Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın deyil, milli qürurumuzun da azad edilməsi idi. Ordumuzun hər bir qələbəsi – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa xalqımızın birliyindən, rəhbərliyə olan etimadından, Ali Baş Komandanın qətiyyətindən güc aldı.
Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Zəfər Günü bu mübarizənin zirvəsidir – Şuşanın azad edilməsi ilə başa çatan tarixi dönüş, yüz illərə yazılan qəhrəmanlıq dastanıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Dövlət başçısının “Qarabağ Azərbaycandır!” çağırışı xalqın qəlbində sarsılmaz inama çevrildi. Bu inamla hər kəs öz payını verdi – kimin əməyilə, kimin duası ilə, kimin fədakarlığı ilə... Beləcə, xalqımız azadlıq gününü öz əməyi ilə yaxınlaşdırdı və bu gün həmin böyük Qələbəni qürurla qeyd edir. Bu gün Azərbaycan artıq qalib dövlət kimi bölgədə yeni reallıqlar formalaşdırır. Azad edilmiş torpaqlarda quruculuq və bərpa işləri geniş vüsət alıb. Qayıdış prosesləri – Ağdam, Zəngilan, Füzuli, Laçın, Qubadlıda yeni həyatın başlanğıcıdır.
Prezident İlham Əliyevin dediyi kimi, “biz azad edilmiş torpaqlarda həyat qururuq, bu, bizim Böyük Qayıdışımızdır.”
Deməli, Zəfər Günü təkcə qürur və iftixar deyil, həm də yenidənqurma və gələcəyə inam günüdür. 8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Bu gün biz bir daha dərk edirik ki, xalqın birliyi, rəhbərin müdrikliyi və ədalətli mübarizə birləşəndə heç bir qüvvə qarşısında dayana bilməz.
Biz bu Qələbəni təkcə döyüş meydanında deyil, həm də illərin zəhməti, səbr və vətənpərvərliyi ilə qazanmışıq.
Bu gün başımız dik, bayrağımız ucadır. Çünki biz Zəfəri öz əlimizlə yaxınlaşdırdıq və onu tarixə yazdıq.