Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkil etdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün biz Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir tarixi, milli qürurumuzu, qəhrəmanlıq salnaməmizi və gələcək nəsillərə ötürəcəyimiz müqəddəs bir əmanəti yad etmək üçün bir araya gəlmişik: “Azərbaycanın Zəfər tarixi bir xalqın öz taleyinə sahib çıxmasının, milli iradəsinin, birliyinin və sarsılmaz dövlətçilik əzminin tarixidir. Bu tarix illərlə qəlbimizdə yaşatdığımız bir arzunun, Vətən torpaqlarına qayıdışın, ədalətin bərpasının və milli qürurumuzun təntənəsidir. Bu möhtəşəm Zəfər millətimizin yaddaşına yalnız hərbi Qələbə kimi deyil, həm də tarixi ədalətin və milli ləyaqətin bərpası, dövlətimizin qüdrətinin, əsrlər boyu öz milli kimliyini qoruyub saxlayan xalqımızın sarsılmaz iradəsinin təcəssümü və yenilməz ruhunun təntənəsi kimi əbədi həkk olunmuşdur. Lakin biz bu gün Zəfərdən danışarkən onun ən ağır bədəlini də unutmamalıyıq. Hər bir Zəfərin arxasında bir qəhrəmanlıq, hər bir qəhrəmanlığın arxasında isə bir insan taleyi dayanır. Şəhidlərimizin qəhrəmanlığı yalnız döyüş meydanında göstərdikləri igidliklə ölçülmür. Onların hər biri gələcək nəsillərə Vətənə sədaqət, torpağa bağlılıq və milli ləyaqət nümunəsidir”.
YAP Sədrinin müavini vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı hesabına ucalan üçrəngli bayrağımız milli istiqlaliyyət rəmzi kimi əzəmətlə dalğalanır, Azərbaycan dövləti və xalqı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşmüş mübariz Vətən övladlarının əziz xatirəsini daim uca tutur: “Şəhid ailələrinə və qazilərə göstərilən diqqət dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər müstəsna əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibədən zərər çəkmiş insanlara və onların övladlarına humanizmə, mərhəmətə və insan amilinə əsaslanan diqqət və qayğısı cəmiyyətimizdə mənəvi həmrəyliyin güclənməsinə xidmət edir. Bu qayğı yalnız maddi dəstəklə məhdudlaşmır: o, insanın dərdinə şərik olmaq, ailənin yanında dayanmaq, gələcəyə ümid vermək deməkdir. Müzəffər Ali Baş Komandanımızın 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması barədə müjdəni məhz Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı verməsi Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ali ehtiram nümunəsidir. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.
Tahir Budaqov bildirib ki, möhtəşəm Zəfərimizin hər bir ildönümü bizi şanlı tariximizə yenidən nəzər salmağa və gələcək nəsillər qarşısında məsuliyyətimizi aydın müəyyənləşdirməyə sövq edir: “Bu Zəfər bir gündə qazanılmadı. Onun təməlində illərlə aparılan dövlət quruculuğu, güclənən iqtisadiyyat, formalaşan müasir ordu, xalqımızın birliyi və ən əsası, Vətən sevgisi dayanırdı. Bu tarixi yolun möhkəm təməli Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, uzaqgörənliyi və dövlətçilik irsi ilə bağlıdır. Ulu Öndər güclü Azərbaycan dövlətinin qurulmasına, milli ordumuzun formalaşmasına və xalqımızın özünəinamının möhkəmlənməsinə böyük töhfələr verdi. Onun müəyyən etdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın inkişaf yolunda mühüm istiqamət oldu. Dahi şəxsiyyətin müdrik siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etdi və böyük Zəfər yolunun əsasını qoydu. 2003-cü ildə xalqımız Heydər Əliyev yoluna sədaqət nümayiş etdirərək cənab İlham Əliyevə yüksək etimad göstərmişdir ki, bu da Ümummilli Liderin müəyyənləşdirdiyi siyasətin alternativsizliyinə qətiyyətli inamın birmənalı ifadəsidir. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı davamlı tərəqqi yoluna çıxarmışdır. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirmişdir. Cənab İlham Əliyevin ata vəsiyyətinə əsaslanan qətiyyətli siyasəti nəticəsində iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran və beynəlxalq mövqeyini möhkəmləndirən ölkəmizin ərazi bütövlüyünün və mütləq suverenliyinin təmin olunması isə xalqımızın milli qürurunun bariz təcəssümü və dövlətçilik tariximizin şanlı səhifəsi olmaqla, vaxtilə “Bütün işğal olunmuş torpaqlar Azərbaycan xalqının iradəsi, qəhrəman oğulların şücaəti ilə azad olunacaqdır”, - deyən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsidir”.
YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, müasir dövlətçilik tariximizin taleyüklü mərhələsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqisinə və dövlətçiliyimizin möhkəmlənməsinə müstəsna töhfələr vermişdir: “Şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası təşkilati və ideoloji potensialını daha da gücləndirərək ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyini daha da möhkəmləndirmiş və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilmişdir. Bu gün qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürərək siyasi plüralizmi təşviq edən partiyamız avanqard siyasi qüvvə kimi milli maraqların müdafiəsi, xalq-iqtidar birliyinin və ictimai-siyasi sabitliyin qorunması, dövlətçilik ənənələrinin yaşadılması istiqamətində fəaliyyətini müvəffəqiyyətlə davam etdirir”.
“YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyamızın fəaliyyətinə yüksək qiymət verməklə qarşımızda duran başlıca vəzifələri və gələcəyə yönəlik strateji hədəfləri də dəqiq müəyyən etmişdir. Zəfər bizə yalnız torpaqlarımızın azadlığını deyil, həm də böyük məsuliyyət bəxş edib. İndi qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpası, doğma yurdlarına qayıdan insanların həyatının yenidən qurulması, şəhər və kəndlərimizin dirçəldilməsi, gələcək nəsillər üçün təhlükəsiz və firavan Azərbaycanın yaradılması kimi mühüm vəzifələr dayanır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Böyük Qayıdış prosesi Zəfərimizin yeni mərhələsidir. Torpaqlarımıza qayıdış yalnız evlərə qayıdış deyil; bu, yaddaşımıza, köklərimizə, tarixi irsimizə və gələcəyimizə qayıdışdır. Azərbaycan xalqının gücü onun birliyindədir. Biz çətin günlərdə bir yumruq kimi birləşdik, Vətənimizin taleyi qarşısında məsuliyyətimizi dərk etdik və tarix yazdıq. Bu birlik bundan sonra da dövlətimizin inkişafının, sülhün, sabitliyin və gələcək uğurlarımızın əsas dayağı olmalıdır. Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin bərpası nəticəsində yaranmış yeni reallıqlar fonunda başlıca məqsədimiz bugünədək qazandığımız tarixi nailiyyətləri qorumaqla dövlət müstəqilliyini daha da möhkəmləndirmək və ölkəmizin davamlı inkişafını təmin etməkdir. Bu mühüm vəzifələrin həyata keçirilməsində ümumxalq etimadını doğruldan Yeni Azərbaycan Partiyasının üzərinə böyük məsuliyyət düşür”, - deyə Tahir Budaqov əlavə edib.
