Azərbaycan ilə Türkiyənin arasına nifaq toxumu səpmək istəyənələrin arzusu gözündə qaldı
Prezident İlham Əliyevə göstərilən xüsusi hörmət və diqqət qardaşlığımızın möhkəmliyinin növbəti sübutuna çevrildi
Azərbaycan-Türkiyə münasibətlərinin, tarixən formalaşmış dostluq və qardaşlıq bağlarının siyasi iradə, qarşılıqlı etimad və sarsılmaz həmrəylik əsasında daha da möhkəmləndiyi növbəti dəfə nümayiş etdirildi. Türkiyə Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin isə Türkiyəyə səfərləri təkcə diplomatik təmasların intensivliyi ilə deyil, həm də daşıdığı mühüm siyasi mesajlar, nümayiş etdirilən qarşılıqlı hörmət və diqqət, verilən bəyanatların məzmunu ilə xüsusi əhəmiyyət kəsb etdi. Bu səfərlər bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə münasibətləri adi dövlətlərarası əməkdaşlıq çərçivəsinə sığmır. Bu, ortaq tarixdən, milli-mənəvi dəyərlərdən, sınaqlardan keçmiş həmrəylikdən və gələcəyə hesablanmış strateji baxışdan qaynaqlanan əbədi qardaşlıq münasibətləridir.
Hər zaman iki ölkənin birliyini zəiflətməyə, münasibətlərdə süni gərginlik yaratmağa, araya nifaq toxumu səpməyə çalışan qüvvələr olub. Lakin onların bütün cəhdləri dəfələrlə olduğu kimi, bu dəfə də iflasa uğradı. Çünki Azərbaycan-Türkiyə qardaşlığı hansısa siyasi konyunkturadan, ayrı-ayrı dairələrin maraqlarından və kənar təsirlərdən asılı deyil. Prezident İlham Əliyevin Türkiyədə xüsusi ehtiramla qarşılanması, ona göstərilən yüksək diqqət və səmimi münasibət isə bu qardaşlığın dövlət rəhbərləri səviyyəsində necə möhkəm təməllərə söykəndiyinin aydın ifadəsi idi. Səfərlər bir daha göstərdi ki, iki ölkənin birliyinə kölgə salmaq istəyənlərin arzuları gözlərində qalacaq. Azərbaycan və Türkiyə birlikdədir, bu birlik sarsılmazdır və onun qarşısında heç bir pozucu niyyətin uğur qazanmaq imkanı yoxdur
Prezident İlham Əliyevin yaratdığı reallıqlar...
Ümumiyyətlə, Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, Vətən müharibəsində qazanılan qələbənin ardından regionda formalaşdırılan yeni siyasi reallıqlar, Avropanın enerji təminatında oynadığı əhəmiyyətli rol, eləcə də qlobal ekosistemin qorunmasına verilən töhfələr yüksək marağa səbəb olub. Bu isə nəticədə ölkəmizə olan müsbət beynəlxalq münasibəti daha da möhkəmləndirir.
Müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ortaya qoyur. Əldə olunan uğurlar isə saymaqla bitməz:
- Azərbaycan mühüm bir regionda təhlükəsizliyin əsas qarantı kimi çıxış edir;
- Ölkəmiz bütün dünya üçün şəffaf və əlverişli sərmayə mühiti yaradır;
- Şərq ilə Qərb arasında iqtisadi körpü rolunda çıxış edir;
- Avropanın enerji təminatında əsaslı yer tutur;
- Öz növbəsində Şərqin yeni enerji layihələrində fəal iştirakçı qismirndə çıxış edir;
- Dünyanın ən mühüm iqtisadi aortasına çevrilmək perspektivi daşıyan Çinin “bir kəmər bir yol” layihəsinin ən əsas dayanacaqlarından biri statusunu qazanıb. Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticarət, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır.
- Bakı beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsinin daimi ünvanlarındandır.
