Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.
Fərmanla Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” büdcə təşkilatı yaradılıb.
Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir, mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini, Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalı, Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etməli, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.