Aİ-nin Ermənistandakı “durbin komandası”nın ləğvi zəruridir
3 Avropa dövlətinin polis attaşesi sərhəddə nə axtarır?
Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasətin əsas məqsədi regionda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsidir. Rəsmi Bakı müharibədən sonrakı dövrdə formalaşdırdığı yeni reallıqları qarşıdurmanın davam etdirilməsi üçün deyil, bölgədə münasibətlərin tamamilə yeni müstəvidə qurulması üçün əsas hesab edir. Azərbaycanın təşəbbüsləri, regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar bu siyasətin konkret ifadəsidir. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi üçün tarixi imkan yaradıb.
Təəssüfləndirici haldır ki, regionda yeni siyasi reallıqların qəbul edilməsi və sülh gündəliyinin irəli aparılması ilə bağlı bütün tərəflərin yanaşması eyni deyil. Ermənistanın bəzi addımları, xüsusilə xarici aktorların bölgədəki mövcudluğunun artırılmasına hesablanan qərarları etimad mühitinə mənfi təsir göstərir. Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirilmiş mülki müşahidə missiyasının fəaliyyətinin davam etdirilməsi də bu baxımdan ciddi suallar doğurur. Halbuki indiki mərhələdə əsas ehtiyac sərhədlərdə kənar müşahidəçilərin sayını artırmaq deyil, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu, qarşılıqlı etimadı və sülhün praktiki mexanizmlərini gücləndirməkdir. Sülhün bəyanatlarla deyil, real addımlarla möhkəmləndirilməli olduğu bir vaxtda missiyanın fəaliyyətinin hansı zərurətdən irəli gəldiyi aydın izah edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, ötən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişində həmçinin qeyd olunub ki, tərəflər sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Bununla belə, Ermənistan imzaladığı sənədə riayət etmir...
Sülhə mane missiya...
Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının (EUMA) yaradılması 2022-ci ilin payızında regionda baş verən hadisələrdən sonra gündəmə gəlib. Həmin il oktyabrın 20-dən dekabrın 19-dək Avropa İttifaqının Gürcüstandakı müşahidə missiyasından olan mütəxəssislər Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müvəqqəti müşahidə fəaliyyəti həyata keçiriblər. Ardınca Ermənistan hakimiyyətinin müraciəti əsasında Aİ Şurası 2023-cü il yanvarın 23-də yeni missiyanın yaradılması haqqında qərar qəbul edib. Fevralın 20-də isə EUMA rəsmi fəaliyyətə başlayıb. İlkin mərhələdə missiyanın təxminən 100 nəfərdən, o cümlədən 50-yə yaxın silahsız müşahidəçidən ibarət olması nəzərdə tutulmuşdu. Lakin qısa müddət sonra onun fəaliyyəti və heyəti genişləndirildi. 2023-cü il dekabrın 11-də Aİ Xarici İşlər Şurası missiyanın şəxsi heyətinin 138 nəfərdən 209 nəfərədək artırılmasını razılaşdırdı. 2025-ci ildə mandatın növbəti iki il müddətinə uzadılması ilə heyətin sayı 225 nəfərədək müəyyənləşdirildi: 166 beynəlxalq və 59 yerli əməkdaş. Onlar 25 Aİ üzv dövlətindən və Kanadadan olan nümayəndələrdir.
Burada diqqətçəkən əsas məqam missiyanın müvəqqəti xarakter daşımalı olduğu halda, fəaliyyət müddətinin ardıcıl şəkildə uzadılması və miqyasının genişləndirilməsidir. Aİ Şurasının 2025-ci il yanvarın 30-da qəbul etdiyi qərara əsasən, missiyanın hazırkı mandatı 2027-ci il fevralın 19-dək qüvvədədir. Bu müddət ərzində onun fəaliyyəti üçün 44 milyon avrodan artıq vəsait ayrılıb. Beləliklə, əvvəlcə sərhəd bölgələrində “sabitliyə töhfə vermək” məqsədilə yaradıldığı bildirilən mexanizm artıq kifayət qədər böyük maliyyə və insan resurslarına malik məqsədi “qeyri-müəyyət durbinçilik” olan “struktura” çevrilib.
3 ölkənin polis attaşesi nəyə “baxır”?
Ortaya maraqlı sual çıxır - Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəli aparıldığı, tərəflərin birbaşa dialoqun vacibliyini qəbul etdiyi bir vaxtda bu missiyanın genişləndirilməsinə hansı zərurət var? Regionda sülhün təmin olunması üçün yaradılan mexanizm niyə öz fəaliyyətinin miqyasını azaltmaq əvəzinə genişləndirir? Bu suallar Ermənistanın xarici aktorların bölgədəki mövcudluğuna münasibətinin də mahiyyətini açır.
