Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

Okeanlar atmosferə atılan karbon qazının getdikcə daha böyük hissəsini udur, quruda – meşələr, torpaqlar və digər təbii ekosistemlərdə isə karbonun xalis mənimsənilməsi artmır. Bu nəticə ABŞ-nin Kaliforniya Universitetinin San Dieqo şəhərində yerləşən Skripps Okeanoqrafiya İnstitutunun alimlərinin apardığı yeni tədqiqatda öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırma 30 ildən artıq müddətdə atmosferdə oksigen və karbon qazının səviyyəsinə dair aparılan ölçmələrə əsaslanır. Tədqiqatçılar müəyyən ediblər ki, 1990-2019-cu illərdə okeanlar ildə orta hesabla 2,8 milyard ton karbon qazı udub. Bu, həmin dövrdə qalıq yanacaqların istifadəsindən yaranan karbon emissiyalarının təxminən 35 faizinə bərabərdir. Araşdırmaya görə, okeanların karbon udma qabiliyyəti hər onillikdə daha da güclənib. Bununla belə, quru ekosistemlərində eyni tendensiya müşahidə olunmayıb. Meşələr, torpaqlar və digər quru sahələri qeyd olunan dövrdə ildə orta hesabla 1 milyard ton karbon qəbul edib ki, bu da qalıq yanacaq emissiyalarının təxminən 13 faizini təşkil edir. Üstəlik, quru ekosistemlərinin karbon udma göstəricisi onilliklər üzrə əhəmiyyətli dəyişikliklərə məruz qalıb və 2009-cu il ətrafında pik həddə çatdıqdan sonra ümumilikdə azalmağa başlayıb.

Alimlər bildirirlər ki, bu nəticələr karbonun təbii dövranını modelləşdirən bir sıra kompüter modellərinin proqnozları ilə üst-üstə düşmür. Həmin modellərdə atmosferdə karbon qazının və azotun artmasının bitkilərin inkişafını stimullaşdırdığı, bunun da quruda karbon udulmasını gücləndirdiyi ehtimal olunur. Lakin yeni müşahidələr quru ekosistemlərinin bu baxımdan gözlənildiyi qədər effektiv olmadığını göstərir.

Tədqiqatın aparıcı müəllifi Erik Morqan bildirib ki, quru ekosistemlərinin artan karbon qazı səviyyəsinə gözlənilən şəkildə uyğunlaşmaması təəccüblüdür. Onun sözlərinə görə, əldə olunan məlumatlar quruda karbon udma sisteminin kifayət qədər həssas və kövrək ola biləcəyini göstərir. Araşdırmada okeanların karbon udmasının da müəyyən mənfi nəticələrə səbəb olduğu vurğulanır. Atmosferdən daha çox karbon qazının mənimsənilməsi okean suyunun turşulaşmasını sürətləndirir. Bu proses dəniz ekosistemlərinə və xüsusilə karbonat əsaslı skelet və qabıqlara malik canlılara mənfi təsir göstərə bilər. Bundan əlavə, alimlər gələcəkdə okeanların karbon udma səmərəliliyinin zəifləyə biləcəyini istisna etmirlər. Belə ki, isti su daha az karbon qazı saxlaya bilir. Eyni zamanda, səth sularının isinməsi onların dərin okean qatları ilə qarışmasını çətinləşdirir. Nəticədə karbonun uzun müddət atmosferdən uzaqlaşdırılması prosesi zəifləyə bilər.

Alimlərin fikrincə, yeni nəticələr iqlim modellərinin təkmilləşdirilməsi və qlobal istiləşmənin məhdudlaşdırılması üçün emissiyaların azaldılması strategiyalarının hazırlanması baxımından əhəmiyyətlidir. Çünki atmosferə atılan karbon qazının təbii ekosistemlər tərəfindən hansı həcmdə udulduğunun düzgün qiymətləndirilməsi gələcək iqlim dəyişikliklərinin proqnozlaşdırılmasında mühüm rol oynayır.