Müasir dövrdə dövlətin gücünün yalnız iqtisadi göstəricilər, hərbi imkanlar və beynəlxalq nüfuzla ölçülmədiyini söyləyən YAP Sədrinin müavini qeyd edib ki, milli gücün mühüm dayaqlarından biri də xalqın mənəvi dəyərlərə bağlılığı, dövlətçilik təfəkkürü, tarixi yaddaşı və gələcəyə baxışıdır: “Çünki tarixini tanıyan xalq öz kimliyini daha yaxşı dərk edir, keçmişindən güc alır və gələcəyini daha inamla qurur. Biz istəyirik ki, böyüyən nəsil Zəfər tarixini yalnız dərsliklərdəki tarixlər kimi deyil, öz ailəsinin, öz xalqının və öz dövlətinin taleyi kimi qəbul etsin. Bilsin ki, bu gün dalğalanan üçrəngli bayrağımızın arxasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgərlərimizin igidliyi, xalqımızın birliyi və dövlətimizin qətiyyəti dayanır. Bu gün qlobal informasiya məkanında sürətli dəyişikliklərin baş verməsi, rəqəmsal texnologiyaların, o cümlədən süni intellektin həyatın müxtəlif sahələrinə təsirinin genişlənməsi, sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolunun artması dövlət siyasətinin mühüm prioritetlərindən biri olan ideoloji işin yeni reallıqlara və müasir çağırışlara uyğun təkmilləşdirilməsini zəruri edir. Belə bir şəraitdə qabaqcıl kommunikasiya texnologiyalarından istifadə edərək dövlət siyasətinin mahiyyəti və nəticələri barədə ictimaiyyətə dolğun məlumat çatdırmaq, cəmiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirmək, Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya düzgün təqdim etmək və dezinformasiya kampaniyalarına qarşı ardıcıl mübarizə aparmaq olduqca önəmlidir. Bu istiqamətdə sistemli fəaliyyətin mühüm tərkib hissəsi olaraq bütün uğurlarımızın və möhtəşəm Zəfərimizin əsaslarını təşkil edən Heydər Əliyev ideyalarının və azərbaycançılıq ideologiyasının təşviqi, Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasının təbliği, tarixi yaddaşın qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə işlər fasiləsiz davam etdirilməlidir. Bu xüsusda dövlət qurumları, geniş ictimaiyyət və Yeni Azərbaycan Partiyasının yerli təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir. Hər bir partiya fəalı ictimai etimadın gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi məqsədilə sağlam dialoqa üstünlük verərək və yüksək siyasi mədəniyyət nümayiş etdirərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.
“Qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsi olan 8 Noyabr - Zəfər Günü, həmçinin qarşıdan gələn 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə hər birinizi təbrik edir, möhkəm cansağlığı və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Yaşasın müstəqil və qalib Azərbaycan! Eşq olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə!”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev çıxışında bildirib ki, Zəfər tariximizin hər bir səhifəsi düşünülmüş siyasətin, hərbi peşəkarlığın, qətiyyətli qərarların və xalq-ordu birliyinin təntənəsidir. Onun sözlərinə görə, Azərbaycan tarixi Zəfəri ilə işğala son qoymaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı: “Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli iradənin və tarixi ədalətin təntənəsi kimi unudulmazdır. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VIII Qurultayında “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, 8 Noyabr bizim əbədi bayramımız olacaq” fikrini səsləndirməklə tarixi Qələbəmizin əhəmiyyətini bir daha vurğuladı. Prezident İlham Əliyev qürurla bildirdi ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu gün “Qarabağ Azərbaycandır!” həqiqətini qəbul etmək məcburiyyətindədirlər. Şanlı Qələbəmiz Azərbaycan xalqının Vətənə və torpağa sonsuz məhəbbətinin, birliyinin təcəssümüdür. Bu birlik bir daha göstərdi ki, Vətən sevgisi yalnız hiss deyil, zərurət yarandıqda fədakarlığa çevrilən mənəvi gücdür”.
Tahir Rzayev bildirib ki, tarixi Zəfərimiz sülhə, əmin-amanlığa, dostluğa, əməkdaşlığa, azadlığa, bərabərliyə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə çağırışdır: “O həm də ədalətsizliyə, beynəlxalq hüquq normalarının pozulmasına, insan ləyaqətinin alçaldılmasına və haqqın boğulmasına qarşı qətiyyətli etirazdır. Zəfərimizin arxasında yalnız hərbi uğur deyil, bir xalqın illərlə qəlbində yaşatdığı azadlıq arzusu və tarixi ədalətə olan inamı var. Şanlı Zəfərimiz təcavüzkar Ermənistanın və ona arxa duranların, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini kağız üstə qoyanların, fəaliyyətsiz ATƏT-in Minsk Qrupunun, ölkəmizə qarşı sanksiya tətbiq etmək istəyənlərin sifətinə haqqın, ədalətin sarsılmaz möhürünü vurdu”.
