Hərəkətə gələn rəsmlər

Animasiyalar xəyallara həyat verən sehrli dünyadır...

Bəzən bir obrazın baxışı, bir neçə saniyəlik hərəkət və ya rənglərin yaratdığı sehr uzun bir hekayənin çatdıra bilmədiyi duyğuları ifadə edir. Uşaqlıq xatirələrimizdə xüsusi yer tutan cizgi filmləri də məhz belə bir sehrə malikdir. Ekranda canlanan qəhrəmanlar bizi xəyallar aləminə aparmaqla yanaşı, dostluq, mərhəmət, cəsarət, ədalət və insanlıq haqqında düşündürür. Sadə görünən bu sənətin arxasında isə rəssamın təxəyyülü, texnologiyanın imkanları və böyük yaradıcılıq zəhməti dayanır.

Beynəlxalq Animasiya Günü bu sənətin yaranma tarixini, inkişaf yolunu və müasir dünyadakı əhəmiyyətini bir daha diqqətə çatdırır. Bu gün təkcə animasiya filmlərini sevənlər üçün deyil, təsvir vasitəsilə hekayə danışan, yeni dünyalar yaradan və insan təxəyyülünün sərhədlərini genişləndirən sənət adamları üçün də əlamətdar tarixdir.

Bir kəşfdən böyük sənətə doğru...

Animasiya bu gün kompüter qrafikası, üçölçülü modelləşdirmə və rəqəmsal effektlərlə assosiasiya olunsa da, onun tarixi müasir texnologiyalardan xeyli əvvələ gedib çıxır. İnsanların hərəkəti təsvir vasitəsilə canlandırmaq arzusu optik oyuncaqlardan, ardıcıl rəsmlərdən və müxtəlif mexaniki qurğulardan başlayaraq tədricən müstəqil sənət sahəsinə çevrilib.

1892-ci il oktyabrın 28-də fransız ixtiraçı və rəssam Şarl-Emil Reno Parisdəki Qrevin muzeyində özünün optik teatrı (“Theatre Optique”) vasitəsilə hərəkətli təsvirlər nümayiş etdirib. Bu hadisə animasiya tarixinin mühüm mərhələlərindən biri hesab olunur. Beynəlxalq Animasiya Günü də məhz həmin tarixi hadisənin ildönümü ilə əlaqədar qeyd edilir.

İllər keçdikcə texniki imkanlar genişlənib, animasiya sadə təsvirlərin hərəkətindən mürəkkəb süjetli filmlərə qədər inkişaf edib. Əvvəllər hər bir kadrın əl ilə çəkilməsi böyük vaxt və səbir tələb edirdisə, bu gün rəqəmsal texnologiyalar yaradıcı prosesin imkanlarını xeyli artırıb. Bununla belə, texnologiya nə qədər inkişaf etsə də, animasiyanın əsasını yenə də ideya, təsəvvür və hekayə təşkil edir.

Hər saniyənin arxasında böyük zəhmət dayanır

Ekranda cəmi bir neçə dəqiqə davam edən animasiya səhnəsinin hazırlanması bəzən həftələr, aylar, hətta daha uzun müddət tələb edir. Çünki tamaşaçının gördüyü hərəkət çoxsaylı kadrların, dəqiq hesablamaların və yaradıcı qərarların nəticəsidir.

Ənənəvi animasiyada qəhrəmanın hərəkəti ardıcıl rəsmlərlə yaradılır. Kadrlar sürətlə dəyişdikdə insan gözü bu təsvirləri bütöv hərəkət kimi qavrayır. Üçölçülü animasiyada isə personajların modelləri hazırlanır, onların hərəkətləri qurulur, işıq, kölgə, rəng və kamera bucaqları üzərində işlənilir. “Stop-motion” texnikasında real əşyalar və fiqurlar çox kiçik addımlarla hərəkət etdirilərək hər mərhələdə ayrıca çəkilir.

Bu prosesdə ssenarist, rejissor, rəssam, animator, səs rejissoru, bəstəkar və digər mütəxəssislər birgə çalışırlar. Personajın xarakterini yalnız onun görünüşü deyil, yerişi, mimikası, səs tonu və hətta susduğu anlar da müəyyənləşdirir. Məhz bu incəliklər təsvirə həyat verir və tamaşaçının ekrandakı qəhrəmanla emosional bağ qurmasına şərait yaradır.

Uşaqların dünyagörüşünə necə təsir edir?

Uşaqlar ətraf aləmi müşahidə etməklə yanaşı, gördükləri obrazların davranışlarından da öyrənirlər. Buna görə animasiya filmləri onların dünyagörüşünün, emosional reaksiyalarının və sosial münasibətlərə dair təsəvvürlərinin formalaşmasında müəyyən rol oynaya bilər.

