İqtisadi münasibətləri gücləndirən platforma

İqtisadi münasibətləri gücləndirən platforma

Almaniya-Azərbaycan biznes konfransında əməkdaşlığın yeni gündəliyi müəyyənləşib

Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda keçirilən Almaniya-Azərbaycan biznes konfransında iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub. Biznes konfransda Almaniyanın qida sənayesində fəaliyyət göstərən “Bühler GmbH”, “Elea Technology GmbH”, “HAVER & BOECKER OHG” kimi iri texnoloji şirkətlərinin nümayəndələri iştirak edib.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nərgiz Vik bildirib ki, müasir qlobal iqtisadi mühitdə hər bir dövlət iqtisadiyyatını şaxələndirməklə iqtisadi inkişafa nail olmağa çalışır. İqtisadiyyatın şaxələndirilməsi risklərdən qorunmaq üçün mühüm vasitədir. Habelə kənd təsərrüfatı və qida məhsullarının emalı bu şaxələndirmənin və müasir transformasiyanın əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan hökumətinin geniş kənd təsərrüfatı bazasını daha da artırmaq, ərzaq təhlükəsizliyini daha da gücləndirmək və ixracı artırmaq planları daha çox əlavə dəyərin yaranmasına, xarici iqtisadi potensialın böyüməsinə münbit zəmin yaradır.

 “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin İnvestisiya departamentinin rəhbəri Mikayıl Əliyev bildirib ki, fond Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi istiqamətində fəal çalışır. Əsas diqqət üç başlıca məqsədə - iqtisadi artımı dəstəkləmək, Azərbaycana birbaşa xarici investisiyaları cəlb etmək və idxaldan asılılığı azaldan rəqabətqabiliyyətli layihələrə sərmayə qoymaq tədbirlərinə yönəlib. Hazırda aktivlərinin həcmi və idarəetmə portfeli təxminən 950 milyon manat təşkil edən İnkişaf Fondu birgə layihələrdə 50 faizlik payla səhmdar qismində çıxış etmək niyyətindədir. Fondun prioritet sahələrinə kənd təsərrüfatı, ağac emalı, əczaçılıq, tikinti materialları, “yaşıl enerji” və digər sahələr daxildir.

Alman şirkətləri aqrar-sənaye sahəsinə böyük maraq göstərir

Almaniyanın “Buhler” şirkətinin Cənubi-Qərbi Asiya və Şərqi Afrika üzrə rəhbəri Tolqa Çeltekligil isə vurğulayıb ki, Azərbaycanın böyük iqtisadi potensialı və aqrar sənaye imkanları xaricdən gətirilən ərzaq məhsullarının həcminin azaldılmasına səbəb olmaqla, yerli milli istehsal bazasının güclənməsinə səbəb ola bilər. Müasir tələblərə cavab verən yeni texnologiyalardan istifadə ilə istehsalı artırmaqla yanaşı, keyfiyyətli məhsulun beynəlxalq bazarlara çıxışını təmin etmək mümkündür ki, bu sahədə Azərbaycan alman şirkətlərinin təcrübəsindən yararlanır. Alman şirkətləri, o cümlədən “Buhler” Azərbaycandakı fəaliyyətini genişləndirməklə, yerli xammal bazasının möhkəmlənməsinə və xarici məhsullardan asılılığına kömək edə, sənaye sahələrinin diversifikasiyasını gücləndirə bilər.

Azərbaycan və Almaniya arasında qarşılıqlı hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər davamlı olaraq inkişaf etməkdədir. Tərəflər arasında siyasi-iqtisadi münasibətlər dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, parlamentlərarası faydalı əməkdaşlıq sayəsində yüksək səviyyəyə çatıb. Mütəmadi olaraq inkişaf etdirilən münasibətlər Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu tərəfdaşlığı daha da möhkəmləndirib. Habelə ikitərəfli münasibətlər regional və beynəlxalq strukturlarda fəal əməkdaşlıq çərçivəsində də davamlı olaraq inkişaf edib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol rəsmi Berlin tərəfindən dəfələrlə yüksək dəyərləndirilib və Almaniya özü də müasir enerji ittifaqında yer almaqdadır. 2026-cı ilin əvvəllərindən Almaniya və Avstriyaya qaz ixrac edən Azərbaycan geniş bir coğrafiyada sabit enerji təminatçısı statusu qazanıb.

Biznes Şurası iqtisadi münasibətlərə töhfə verəcək

Hazırda hər iki ölkə əməkdaşlığın əsas sütunları olan iqtisadi-investisiya-nəqliyyat bağlantılarında daha münbit və genişşaxəli dövrün əsası?? qoymaqdadır. Azərbaycanın ənənəvi enerji tədarükçüsü olmaqla yanaşı, alternativ energetika üzrə mövcud potensialını nəzərə alınmaqla “yaşıl enerji” sahəsində əməkdaşlıq Almaniya üçün xüsusi önəm daşıyır. Eləcə də Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olan Azərbaycan Orta Asiya ilə Avropa arasında körpü rolunu oynamaqla, bağlantı, nəqliyyat və logistika sahələrində koordinasiyaedici status qazanıb. Ümumilikdə, Azərbaycanda uğurla fəaliyyət göstərən 200-dən çox alman şirkəti üçün təmin edilən cəlbedici sərmayə mühiti onları sayını daha da artırmaqdadır.

Bir müddət əvvəl Azərbaycan-Almaniya Biznes Şurası yaradılıb ki, bu təsisat iqtisadi münasibətlərə töhfə vermək üçün institasional imkanlarını səfərbər etməkdədir. Almaniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Tereza Lyunnemann vurğulayıb ki, yaxın vaxtlarda Biznes Şurasının təsis iclası keçiriləcək ki, bu da ikitərəfli tərəfdaşlığı və iqtisadi sahədə qarşılıqlı fəaliyyəti dərinləşdirmək üçün yeni imkanlar yaranacaq.

Tədbir çərçivəsində B2B formatında iş adamlarının görüşü təşkil olunub ki, bu, hər iki ölkə şirkətlərinin birbaşa əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Ümum?likdə, Almaniya-Azərbaycan biznes konfransında sahibkarlar və şirkətlər arasında iqtisadi əlaqələrin artırılması üçün əməkdaşlığın yeni gündəliyi müəyyənləşib.

E.CƏFƏRLİ