YAP Veteranlar Şurasının üzvü vurğulayıb ki, Heydər Əliyev ideyalarını rəhbər tutaraq tarixi qələbələrə imza atan Azərbaycan Prezidenti VIII Qurultaydakı çıxışında iqtisadi inkişafın sürətləndirilməsi və xalqın rifahının yüksəldilməsi sahəsində qarşıya yeni vəzifələr qoymuşdur: “Bu vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin gələcək inkişafı, əldə olunan nailiyyətlərin qorunması və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu vəzifələr sırasında, ilk növbədə, milli birliyin və milli təhlükəsizliyin qorunması zəruridir, bu günümüzün tələbidir. Çünki dövlətin qüdrəti yalnız iqtisadi və hərbi potensialla deyil, həm də cəmiyyətin həmrəyliyi, ümummilli məqsədlər ətrafında birləşmək bacarığı və milli maraqlara sədaqəti ilə ölçülür. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik qədər vacib hesab olunur və bu istiqamətdə sistemli, məqsədyönlü tədbirlərin görülməsi vacibdir. Qarşıya qoyulan vəzifə milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və sağlam ictimai düşüncənin formalaşdırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının sosial rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində görülən işlərin təbliği gündəlik fəaliyyətimizin əsasını təşkil etməlidir. Yeni Azərbaycan Partiyasının son illərdə həyata keçirdiyi genişmiqyaslı ideoloji işin istiqaməti məhz uğurlu nəticələrin əhaliyə dolğun və obyektiv şəkildə çatdırılmasına, qarşıya qoyulan vəzifələrin mahiyyətinin ətraflı izah edilməsinə yönəldilmişdir. Çünki cəmiyyətlə davamlı ünsiyyət və görülən işlər barədə məlumatlılığın artırılması uğurlarımızın dəyərləndirilməsində mühüm rol oynayır”.
Millət vəkili qeyd edib ki, Zəfər tariximizin təbliği, ordumuzun keçdiyi şərəfli yolun, oğul və qızlarımızın qəhrəmanlığının, xalqımızın Vətənə, torpağa və el-obaya bağlılığının, milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması daim diqqət mərkəzindədir: “Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, qazilərimizə diqqət və qayğı göstərilir. Biz partiya veteranları keçirdiyimiz görüşlərdə və iştirak etdiyimiz çoxsaylı tədbirlərdə bu işlərin şahidi və iştirakçısıyıq. Bu tədbir də əldə etdiyimiz tarixi nailiyyətlərin əhəmiyyətini qiymətləndirmək, uğurlarımıza yeni dəstək vermək və gələcəyə daha inamla baxmaq üçün dəyərlidir. Qoy Zəfərimizin işığı yolumuzu daim nurlandırsın, milli birliyimiz və dövlətçiliyimiz daha da möhkəmlənsin, Azərbaycan xalqının qələbə ruhu gələcək nəsillərə örnək olsun”.
Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, 8 Noyabr sadəcə hərbi Qələbənin ildönümü deyil: “Bu tarix Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ədalət arzusunun gerçəkləşdiyi, milli ləyaqətimizin bərpa olunduğu, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında xüsusi vurğulamışdır ki, 8 Noyabr bizim əbədi bayramımız olacaq. Bu fikir Zəfər Gününün yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də milli yaddaşında əbədi yaşayacağını ifadə edir”.