Dostuna kömək edən qəhrəman uşağa həmrəyliyin, çətinlikdən qorxmayan personaj cəsarətin, səhvini etiraf edən obraz isə məsuliyyətin əhəmiyyətini göstərə bilər. Təbiətin qorunması, heyvanlara qayğı, fərqliliklərə hörmət və ailə münasibətləri kimi mövzular da animasiya vasitəsilə uşaqlara anlaşıqlı şəkildə çatdırılır. Ancaq burada mühüm məqam yalnız filmin rəngarəngliyi və əyləncəliliyi deyil, onun hansı mesajı verməsidir. Yaşa uyğun olmayan məzmun, həddindən artıq zorakılıq və aqressiv davranışların qəhrəmanlıq kimi təqdim edilməsi uşaqların qavrayışına mənfi təsir göstərə bilər. Buna görə valideynlərin seçilən animasiyanın məzmununa diqqət yetirməsi, uşaqlarla filmdə baş verənlər barədə söhbət aparması faydalıdır.

Birlikdə film izləmək və personajların qərarlarını müzakirə etmək uşağa hazır cavablar verməkdən daha çox düşünmək, səbəb-nəticə əlaqələrini anlamaq və öz fikrini ifadə etmək imkanı yaradır.

Animasiya yalnız uşaqlar üçün deyil

Cizgi filmlərinin əsasən uşaqlara ünvanlandığı düşüncəsi artıq çoxdan öz aktuallığını itirib. Müasir animasiya ailə münasibətlərindən insan psixologiyasına, tarixi hadisələrdən sosial problemlərə qədər geniş mövzuları əhatə edir. Bəzi əsərlər uşaqları əyləndirdiyi halda, böyükləri həyat seçimləri, itkilər, məsuliyyət və zamanın dəyəri haqqında düşünməyə sövq edir.

Animasiya mürəkkəb mövzuların izahında da mühüm vasitədir. Elmi proseslər, tibbi məlumatlar, astronomik hadisələr və texniki mexanizmlər hərəkətli təsvirlər vasitəsilə daha aydın göstərilə bilər. Təhsil platformalarında istifadə olunan animasiyalar abstrakt anlayışları vizuallaşdırır, mürəkkəb məlumatların yadda saxlanmasını asanlaşdıra bilir. Reklamdan memarlığa, videooyunlardan virtual reallığa qədər bir çox sahədə animasiya elementlərindən istifadə olunur. Bu da onun yalnız kino sənətinin bir istiqaməti deyil, müasir vizual mədəniyyətin mühüm hissəsi olduğunu göstərir.

Azərbaycan animasiyasının özünəməxsus yolu

Azərbaycan animasiya sənətinin tarixi də mədəniyyətimizin mühüm səhifələrindən biridir. Ölkəmizdə bu sahənin başlanğıcı 1930-cu illərə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasında animasiya filmlərinin yaradılması istiqamətində işlərə başlanılıb. 1935-ci ildə isə “Abbasın bədbəxtliyi” adlı ilk Azərbaycan animasiya filmi çəkilib. Bu ekran əsəri milli animasiya sənətinin təşəkkülündə mühüm yer tutur.

Sonrakı illərdə Azərbaycan animasiyası müxtəlif mövzulara müraciət edib. Xalq nağılları, ədəbiyyat nümunələri, satirik süjetlər və gündəlik həyat hadisələri ekran əsərlərinin əsas mövzuları sırasında yer alıb. “Cırtdan”, “Sehrli xalça”, “Qız qalası” və digər animasiya nümunələri bir neçə nəslin yaddaşında iz buraxıb.

Milli animasiyanın əhəmiyyəti yalnız uşaqları əyləndirməklə məhdudlaşmır. Bu əsərlər Azərbaycan dilinin, folklorunun, milli obrazların və mədəni dəyərlərin yeni nəslə çatdırılması baxımından da əhəmiyyətlidir. Nağıllarımızın, qəhrəmanlarımızın və ədəbi irsimizin müasir animasiya dili ilə təqdim edilməsi milli mədəniyyətin daha geniş auditoriyaya tanıdılmasına imkan yarada bilər.

Bu sahənin gələcək inkişafı üçün peşəkar kadrların hazırlanması, müasir texnologiyalardan istifadə, yaradıcı layihələrə dəstək və milli məzmunun beynəlxalq səviyyədə təqdim edilməsi vacibdir. Azərbaycan animatorlarının özünəməxsus vizual üslub yaratması, yerli hekayələri müasir tamaşaçıların marağına uyğun təqdim etməsi milli animasiyanın rəqabət imkanlarını genişləndirə bilər.

Yeganə BAYRAMOVA