8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu tarix xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinin sona çatmasının, milli iradənin, dövlət əzminin və hərbi qüdrətin təntənəsidir. Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcıdır. Bu Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, iqtisadi və hərbi potensialın gücləndirilməsinin, xalq-ordu birliyinin məntiqi nəticəsi kimi tarixə düşmüşdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” fikri Zəfərə aparan yolun əsas mahiyyətini ifadə edir.
Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması xalqımıza ağır faciələr yaşatdı. Bir milyondan çox azərbaycanlı otuz ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı sürməyə, doğma yurdlarından uzaqda yaşamağa məcbur oldu. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Lakin bütün bu illər ərzində xalqımız doğma torpaqlara qayıdacağına olan inamını itirmədi. Qarabağ həsrəti milli yaddaşımızın ayrılmaz hissəsinə çevrildi.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dövlətin iqtisadi və hərbi qüdrətini artırmaq, müasir və güclü ordu formalaşdırmaq idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hərbi sənaye kompleksinin inkişafı, müasir silah və texnologiyaların əldə edilməsi, yerli hərbi istehsal imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ordunun maddi-texniki bazası yeniləndi, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı artırıldı. Dövlətin beynəlxalq mövqelərinin gücləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması və müdafiə sənayesinin inkişafı gələcək Qələbənin mühüm əsaslarını yaratdı. Dövlət başçısının qeyd etdiyi kimi, “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatları və yaşayış məntəqələrimizi atəşə tutması Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına səbəb oldu. Beləliklə, 44 günlük Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu müharibənin ilk günlərindən etibarən uğurlu əməliyyatlar həyata keçirərək düşmənin müdafiə xətlərini yarıb irəlilədi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyevin “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri hərbçilərimizin döyüş meydanında nümayiş etdirdiyi əzmi və ardıcıl uğurları ifadə edir. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən mühüm hadisələrdən biri oldu. Mürəkkəb dağlıq relyefdə aparılan döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və yüksək döyüş ruhunu nümayiş etdirdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, bölgədə atəşkəsin təmin olunması və digər məsələlər müəyyənləşdirildi. Bununla da Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar siyasi nəticələrlə möhkəmləndirildi. Prezident İlham Əliyevin “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq” fikri Qələbənin əldə olunmasında ordunun rolunu bir daha ön plana çəkir.
Vətən müharibəsi XXI əsrin müasir döyüş təcrübəsi baxımından da xüsusi əhəmiyyət qazandı. Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından, dəqiq zərbə sistemlərindən, müasir kəşfiyyat və idarəetmə vasitələrindən səmərəli istifadə etməklə yeni hərbi taktikanın nümunəsini nümayiş etdirdi. Müxtəlif qoşun növlərinin uzlaşdırılmış fəaliyyəti, çevik qərarvermə və texnoloji imkanların tətbiqi beynəlxalq hərbi dairələrin diqqətini cəlb etdi. Azərbaycanın döyüş təcrübəsi müasir müharibələrin aparılması ilə bağlı mühüm araşdırma mövzularından birinə çevrildi.
Zəfərdən sonra Azərbaycanın əsas məqsədlərindən biri regionda davamlı sülhün təmin olunması oldu. