Bir Zirvədə neçə-neçə zirvələr fəth etmək siyasəti buna deyərlər!

Bir Zirvədə neçə-neçə zirvələr fəth etmək siyasəti buna deyərlər!

Əslində Azərbaycan Prezidentinə göstərilən yüksək diqqət və simpatiya baxımından “Avropa Siyasi Birliyi”nin Dublin sammiti COP31-in Antalya sessiyasından başlamışdı. Diqqətli izləyicilər dövlət başçımıza Avropa ölkələrinin liderləri daxil, bir çox dövlət və hökumət başçılarının şəxsi simpatiyasını ifadə etdiklərini məmnuniyyətlə izləyiblər yəqin...

Növbəti səfərdə - İrlandiyanın paytaxtı Dublində öz işinə başlayan Avropa Siyasi Birliyinin 9-cu sammitində və sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də hər birimiz yüksək münasibəti müşahidə etdik. Əslində artıq bu mənzərə bizim üçün yenilik deyil, illərdir davam edən münasibətlərdir.

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, ilk növbədə regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir. Azərbaycanın coğrafi mövqeyi, qovşaq missiyasını həyata keçirməsi, böyük potensialı, getdikcə artan geosiyasi çəkisi, təhlükəsizlik aritektirasına sahiblənməsi, nəqliyyat və logistika dəhlizlərinə malik olması, enerji resursları, nəhəng “yaşıl enerji” imkanları ölkəmizi Avropa üçün daha da cəlbedici edir. Amma paralel şəkildə İlham Əliyev personası dövlətimizə və dövlət başçımıza olan diqqəti bütün beynəlxalq platformalarda artırır. Bu mənada 2022-ci ilin oktyabrında təşkilatın təməlqoyma prosesində Azərbaycanın yer alması tamamilə məntiqəuyğun idi. Xatırlatmaq yerinə düşər, məhz tədbir çərçivəsində keçirilən dördtərəfli görüşdə Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlət başçımızın bütün təşkilatlarla münasibətlərin təməlində dövlətimizin və millətimizin maraqlarını önə sürdüyünü bir daha təsdiqlədi. Necə ki, hələ işğal illərində Avropa İttifaqı ilə münasibətlərin qurulmasında Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vazkeçilməz şərt olduğunu görüşlərdə birmənalı bəyan edirdi. Ən kritik məqamlarda belə milli maraqlardan zərrə qədər geri çəkilməyən Liderə simpatiyanın olması təbiidir.

Müstəqil siyasət sürüdən Azərbaycanın qatıldığı “Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji, nəqliyyat və digər sahələrdə tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.  

Bu dəfə də istisna olmadı: əvvəlki illərdə olduğu kimi, Dublin sammitində də Prezident İlham Əliyevin ikitərəfli görüşləri qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilmişdi. Beynəlxalq platformalarda keçirilən görüşlər bir qayda olaraq məhz qarşı tərəfin müraciəti əsasında reallaşıb. Həmçinin Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlər məhz bu qaydada baş tutub. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri dövlətimizin başçısının şəxsi nüfuzunu, ölkəmizin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələrdəndir. Unutmamışıq, bir sıra dövlət başçıları olub ki, Azərbaycan Prezidentinin təcrübəsindən yararlandıqlarını etiraf ediblər, ondan öyrəndiklərini dilə gətiriblər. Avropa ölkələrinin və beynəlxalq təşkilatların liderləri ilə münasibətlərin səviyyəsi keçirilən çoxsaylı görüşlərin seriyasına diqqət edəndə aydın olur. Bu görüşlərdə də təşəbbüs məhz qarşı tərəfdən gəlir. Özü də şəxsi təşəbbüsləri ilə qəbula gəliblər. Siyahıya diqqət edək: 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kos Bakıya səfər edib; 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Azərbaycana səfər edib; 2026-cı ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana işgüzar səfər edib...

Bunlar sadəcə son zamanların səfərləridir. Düzdür, bəzən naxələflik edənlər də olur. Məsələn, kritik zamanlarda Azərbaycandan daha çox mavi yanacaq almaq üçün növbəyə dayananlar bir də görürsən ölkəmizə münasibətdə ikili standartlarla yanaşanların sırasında səf tutur, yaxud da Avropa Parlamenti, AŞPA kimi anti-Azərbaycan, erməni klublarının simasızlığına biganə qalırlar. Amma dövlətimiz təmkinli və ləyaqətli siyasəti ilə əməkdaşlıq körpülərini yandırmamaqdan ötrü münasibətlərin korlanmasına yönəlik addımlar atmır...    