Yeri gəlmişkən, İtaliya, Polşa və Niderlanddan olan polis attaşelərindən ibarət nümayəndə heyəti Avropa İttifaqının Ermənistandakı missiyasını ziyarət edib. Bu barədə Aİ-nin Ermənistandakı missiyası məlumat verib. “Missiya rəhbəri Satu Koivu həmkarları ilə birlikdə nümayəndə heyətini salamladı, missiyanın fəaliyyətini təqdim etdi, mövcud vəziyyət barədə məlumat verdi və nümayəndə heyətinin suallarını cavablandırdı”, - deyə xəbər verilir. “Nümayəndə heyəti həmçinin missiyanın Qafan ofisini ziyarət edərək, Aqarak və Mehri ərazilərində patrul turunda iştirak edib”, - deyə açıqlamada bildirilir.
Cənubi Qafqazda baş verən son hadisələr göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi artıq yeni mərhələyə qədəm qoyub. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar, sonrakı siyasi təmaslar və son olaraq 2026-cı il noyabrın 12-də Dublin görüşündə sülh gündəliyinin davam etdirilməsi ilə bağlı müzakirələr tərəflərin qarşıdurmadan əməkdaşlığa keçmək imkanlarının mövcudluğunu təsdiqləyir. Artıq əsas müzakirə mövzuları sərhəddə hərbi qarşıdurma deyil, delimitasiya, nəqliyyat-kommunikasiya əlaqələri, ticarət və etimad quruculuğudur. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının həyata keçirilməsi də yeni münasibətlərin formalaşmasının praktik göstəricilərindəndir.
Belə bir şəraitdə Ermənistan ərazisində, Azərbaycanla sərhəd boyunca Avropa İttifaqının 200-dən artıq əməkdaşının fəaliyyət göstərməsi hansı zərurətdən irəli gəlir? Və ya Avropa dövlətlərinin polis attaşelərinin sərhəddə nə işi var? Missiyanın öz açıqlamalarına görə, onun əməkdaşları patrullar həyata keçirir, təhlükəsizlik vəziyyətini müşahidə edir, yerli sakinlərlə görüşür və əldə etdikləri məlumatları Brüsselə təqdim edirlər. 2025-ci ilin aprelində missiya 5000-ci patrulunu həyata keçirdiyini açıqlamışdı. Deməli, söhbət epizodik səfərlərdən deyil, geniş ərazini əhatə edən, sistemli və davamlı müşahidə fəaliyyətindən gedir.
Əlbəttə, Aİ bu fəaliyyəti sülhə və təhlükəsizliyə töhfə kimi təqdim edir. Lakin prinsipial sual dəyişmir: əgər tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində real irəliləyiş varsa, sərhəddə kənar müşahidə mexanizminin əvvəlki miqyasda saxlanılması nəyə xidmət edir? Bu missiyanın fəaliyyəti hansı konkret təhlükənin mövcudluğunu təsdiqləyir? Hansı yeni faktlar onun genişləndirilməsini zəruri edir? Daha da əhəmiyyətlisi, müşahidə missiyasının mövcudluğu Ermənistan cəmiyyətində qarşı tərəflə bağlı təhlükə təsəvvürlərinin davam etməsinə şərait yaratmırmı? Bu, sülhə zərbə deyilmi?
Sülh bəyanatları ilə missiyanın fəaliyyəti arasında ziddiyyət
Avropa İttifaqı rəsmiləri müxtəlif platformalarda Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını dəstəklədiklərini bəyan edirlər. Bu mövqenin ən aydın ifadələrindən biri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 2026-cı il martın 11-də Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə qəbul etdiyi birgə mətbuat bəyanatında öz əksini tapıb. Sənədin bəndlərində bildirilir ki, Cənubi Qafqazda sülh prosesi dəstəklənir, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar yüksək qiymətləndirilir. Hətta bəyanatda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, mina probleminin miqyası qeyd olunur, humanitar minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına çağırış edilir. Deməli, Aİ Azərbaycanın postmünaqişə dövründəki reallıqlarını və regionun inkişafı üçün gördüyü işləri də rəsmi sənəddə təsdiqləyir. Amma ortada ziddiyyət var - bir tərəfdən, Brüssel ayırıcı xətlərdən azad Cənubi Qafqaz istəyir, digər tərəfdən isə Ermənistan ərazisində sərhəd boyunca geniş müşahidə infrastrukturunun fəaliyyətini davam etdirir. Əgər Aİ həqiqətən də Azərbaycanın və Ermənistanın ikitərəfli dialoquna üstünlük verirsə, onda kənar müşahidə mexanizminin ləğvi aktuallaşmalıdır. Sülhü dəstəklədiyini bəyan edən qurumun fəaliyyəti yeni reallıqlara uyğunlaşmalı, tərəflər arasında etimadın güclənməsinə xidmət etməlidir. Əks halda, xoş niyyətli bəyanatlarla praktiki siyasət arasındakı fərq daha da dərinləşir...
P.İSMAYILOV