Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Türkiyənin Antalya şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci konfransı (COP31) öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, COP31 rekord dərəcədə yüksək temperatur, iqlimin dəyişməsi təsirlərinin artması və enerji təhlükəsizliyinin aktuallığı fonunda ölkələrin iqlim böhranı ilə mübarizə aparmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdə səylərini birləşdirmək üçün fürsət olacaq.

2026-cı il noyabrın 9-dan 20-dək davam edəcək COP31-in iştirakçıları iqlim dəyişmələri ilə mübarizə və enerji keçidini sürətləndirmək üçün gələcək addımları müzakirə etməyi planlaşdırırlar.

Azərbaycan üçün COP31-də iştirak beynəlxalq iqlim gündəliyi üzrə ölkəmizin fəal işinin davamıdır.

Ölkəmiz iqlim sammitində effektiv iştiraka sadiqdir. Tədbirlər proqramında böyük milli nümayəndə heyətinin iştirakı planlaşdırılır. Azərbaycanın iqlim gündəliyini təqdim etmək üçün əsas platforma, ənənəvi olaraq, Antalyadakı COP “Mavi zonası”nda keçirilən milli pavilyondur.

Azərbaycan pavilyonunda iqlim siyasətinin və beynəlxalq əməkdaşlığın müxtəlif sahələrinə həsr olunmuş tematik tədbirlərin keçirilməsi planlaşdırılır. Planlaşdırılan görüşlərin və tədbirlərin siyahısı müntəzəm olaraq yenilənəcək.

Ölkəmiz iqlim maliyyəsi, karbon bazarları və iqlim dəyişmələrinə uyğunlaşma sahəsində əldə edilən irəliləyişi qorumaq, COP31 Sədrliyini dəstəkləmək və COP prosesində davamlılığı gücləndirmək üçün tərəfdaşlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.

Xatırladaq ki, 2024-cü ildə Bakıda iqlim maliyyəsi, enerji keçidi və inkişaf etməkdə olan ölkələrə dəstək mövzularına yönəlmiş COP29 iqlim konfransı keçirilib.

Antalyadakı tədbirdə 100-dən çox dövlət və hökumət başçısının, eləcə də təxminən 300 nazirin iştirakı gözlənilir. Bu baxımdan həm konfrans məkanında, həm də Antalya hava limanı ərazisində təhlükəsizlik tədbirləri və nəqliyyat hazırlıqları gücləndirilib.