YAP Ağdam rayon təşkilatında VIII Qurultayın qərarlarına həsr olunmuş silsilə tədbirlər davam etdirilir

30 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Ağdam Dövlət Dram Teatrı ərazi partiya təşkilatında VIII Qurultayın qərarları və Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi fəaliyyət istiqamətləri ilə bağlı tədbir keçirilmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Həmçinin Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə iştirak edənlər YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev,  Ağdam Dövlət Dram Teatrı ərazi partiya təşkilatının sədri Zöhrab İmaməliyev, “Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Hətəmov, rejissor Racu Şıxlı və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlətçilik ənənələrinin qorunmasında və milli maraqların müdafiəsindəki fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, Prezident və YAP sədri Cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirdiyi diqqətə çatdırılıb.

Müzakirələrdə Azərbaycanın əldə etdiyi tarixi uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər xüsusi qeyd olunub. İştirakçılar bu proseslərin ölkəmizin davamlı inkişafına və dövlətçiliyimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.

Eyni zamanda, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakının təşviqi, üzvlərlə işin təkmilləşdirilməsi və əhali ilə əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.