Antalyada Azərbaycan imzası...

Ölkəmizin COP31 mesajı

Yaşıl enerji, regional əməkdaşlıq və qlobal dialoq

İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil, dövlətlərin enerji təhlükəsizliyindən iqtisadi inkişafına, regional əməkdaşlıqdan beynəlxalq münasibətlərə qədər geniş sahələri əhatə edən qlobal çağırışdır. Bu çağırışların müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı bu il Türkiyənin Antalya şəhərində keçirilib. COP31 çərçivəsində Azərbaycanın yaratdığı pavilyon isə ölkənin yaşıl enerji gündəliyini, regional təşəbbüslərini və beynəlxalq dialoqa verdiyi töhfəni nümayiş etdirən məkan kimi diqqət çəkir.

“Dialoq Dəhlizi” adlandırılan pavilyon Azərbaycanın iqlim diplomatiyasına yanaşmasını, enerji keçidi sahəsindəki hədəflərini və Xəzər regionunda əməkdaşlıq imkanlarını vahid platformada birləşdirir. Bununla da Azərbaycan COP29-da formalaşdırdığı beynəlxalq dialoq ənənəsini növbəti konfransda da davam etdirir.

Dörd yaşıl enerji dəhlizi

Antalyadakı pavilyonun diqqətçəkən istiqamətlərindən biri Azərbaycanın yaşıl enerji sahəsində regional bağlantıların qurulmasına verdiyi önəmdir. Bu yanaşma ölkənin coğrafi mövqeyini yeni enerji xəritəsinin formalaşmasında üstünlüyə çevirmək məqsədi daşıyır.

Söhbət Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını Avropa bazarları ilə əlaqələndirəcək dörd yaşıl enerji dəhlizindən gedir. Bu marşrutlar sırasında Xəzər dənizini Qara dəniz vasitəsilə Avropaya bağlayacaq sualtı elektrik kabeli layihəsi, Mərkəzi Asiya istiqaməti, eləcə də Türkiyə, Gürcüstan və Bolqarıstan üzərindən keçən enerji bağlantıları yer alır.

Bu layihələrin əhəmiyyəti yalnız elektrik enerjisinin ixracı ilə məhdudlaşmır. Onlar region ölkələri arasında enerji əməkdaşlığının gücləndirilməsi, təchizat mənbələrinin şaxələndirilməsi və Avropanın təmiz enerji tələbatının qarşılanması baxımından da perspektiv vəd edir.

Noyabrın 11-də Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Antalyada keçirdiyi görüşlər də bu istiqamətdə əməkdaşlığın konkret müstəvidə müzakirə olunduğunu göstərir. Danimarkanın Vestas şirkəti ilə külək enerjisi layihələri, Səudiyyə Ərəbistanının ACWA şirkəti ilə külək və günəş enerjisi imkanları, NKT şirkəti ilə isə Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin sualtı kabel infrastrukturu ətrafında fikir mübadiləsi aparılıb. Beləliklə, Azərbaycan enerji resurslarının ənənəvi ixracatçısı olmaqla yanaşı, gələcəyin enerji marşrutlarının yaradılmasında da iştirak etməyə çalışır.

Bakıdan Belemə, Belemdən Antalyaya

Azərbaycanın COP platformasındakı fəaliyyəti yalnız milli pavilyonun təqdimatı ilə məhdudlaşmır. Ölkənin bu prosesdə əsas üstünlüklərindən biri COP29-a ev sahibliyi zamanı qazandığı təcrübəni beynəlxalq iqlim gündəliyinin inkişafına yönəltməsidir.

Xatırladaq ki, 2024-cü ildə Bakıda keçirilən COP29 qlobal iqlim maliyyələşdirilməsi baxımından mühüm qərarla yadda qaldı. Konfransda inkişaf etməkdə olan ölkələrə iqlim tədbirlərinin maliyyələşdirilməsi üçün 2035-ci ilədək hər il azı 300 milyard dollar vəsaitin səfərbər edilməsi barədə razılıq əldə olundu. Bundan əlavə, bütün maliyyə mənbələri hesabına bu məbləğin illik 1,3 trilyon dollara çatdırılması hədəfi müəyyənləşdirildi. Sonradan “Bakıdan Belemə 1,3 trilyon dollara yol xəritəsi” adlandırılan təşəbbüs bu maliyyə hədəfinin həyata keçirilməsinə istiqamətləndi.

Bu nəticə Azərbaycanın beynəlxalq iqlim danışıqlarında oynadığı rolun ən mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bakı sammiti zamanı iqlim maliyyəsi məsələsinin ön plana çıxarılması, inkişaf etməkdə olan dövlətlərin ehtiyaclarının beynəlxalq müzakirələrə gətirilməsi və mürəkkəb danışıqların ortaq qərarla yekunlaşdırılması ölkənin iqlim diplomatiyasına verdiyi töhfəni nümayiş etdirdi.

COP31-də isə diqqət həmin qərarların praktik müstəvidə davam etdirilməsinə, maliyyə mexanizmlərinin işləkliyinə və dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə yönəlir. Azərbaycan bu baxımdan təkcə əvvəlki konfransın ev sahibi deyil, həm də formalaşdırdığı təşəbbüslərin davamlılığında maraqlı tərəf kimi çıxış edir.

Yaşıl inkişafın yeni modeli: Qarabağ və Şərqi Zəngəzur

Azərbaycanın COP31-də təqdim etdiyi digər mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji və enerji layihələridir. Yaşıl Enerji Zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrinin istifadəsi, su elektrik stansiyalarının yaradılması, günəş enerjisi imkanlarının genişləndirilməsi və müasir infrastrukturun qurulması diqqət mərkəzindədir. Bu ərazilərdə aparılan bərpa işləri yalnız dağıdılmış infrastrukturun yenilənməsi kimi nəzərdən keçirilmir. Burada enerji səmərəliliyinin təmin edilməsi, ətraf mühitə təsirin azaldılması və müasir şəhərsalma prinsiplərinin tətbiqi də əsas prioritetlərdəndir.

