İlham Əliyev: Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır
“Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”
Hər bir xalqın tarixi inkişaf yolunda onu bir arada saxlayan, milli kimliyini qoruyan, gələcəyə doğru vahid məqsədlər ətrafında səfərbər edən ideoloji dayaqları mövcuddur. Azərbaycan xalqı üçün belə fundamental mənəvi-siyasi təməl azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya yalnız milli mənsubiyyət və tarixi köklərlə bağlı anlayış deyil, eyni zamanda xalqımızın birliyini, həmrəyliyini, dövlətə bağlılığını və ortaq gələcəyə inamını müəyyənləşdirən mühüm dəyər sistemidir. Dünənimizdən aldığımız tarixi dərsləri bu günümüzün reallıqları ilə birləşdirərək sabahımıza istiqamət göstərən azərbaycançılıq milli inkişafımızın ideoloji kompası rolunu oynayır. Ümummilli Lider Heydər Əliyevin siyasi və fəlsəfi irsində xüsusi yer tutan bu ideologiya Onun dövlətçilik ideyalarının, xalqın bütövlüyü və milli həmrəyliyi naminə müəyyənləşdirdiyi strateji xəttin davamıdır. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində azərbaycançılıq cəmiyyətin bütün təbəqələrini, müxtəlif dünyagörüşlərini və fərqli sosial qrupları vahid milli məram ətrafında birləşdirən ümumxalq ideyasına çevrildi. Bu gün müstəqil dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərdə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında, xalqımızın öz gücünə və gələcəyinə inamının möhkəmlənməsində həmin ideoloji birliyin mühüm payı vardır. Azərbaycanın qazandığı uğurlar azərbaycançılığın yalnız mənəvi çağırış deyil, həm də real dövlətçilik gücü olduğunu təsdiqləyir.
1969-cu ildən başlanan yol
Xüsusi vurğulanmalıdır ki, bu milli ideyanın əsası hələ 1969-cu ildə Ulu Öndərin ilk dəfə ölkə rəhbəri seçilməsi ilə qoyulmuşdu. Nəinki tək sənayeləşdirmədə, həm də ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı, Azərbaycanın dünya miqyasında tanınması istiqamətində aparılan bütün fəaliyət Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi idi. Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq hisslərinə sadiqliyini qoruyub saxlayan Ulu Öndər ölkədə Ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Uzaqgörən rəhbər ziyalılarımızın, xüsusilə dilçi alimlərin Ana dilimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, Ulu Öndərə Ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi. Ulu Öndər milli kadrların, xüsusilə milli zabitlərin yetişməsi istiqamətində əsaslı addımlar atdı. Həmin dövrdə general Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat (lisey) məktəbinin açılması milli kadrların yetişməsi yönündə vacib qərarlardan biri sayılırdı. Ulu Öndər bu addımları ilə gələcək müstəqil Azərbaycanın təməllərini formalaşdırırdı.
Müstəqilliyimizin möhkəmlənməsində milli ideologiyanın rolu böyük idi
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə, iqtisadi inkişafımıza təkan verməklə, hüquqi dövlət quruculuğu prosesinin başlanması ilə yanaşı, cəmiyyətimizdəki ideoloji boşluğu aradan qaldırdı. Milli birliyin təmin olunması, vətəndaş həmrəyliyinin inkişaf etdirilməsi o dövrün Azərbaycanın inkişafının əsas komponenti qismində çıxış edirdi. Belə ki, ittifaqın dağılmasının, kommunist ideologiyasından imtinanın ardından yaranan boşluq və 1992-ci ildə silahlı yolla hakimiyyətə gələn AXC-“Müsavat” cütlüyünün yanlış siyasi xətt seçməsi nəticəndə gənc, müstəqil Azərbaycan dövlətində mərkəzdənqaçma və digər hallar təzahür etməyə başladı. Bunun nəticəsi idi ki, ölkəmizdə cəmiyyətin vahid konsepsiya ətrafında, vahid ideoloji xətt ətrafında birləşməsi mühüm şərtə çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ardından xalqı vahid ideologiyanın - azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirilməsi həm Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, həm də milli dövlətçiliyin qorunmasına xidmət göstərdi.
Dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik
Vurğulandığı kimi, azərbaycançılığın təməl prinsipləri Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinə əsaslanır. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfədə, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq: “Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq. Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik”.
Vurğulandığı kimi, tarixən yaşadılan, milli irsə çevrilən bu ideologiyanı məhz Ümummilli Lider Heydər Əliyev tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. Ulu Öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etdi. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlıya, soydaşımıza vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir. Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli Lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub.
Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır. Azərbaycan Konstitusiyasında ölkəmizdə milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında bərabərhüquqludur. Bu isə hüquqi dövlət prinsipini özünün prioriteti seçmiş Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təcəssümlərindən biridir. Müasir dövrümüzdə belə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində Azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.
Eləcə də, Azərbaycançılıq ideologiyası respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiya insanları cəmiyyətin tamhüquqlu üzvü olaraq özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir”.
Azərbaycançılıq ideyasını daim aktual edən cəhətlərdən biri isə onun multikulturalizm prinsipi ilə uzlaşması və buna xidmət edən dövlət siyasətidir. Bildiyimiz kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanların mehriban şəraitdə birgə yaşadığı məkan olub.
Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji xüsusiyyətləri hər zaman nəzərə alınır. Məhz buna görə də dövlət siyasəti səviyyəsinə qaldırılan azərbaycançılıq ideologiyası müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir. Bu səbəbdən də qonşu regionlarda dini, etnik zəmində yaşanan təlatümlər fonunda Azərbaycan “sabitlik adası” kimi öz yolunda irəliləməkdə davam edir.
P.İSMAYILOV