YAP İdarə Heyətinin üzvü bildirib ki, bu böyük Qələbənin arxasında Ali Baş Komandanın siyasi və hərbi qətiyyəti, Azərbaycan əsgərinin şücaəti, xalqımızın sarsılmaz birliyi dayanırdı: “Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında da bu amili xüsusi qeyd edərək bildirmişdir ki, ölkəmizə qarşı yönəlmiş təzyiqlərin və mənfi kampaniyaların qarşısını Azərbaycan xalqının vahid mövqeyi, dövlətin qətiyyətli siyasəti və dönməz fəaliyyəti aldı. Bu, bir daha təsdiq etdi ki, xalqla iqtidarın birliyi Azərbaycanın ən böyük strateji gücüdür. Əlbəttə, bu Zəfər ağır itkilər hesabına qazanıldı. Şəhidlərimizin qanı ilə yazılan tarix heç vaxt unudulmayacaq. Bu gün azad səmalarda dalğalanan üçrəngli bayrağımızın hər bir qarışında şəhidlərimizin əbədi xatirəsi yaşayır. Onların qəhrəmanlığı qarşısında baş əyir, qazilərimizin fədakarlığını dərin ehtiramla yad edirik. Şəhidlərimizin bizə əmanət qoyduğu Vətənə sahib çıxmaq hər birimizin mənəvi və vətəndaşlıq borcudur”.
Millət vəkili vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərimizin davamı, dövlətimizin gücünün və xalqımıza bağlılığının növbəti təzahürüdür: “Bir zamanlar dağıdılmış, viran qoyulmuş ərazilərdə yeni şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar, sənaye və infrastruktur obyektləri inşa olunur. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdır, həyat yenidən canlanır. Bu proses yalnız fiziki bərpa deyil, tarixi yaddaşın, milli kimliyin və mənəvi bağlılığın bərpasıdır. Qarabağda və Şərqi Zəngəzurda qurulan hər bir yeni ev, açılan hər bir məktəb, dalğalanan hər bir bayraq Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın gələcəyə inamının ifadəsidir”.
Pərvin Kərimzadənin sözlərinə görə, Zəfərimizin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsidir: “Bu gün ölkəmiz yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, həm də regional sülhün, əməkdaşlığın və yeni iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynayan aktordur. Azərbaycan sülh gündəliyini irəli sürməklə bir daha nümayiş etdirir ki, onun məqsədi əldə olunmuş tarixi nailiyyətləri möhkəmləndirmək, regionda davamlı sabitlik və inkişaf üçün şərait yaratmaqdır. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında ifadə etdiyi mühüm fikirlərdən biri də Azərbaycanın öz tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırması ilə bağlıdır. Dövlətimizin başçısı bildirmişdir: “Bizə əfsanə yaratmaq lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın”. Bu yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycanın Zəfəri, keçdiyi mübarizə yolu və əldə etdiyi nailiyyətlər tarixi faktlara, real siyasi nəticələrə və xalqımızın qəhrəmanlığına əsaslanır. Bu həqiqətlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması hər birimizin vətəndaşlıq məsuliyyətidir”.
“Bu gün qarşımızda duran əsas vəzifə qazanılmış tarixi nailiyyətləri qorumaq, güclü və müasir Azərbaycanı daha da inkişaf etdirmək, gənc nəsli Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik ruhunda yetişdirməkdir. Zəfər tariximiz gələcək nəsillərə yalnız qələbə sevincini deyil, həm də böyük məsuliyyət hissini aşılamalıdır. Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib, öz tarixinin yeni səhifəsini özü yazıb. Bu, xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin tarixi nəticəsidir. 8 Noyabr – Zəfər Günü əbədi olaraq Azərbaycan xalqının milli qürur, birlik və qalibiyyət rəmzi kimi yaşayacaq”, - deyə YAP İdarə Heyətinin üzvü əlavə edib.
Sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi İlham Əliyev qeyd edib ki, güclü və qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürurdur: “Amma hamımız yaxşı bilirik ki, bu günlərə asan gəlib çatmamışıq. Bu qürurun arxasında böyük mübarizə, xalqımızın iradəsi, şəhidlərimizin qanı dayanır. Mən bir Vətən müharibəsi qazisi, Şuşanın azadlığı uğrunda döyüşmüş bir əsgər kimi bu Qələbənin necə böyük fədakarlıqlar hesabına qazanıldığını yaxşı bilirəm. Ona görə də Zəfər Günü yalnız bayram deyil, həm də böyük məsuliyyət və minnətdarlıq günüdür”.