Bu kimi faktlar isə Azərbaycanı diqqət mərkəzinə çıxarır. Təsadüfi deyil ki, bütün beynəlxalq statuslu tədbirlərdə Prezident İlham Əliyevin iştirakı xüsusi qeyd edilir. Azərbaycan ən mötəbər tədbirlərin daimi iştirakçısına çevrilib. Avropa kontentinin, Ərəb dövlətləri Liqasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Dövlətləri Təşkilatının, Mərkəzi Asiya Birliyinin və digər beynəlxalq təsisatların rəhbərləri, aparıcı iqtisadiyyata malik olan böyük dövlətlərin rəsmi şəxsləri qlobal məsələlərin müzakirəsində Prezident İlham Əliyevin iştirakını vacib salırlar. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevi bu ilin dekabrında Mayami şəhərində keçiriləcək G20 Sammitinə şəxsən dəvət edib.
COP29 standartı...
Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində Prezident İlham Əliyevin iştirakı xüsusi diqqəti cəlb etdi - 2024-cü ildə ölkəmizdə baş tutan COP29-un bu çərçivədə yeni bir standart müəyyənləşdirməsi, Bakının qlobal problemlərə baxışı və onun həll yollarındakı səyləri qlobal dünya tərəifndən təqdirlə qarşılanır. COP29-un əhəmiyyəti bir sıra xüsusiyyətlərinə görə daha qabarıq şəkildə önə çıxır - platforma həm qlobal, həm regional, həm də daxili auditoriyaya mühüm mesajlar ünvanladı. Müzakirələr həm də qlobal məkan üçün əsaslı problemə çevrilən məsələlərin həll yollarının təklif edilməsi ilə yadda qaldı - beynəlxalq maliyyə qurumlarının, xüsusən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün verdikləri maliyyə dəstəyi və texnoloji həllərin yayılması barədə ətraflı məlumat verildi. COP29 beynəlxalq auditoriya üçün yaşıl hədəflərin daha yüksək şəkildə təbliğinin təmin olunmasında əsaslı mənbə kimi çıxış etdi. Yaşıl hədəflərin qlobal səviyyədə təbliği iqlim dəyişikliyində daha çox məsuliyyət daşıyan ölkələr üçün əyani vəsaitə çevrildi. COP29 iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin təşkili ilə yanaşı həm də qlobal təbliğatın gücləndirilməsində mühüm amilə çevrildi. Beynəlxalq arenada maarifləndirmə kampaniyalarının necə həyata keçirilməsi barədə geniş müzakirələrə yer verildi. Təsadüfi deyildi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirdi. Beləliklə, Azərbaycan Prezidentinin qətiyyəti, dostluğa, qardaşlığa sədaqəti və qlobal mühitdə hörmətə laiyq dövlət başçısı kimi qarşılanması növbəti dəfə diqqət mərkəzinə düşdü.
Dönməz, sarsılmaz qardaşlıq...
“Azərbaycan-Türkiyə qardaşlığı əbədidir!” - Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi bu bəyanat iki dövlət və xalq arasındakı münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin sarsılmazlığını ifadə edən mühüm siyasi mesajdır. Bu fikir yalnız bugünkü münasibətlərin deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və səmimi qardaşlığa söykənən gələcək əməkdaşlığın da dəyişməz prinsipini ortaya qoyur. Azərbaycan və Türkiyə münasibətləri adi diplomatik tərəfdaşlıq çərçivəsini çoxdan geridə qoyaraq nümunəvi müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu gün iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə genişlənir. Eyni zamanda, beynəlxalq platformalarda Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi həmrəylik qardaşlığımızın regional və qlobal miqyasda mühüm siyasi amilə çevrildiyini təsdiqləyir. İstər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də digər beynəlxalq təsisatlarda ölkələrimizin bir-birinin maraqlarını dəstəkləməsi bu birliyin praktik təzahürüdür.
Bu mənada Azərbaycan-Türkiyə yaxınlığından narahat olan, iki qardaş ölkənin arasına nifaq toxumu səpməyə çalışan qüvvələrə verilən ən tutarlı cavab məhz münasibətlərimizin dönməzliyi, qarşılıqlı hörmət və etimadın yüksək səviyyədə qorunmasıdır. Azərbaycan və Türkiyə heç bir kənar təsirin bu birliyə xələl gətirməsinə imkan verməyəcək. Çünki bu qardaşlıq siyasi konyunkturaya deyil, ortaq taleyə, tarixi bağlılığa və sarsılmaz milli iradəyə əsaslanır. Bir millət, iki dövlət fəlsəfəsi bu gün də öz siyasi və mənəvi gücünü qoruyur.
P.İSMAYILOV