COP31 pavilyonunda bu təcrübənin beynəlxalq ictimaiyyətə təqdim edilməsi Azərbaycanın postmünaqişə dövründə dayanıqlı inkişaf modelinə verdiyi önəmi göstərir. Xüsusilə, iqlimə davamlı yaşayış məntəqələrinin planlaşdırılması, rəqəmsal həllər və yaşıl infrastruktur kimi məsələlər bu təcrübənin digər ölkələr üçün də müzakirə mövzusuna çevrilməsinə imkan yaradır.

Bir maskotdan daha artıq məna...

Pavilyonun ən maraqlı və rəmzi elementlərindən biri Xəzər suitisinin rəsmi maskot seçilməsidir. İlk baxışdan sadəcə simvolik seçim təsiri bağışlasa da, bu qərarın arxasında ciddi ekoloji mesaj dayanır. Yalnız Xəzər dənizində yaşayan və nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu məməli növü dəniz ekosisteminin vəziyyətini əks etdirən mühüm göstəricilərdən biridir. Xəzərin səviyyəsindəki dəyişikliklər, suyun çirklənməsi, biomüxtəlifliyin azalması və yaşayış mühitinin daralması bu növün qorunmasını daha da aktuallaşdırır.

Azərbaycan pavilyonunda Xəzərin biomüxtəlifliyinə, suitilərin və nərə balıqlarının qorunmasına, eləcə də sahilyanı beş dövlətin birgə ekoloji təşəbbüslərinə xüsusi diqqət ayrılıb. Bu təqdimatın əsas mesajı aydındır: iqlim siyasəti yalnız enerji istehsalının dəyişdirilməsi ilə bitmir. Dənizlərin, meşələrin, canlı növlərin və bütövlükdə təbii ekosistemlərin qorunması da bu mübarizənin ayrılmaz hissəsidir.

Azərbaycanın COP təcrübəsi beynəlxalq əməkdaşlığa çevrilir

Azərbaycanın Antalyadakı fəaliyyəti bir neçə mühüm istiqamətin kəsişməsində formalaşır: yaşıl enerji infrastrukturu, regional tərəfdaşlıq, ekosistemlərin mühafizəsi, iqlim maliyyəsi və dayanıqlı inkişaf.

Diqqətçəkən məqamlardan biri də Azərbaycanın COP29-a ev sahibliyi zamanı əldə etdiyi təşkilati və diplomatik təcrübənin COP31-in hazırlıq prosesində də istifadə edilməsidir. Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayevin açıqlamasına görə, azərbaycanlı məsləhətçilər COP31-in hazırlıqlarının ilk günlərindən Türkiyə komandası ilə birgə çalışıblar. Onların əsas məqsədlərindən biri 200-ə yaxın ölkənin iştirakı ilə aparılan danışıqlarda razılaşmaların əldə olunmasına dəstək verməkdir.

Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq iqlim prosesindəki rolunun yalnız ev sahibliyi ilə məhdudlaşmadığını göstərir. Ölkə həm də təcrübəsini bölüşən, yeni tərəfdaşlıqlar quran və qlobal qərarların icrasına töhfə verməyə çalışan iştirakçı kimi çıxış edir. COP31-in Türkiyədə keçirilməsi Azərbaycan üçün qardaş ölkə ilə əməkdaşlığın beynəlxalq platformada nümayişi baxımından da əhəmiyyətlidir. Türkiyənin təşkilati rəhbərliyi, Avstraliyanın isə danışıqlara rəhbərlik etdiyi bu sammitdə Bakıdan gələn təcrübənin nəzərə alınması ölkəmizin əvvəlki konfransda qazandığı etimadın davamı kimi qiymətləndirilə bilər.

Yaşıl gələcəyi ortaq fəaliyyətlə qurmaq

Antalyadakı “Dialoq Dəhlizi” pavilyonunun mahiyyəti, əslində, adının özündə ifadə olunur. Müxtəlif ölkələri, iqtisadi maraqları, enerji ehtiyaclarını və ekoloji prioritetləri bir araya gətirən bu platforma dialoqu konkret əməkdaşlığa çevirmək məqsədi daşıyır.

Azərbaycanın COP29-dan sonra COP30 və COP31-də nümayiş etdirdiyi yanaşma bir məqamı ön plana çıxarır: iqlim dəyişmələri ilə mübarizə ayrı-ayrı dövlətlərin səyləri ilə nəticə verə bilməz. Bunun üçün maliyyə, texnologiya, təcrübə və siyasi iradə birləşdirilməlidir.

Bu mənada Azərbaycanın qarşıya qoyduğu məqsəd yalnız yaşıl enerji potensialını nümayiş etdirmək deyil, həm də regionun enerji və ekoloji təhlükəsizliyinə töhfə verən təşəbbüsləri beynəlxalq əməkdaşlığın bir hissəsinə çevirməkdir. Antalyadakı pavilyon isə bu məqsədin təqdimat məkanı olmaqla yanaşı, yeni tərəfdaşlıqların və gələcək layihələrin müzakirə olunduğu platforma rolunu oynayır.

Qeyd edək ki, COP31 noyabrın 20-dək davam edəcək. Beləliklə, qarşıdakı günlərdə Azərbaycanın pavilyonunda keçiriləcək görüşlər və müzakirələr ölkənin yaşıl inkişaf gündəliyinin yeni istiqamətlərini müəyyənləşdirmək baxımından da əhəmiyyət daşıyacaq.

Yeganə BAYRAMOVA