Vətən müharibəsi iştirakçısı bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır: “Şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, insanlar öz doğma yurdlarına qayıdır. Bu Qələbənin əldə olunmasında xalqımızın birliyi, Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordumuzun qəhrəmanlığı həlledici rol oynamışdır. Müharibə dövründə bütün xalqımız bir amal ətrafında birləşdi və həmin birlik bu gün də bizim ən böyük gücümüzdür”.
Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutaraq dövlətçilik ideyalarının təbliğinə, milli həmrəyliyin gücləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə böyük töhfələr verib: “Partiyanın bu istiqamətdə gördüyü işlər gənclərə Vətən sevgisinin aşılanması və Zəfər tariximizin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu günün gəncləri sabah ölkəmizin taleyinə cavabdeh olacaq nəsildir. Onlar Qələbəmizin hansı çətinliklər hesabına qazanıldığını bilməli, şəhidlərimizin xatirəsinə və qazilərimizin fədakarlığına daim hörmətlə yanaşmalıdırlar. İndi əsas işimiz ölkəmizi daha da gücləndirməkdir. Bunun üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, ölkəmizin uğurlarını qorumalı və yeni nailiyyətlərə birlikdə imza atmalıyıq. Şəhidlərimizin bizə əmanət etdiyi bu Vətəni qorumaq, qazandığımız Zəfəri daim yaşatmaq və gələcək nəsillərə çatdırmaq hamımızın müqəddəs borcudur. Arzum budur ki, övladlarımız Azərbaycanı daim sülh, əmin-amanlıq və inkişaf şəraitində görsünlər, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın”.
Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nəcibə Axundova isə çıxışında qeyd edib ki, Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil: “Bu gün xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir. Bu gün Azərbaycan xalqının illərlə qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli qürurumuzun və tarixi ədalətin bərpa olunduğu gündür. Bu şanlı Zəfərin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi müstəsna rol oynayıb. Onun hər səhifəsində qəhrəman oğullarımızın qanı, canı, fədakarlığı, anaların duaları, ataların qüruru, ailələrin səbr və dözümü var. Bu gün azad səma altında qalib xalqın nümayəndələri kimi bir araya gəlmişiksə, bunu ilk növbədə Vətən uğrunda həyatını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan bütün qəhrəmanlarımıza borcluyuq”.
Nəcibə Axundova bildirib ki, minlərlə qəhrəmanımızın bizə əmanət etdiyi ən böyük dəyər azad, müstəqil və suveren Azərbaycandır: “Bizim borcumuz bu əmanəti qorumaq, şəhidlərimizin xatirəsini yaşatmaq və onların uğrunda canlarından keçdikləri ölkəni daha da inkişaf etdirməkdir. Mən, eyni zamanda, bir pedaqoq kimi hesab edirəm ki, Zəfər Gününün gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki məktəb yalnız bilik verən məkan deyil, həm də şəxsiyyətin, vətəndaşlıq mövqeyinin və Vətən sevgisinin formalaşdığı yerdir. Biz uşaqlarımıza Zəfər tarixini öyrədərkən onlara yalnız döyüşlərdən, hərbi uğurlardan danışmırıq. Biz onlara birliyin gücünü, milli həmrəyliyin əhəmiyyətini, torpağa bağlılığı və məsuliyyətli vətəndaş olmağın dəyərini aşılayırıq. İstəyirik ki, onlar bayrağımıza baxanda qürur duysunlar, şəhidlərimizin adını eşidəndə ehtiramla baş əysinlər, ölkəmizin gələcəyi üçün öz bilik və bacarıqları ilə çalışsınlar. Bu gün qalib Azərbaycanın vətəndaşları olaraq üzərimizə düşən vəzifə milli birliyi qorumaq, ölkəmizin inkişafına töhfə vermək və Zəfərimizin əbədi olmasına çalışmaqdır”.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.