Bu, bir gerçəklikdir ki, Azərbaycanın enerji və nəqliyyat sahəsində yaratdığı strateji imkanlar ölkəmizin beynəlxalq siyasi çəkisinin mühüm dayaqlarındandır. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər üzərindən inkişaf etdirilən yeni bağlantılar Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə rolunu genişləndirir. Əsas devizi “Avropa: güclü, təhlükəsiz və əlaqəli” olan Dublin sammitinin əsas müzakirə mövzuları sırasında enerji təchizatı və bağlantıların yer alması Azərbaycanın artıq konkret layihələr həyata keçirdiyi bu istiqamətlərin Avropa üçün strateji əhəmiyyət daşıdığını göstərir. Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu 2022-ci ildə imzalanıb və ölkəmiz öhdəliklərinə daim əməl edib. Diqqət edin, Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Azərbaycan qazı dağıdıcı Rusiya-Ukrayna müharibəsinin gedişində Avropa üçün xilaskar rolunu oynayır, bunu Avropa liderləri də etiraf edirlər. Amma hələ qarşıda Avropanın üzünə digər imkanlar açılacaq, söhbət yaşıl enerjidən gedir. Bu gün yaşıl enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Təkcə Biləsuvarda günəş enerjisi layihəsi üzrə 943 mindən çox panel quraşdırılacaq. Xəzər dənizinin külək enerjisi potensialı, həmçinin, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. O cümlədən nəqliyyat və logistika sahəsində Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini  kifayət qədər artırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ASB sammitlərində iştirakı və onların çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın Avropa siyasi məkanındakı fəal diplomatik mövqeyini nümayiş etdirir. Təxminən 50 dövlət və hökumət başçısını bir araya gətirən bu toplantı Avropanın təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə bağlı prioritetlərinin müzakirəsi baxımından mühüm siyasi platformadır. Belə bir platformada Prezident İlham Əliyevin dəvət olunması və iştirakı davamlı xarakter alıb. Sözü də imzası qədər etibara, etimada malik Liderin 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən ASB-nin 1-ci Sammitindən başlayaraq, biri istisna olmaqla, bütün tədbirlərində şəxsən iştirakı, 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvan şəhərindəki 8-ci Sammitdə isə videobağlantı formatında çıxış etməsi onun nə qədər stabil və güvənli siyasət yürütməsinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin Dublində dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərin siyahısı da kifayət qədər genişdir: Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Litva Prezidenti Gitanas Nauseda ilə görüşlər ümumi atmosfer və münasibətlər sistemi ilə bağlı təsəvvür formalaşdırır. Burada ən müxtəlif cinahların, həmçinin dünənə qədər Azərbaycana fərqli gözlə baxan ölkələrin rəhbərləri var, amma hər biri Prezident İlham Əliyevlə görüşməkdən məmnundurlar. Elə Ermənistanın hökumət başçısı ilə görüşdə əldə olunan razılaşmaları vurğulasaq, kifayətdir.

Amma bütün bunlarla da bitmədi: Prezident İlham Əliyev Britaniyanın Baş naziri Endi Börnhemlə görüşdü, “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzaladı. Avropanın nəhəng dövləti ilə imzalanan sənəd tarixi əhəmiyyət daşıyır. Düzdür, Britaniya Azərbaycana dost ölkələrdəndir və Vətən müharibəsi dönəmində də bu ölkənin diplomatik dəstəyini məmnuniyyətlə xatırlayırıq. “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” isə bu münasibətləri daha da dönməz edəcək. Bir Zirvədə neçə-neçə zirvələr fəth etmək siyasəti buna deyərlər! Bayrağı Vətən sərhədlərini bəzəyən ölkənin dinc-quruculuq illərində nəinki regionumuzda, həmçinin qlobal məkanda qazandığı tarix uğurlar qürurlandırmaqda davam edir!

2028-ci ildə Avropanın nəzər-diqqəti növbəti dəfə Azərbaycana yönələcək: paytaxt Bakı “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi edəcək. Müstəqil siyasət yürüdən ölkəmizin çoxtərəfli diplomatiyasında mühüm mərhələ başlayıb. Avropa ölkələri ilə siyasi dialoqun inkişaf etdirilməsi üçün əlavə platforma rolunu oynayan ASB-nin Bakı Zirvəsinin digərlərindən fərqlənəcəyinə şübhəmiz yoxdur. Necə ki, Azərbaycan sədrlik etdiyi, hətta dünənədək fəaliyyətsiz olan təşkilatlara belə “can” verməyi bacarıb, öz adına uyğun şəkildə! Bizə hörmətlə yanaşanlara hörmətlə yanaşacağıq, qazımızdan da ayıracağıq, günəşli ölkəmizin enerjisindən də, küləklər şəhəri olan Bakımızın küləyinin faydasından da...Yetər ki, münasibətlərdə sərhədlərini tanısınlar! Yoxsa münasibətlər sistemində “delimitasiya və demarkasiya” üçün uzun illər lazım olacaq, necə ki, Avropanın bəzi qərəzli təşkilatları bu taleyi yaşayır, Azərbaycan isə onlara gözlərinin ucu ilə belə baxmır...Biz qarşılıqlı hörmət olan yerdə gözlərimiz üstündə saxlayırıq, gözümüzdən düşənlərin isə aqibəti bəllidir!

Elşad Paşasoy