Biznesin İnkişafı Fondu 50 min - 10 milyon manat həcmində kreditlər təklif edir
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və yaşıl layihələrin reallaşmasına dəstək vermək məqsədilə yeni “Yaşıl kredit” məhsulunu təqdim edib. Fonddan bildirilib ki, bu kredit məhsulu çərçivəsində sahibkarlara 50 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5 faizədək faiz dərəcəsi ilə kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin ilkin mərhələsində sahibkarların maliyyə yükünü azaldır. Kredit məbləğinin 50 faizədək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20 faizini öz vəsaitləri hesabına təmin etməlidirlər.
“Yaşıl kredit” iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, bərpaolunan enerji, resurslardan səmərəli istifadə, karbon emissiyasının və tullantıların azaldılması kimi istiqamətlərdə layihələrin əsaslı xərclərinin maliyyələşdirilməsinə yönəlib. Bu maliyyələşmə mexanizmi yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə, ekoloji cəhətdən dayanıqlı biznes modellərinin inkişafına və sahibkarların yaşıl transformasiya prosesində iştirakının təşviqinə imkan verəcək.
2060-cı ilə qədər 44 milyard dollar ...
Azərbaycan hökuməti təmiz enerjiyə keçid strategiyası çərçivəsində karbon və metan emissiyalarının azaldılması, “yaşıl” texnologiyalara tətbiqin geniş yer verilməsi, “yaşıl iqtisadi resurslara” əsaslanan müasir istehsal və emal bölmələrinin yaradılması ilə bağlı ardıcıl addımlar atmaqdadır. “Azərbaycan-2030” konsepsiyasında müəyyən edilmiş beşinci milli prioritet - “Təmiz ətraf mühit və “yaşıl” inkişaf ölkəsi də bu prinsiplərə əsaslanır və əsas məqsəd karbonsuzlaşdırma yönümlü idarəetmənin təmin olunmasıdır. Bu baxımdan dünya ölkələrində geniş tətbiq olunan “yaşıl maliyyə” alətlərinə geniş yer verilməkdədir. Biznesə təklif edilən “yaşıl kredit” də bu strateji hədəfə xidmət edir.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin fikrincə, karbon emissiyalarının azaldılmasına xidmət edən həmin maliyyə təminatlarının qlobal səviyyədə yaradılması üçün yüz milyardlarla dollar lazımdır. Araşdırmalara görə, 2030-cu ilədək illik 8-9 trilyon dollar, 2050-ci ilə qədər isə illik 10-11 trilyon dollar iqlim maliyyəsi tələb olunur. Ümumilikdə isə “netto sıfır” üçün təxminən 270 trilyon dollar lazımdır. Azərbaycan qlobal alyansın üzvü kimi “yaşıl iqtisadiyyat” quruculuğunda “yaşıl maliyyə”nin əhəmiyyətinə xüsusi önəm verir və dayanıqlı maliyyə imkanlarını səfərbər etməyə çalışır. Qiymətləndirmələrə əsasən, Azərbaycanın karbon emissiyalarını azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyacı var. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun maliyyə təminatı ilə təmin edilə bilər.
“Yaşıl istiqraz və səhm” buraxılışına hazırlıq
Qeyd edək ki, ölkəmizdə “yaşıl kreditləşmə” üçün institusional baza və hüquqi çərçivə təmin olunub və beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilir. Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Yaşıl Taksonomiya” sənədi dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsi, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsi, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsini nəzərdə tutur. Məhz bu prinsiplərə uyğun olaraq bank sektoru bərpaolunan enerji, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” sahələrinə kreditləşməni artırıb.
Həmin hüquqi çərçivəyə əsasən, “yaşıl istiqrazlar”ın buraxılışı istiqamətində işlər aparılır. Azərbaycanın bank sistemi üçün bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir.
Eləcə də “yaşıl səhm”lərin də emissiyası prioritetlərdən biridir. Hazırda Dünya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin, Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avro vəsait xərcləyib. Azərbaycanın bank icması beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı və Avropa Komissiyası ilə bu istiqamətdə əməkdaşlığı artırmağı düşünür.
E.CƏFƏRLİ