz limanlarına qurudan nəqlinə və onun bir hissəsinin Hörmüz boğazından yan keçməklə ixracına imkan verir.

Hörmüz boğazı vasitəsilə neft axınının pozulmasından sonra “Saudi Aramco” gündəlik təxminən 4 milyon barel xam neftin Yənbu limanına yönləndirilməsi üçün bu kəmərdən istifadə edib.