Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi dünya ictimaiyyəti üçün mesajdır
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.
288 qadın, 71 uşaq və 319 yaşlı insan...
Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi isə itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.
Eyni zamanda, bu istiqamətdə həqiqətlər beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Ötən ay Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində keçirilən interaktiv dialoq zamanı bu mövzuya diqqət çəkmişdi. O bildirib ki, keçmiş münaqişə nəticəsində itkin düşmüş 4 mindən çox şəxsin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün münaqişədən sonrakı dövrdə əsas prioritetlərdən biri olaraq qalır. Keçmiş münaqişə ilə əlaqədar 4 mindən çox şəxs itkin düşmüş hesab olunur və onların arasında 288 qadın, 71 uşaq və 319 yaşlı şəxs var.
Eyni zamanda, oktyabrın 7-dən 10-dək Bakıda bu mövzuya həsr olunmuş beynəlxalq konfrans keçirilib. Belə ki, “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda vacib məsələlər müzakirə olunub. Nəzərə alaq ki, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır. Müraciətdə, həmçinin vurğulanıb ki, əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.
63 üzv dövlət həmmüəllif qismindədir
Ölkəmizin bu istiqamətdə beynəlxalq əməkdaşlığının məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Yeri gəlmişkən, noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib. Qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir. Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə çağırış vurğulanır. Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Baş Assambleyanın yüksəksəviyyəli iclasının çağırılması təklif edilir
Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir. Həmçinin qətnaməyə sülh və sülh quruculuğu prosesləri kontekstində itkin düşmüş şəxslər məsələsinin həllinin əhəmiyyətini vurğulayan, onların taleyinin müəyyənləşdirilməsi məqsədilə bu məsələnin qeyd olunan proseslərə inteqrasiyasını təşviq edən yeni müddəalar da daxil edilib.
Sənəddə, habelə minaların, müharibənin partlayıcı qalıqlarının və kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş şəxslərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində səylərə maneə törətməsindən narahatlıq ifadə edilir. Bundan əlavə, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim etməsi sorğu olunur. Qətnamədə müvafiq BMT qurumlarının və Baş Assambleyanın müşahidəçilərinin iştirakı ilə Baş Assambleyanın yüksəksəviyyəli qeyri-rəsmi iclasının çağırılması və həmin iclasda BMT Baş katibi tərəfindən məruzə ilə çıxış edilməsi və ardınca interaktiv dialoqun keçirilməsi xahiş olunur. “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi bu aktual humanitar problemin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq öhdəliyinə dair güclü bir mesajdır.
Nardar BAYRAMLI