Şuşa – Zəfərimizin zirvəsi, mədəniyyətimizin qüruru

Şuşa – Zəfərimizin zirvəsi, mədəniyyətimizin qüruru

 

 

Şuşanın azad edilməsi tarixi Qələbə, onun yenidən qurulması isə bu Qələbənin davamı və Azərbaycanın gələcəyə hesablanmış inkişaf siyasətinin təzahürüdür. 8 Noyabr Azərbaycan xalqının yaddaşında yalnız hərbi Qələbənin deyil, milli iradənin, sarsılmaz birliyin və tarixi ədalətin təntənəsi kimi yaşayır. Bu günün Şuşa Şəhəri Günü kimi qeyd edilməsi isə xüsusi məna daşıyır. Çünki Şuşanın azadlığı 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri olmaqla yanaşı, xalqımızın çoxəsrlik tarixində yeni bir səhifə açdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı səsləndirdiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!» sözləri həmin tarixi günün rəmzinə çevrildi. Bu sözlərdə illərlə doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşayan insanların sevinci, şəhidlərimizin fədakarlığı və Azərbaycan xalqının qələbə əzmi ifadə olunurdu. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm yer tutub. Bu şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xan qızı Natəvan, Molla Pənah Vaqif kimi görkəmli şəxsiyyətlər yetişdirərək milli mədəniyyətimizin inkişafına böyük töhfələr verib. Şuşanın musiqisi, poeziyası, memarlığı və özünəməxsus şəhər mühiti onu xalqımızın mənəvi yaddaşının ayrılmaz hissəsinə çevirib.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi bu zəngin irsin yenidən qorunması və inkişaf etdirilməsi üçün imkan yaratdı. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul olunan «Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında» Qanun isə şəhərin tarixi-mədəni irsinin qorunması, bərpası və inkişafı üçün hüquqi əsasları müəyyənləşdirdi. 2022-ci ilin «Şuşa İli» elan edilməsi də bu şəhərin Azərbaycanın dövlətçilik tarixindəki və milli-mənəvi həyatındakı yerinə verilən yüksək qiymət idi. Bütün bunlar göstərir ki, Şuşanın dirçəldilməsi yalnız şəhərin yenidən qurulması deyil, milli mədəniyyətimizin qorunması və gələcək nəsillərə çatdırılması məsələsidir.

Şuşanın azad edilməsi ilə qarşıya yeni vəzifələr çıxdı. Şəhərin tarixi simasını qorumaq, dağıdılmış abidələri bərpa etmək, müasir infrastruktur yaratmaq və insanların doğma yurdlarına qayıdışı üçün şərait formalaşdırmaq qarşıya qoyulan əsas məqsədlər oldu. Prezident İlham Əliyevin azad edilmiş Şuşaya mütəmadi səfərləri bu işlərin ardıcıl şəkildə həyata keçirilməsinə verilən əhəmiyyəti göstərir. 2021-ci ilin yanvarında Cıdır düzünə səfərlə başlayan bu mərhələdə elektrik təchizatının yaxşılaşdırılması, yolların çəkilməsi, təhsil və səhiyyə müəssisələrinin yaradılması, tarixi abidələrin bərpası istiqamətində mühüm addımlar atılıb. Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovların malikanə kompleksi və digər tarixi-memarlıq nümunələrinin bərpası Şuşanın tarixi görkəminin qorunmasına xidmət edir. Vaqifin məqbərəsinin, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin yenidən əvvəlki görkəminə qaytarılması isə şəhərin mədəni həyatının dirçəldilməsinin mühüm nümunələridir.

Zəfər yolunun istifadəyə verilməsi, yeni yaşayış və sosial obyektlərin tikilməsi, turizm imkanlarının genişləndirilməsi də Şuşanın gələcək inkişafına hesablanmış addımlardır. Məqsəd şəhəri yalnız keçmişin xatirəsi kimi qorumaq deyil, onu yaşayan, inkişaf edən və yeni nəsillərə həyat verən mədəniyyət mərkəzinə çevirməkdir. Şuşanın dirçəlişi onun beynəlxalq mədəni əlaqələrinin genişlənməsində də özünü göstərir. Cıdır düzündə «Xarıbülbül» Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi milli mədəniyyətimizin yaşadılmasına və təbliğinə mühüm töhfə verir. Şuşada beynəlxalq tədbirlərin təşkili, xarici dövlətlərin nümayəndələrinin qəbulu və müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi şəhərin regional və beynəlxalq əhəmiyyətini artırır. 2024-cü ildə burada keçirilən Şuşa Qlobal Media Forumu informasiya mühitində aktual məsələlərin müzakirəsi baxımından diqqət çəkən tədbirlərdən biri oldu. Bu cür görüşlər Şuşanın təkcə tarixi və mədəniyyət məkanı deyil, həm də beynəlxalq dialoq ünvanı kimi mövqeyini gücləndirir.

Şuşanın yenidən qurulması Azərbaycanın öz tarixi irsinə sahib çıxmaq əzminin göstəricisidir. Şəhərin hər bərpa olunan abidəsi, hər açılan yeni obyekti və yenidən səslənən hər musiqi əsəri bu dirçəlişin ayrı-ayrı səhifələridir. Şuşanın azadlığı Azərbaycan xalqının birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətinin tarixi nəticəsidir. Bu Qələbə göstərdi ki, milli məqsəd ətrafında birləşən xalq qarşısına qoyduğu böyük vəzifələri həyata keçirə bilər. Bu gün Şuşa həm keçmişimizin zənginliyini, həm də gələcəyə inamımızı təcəssüm etdirir. Onun dirçəldilməsi, mədəni irsinin qorunması və insanların doğma yurda qayıdışı Zəfərin davam edən mühüm mərhələləridir.

8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə bu tarixi Qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Şuşanın azadlığı ilə tarixə yazılan Zəfər, onun dirçəlişi ilə gələcəyə ötürülür. Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Qismət Həbibov,

YAP Biləsuvar rayon təşkilatının Yuxarı Ağalı kəndi üzrə ərazi partiya təşkilatının sədri