Media: Qətər ABŞ-nin İrana mümkün hücumlarını ən azı iki həftə təxirə sala bilib

Media: Qətər ABŞ-nin İrana mümkün hücumlarını ən azı iki həftə təxirə sala bilib

Qətər ABŞ-nin İrana mümkün hərbi hücumlarının ən azı iki həftə təxirə salınmasına nail olub. Bu müddət Vaşinqton və Tehran arasında diplomatik danışıqların davam etdirilməsinə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin I24 telekanalı diplomatik mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Parisdə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını bildirib. Fikir ayrılıqları, əsasən, dəniz blokadasının aradan qaldırılması, nüvə proqramı, İranın dondurulmuş aktivləri və əldə olunacaq razılaşmanın icra ardıcıllığı ilə bağlıdır.

Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi isə ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğunu və vasitəçilərin diplomatik səylərini davam etdirdiklərini bildirib.

Qeyd edək ki, Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biridir. Noyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qətərin Baş naziri ilə görüşərək münaqişənin diplomatik yolla həlli məsələsini müzakirə edib.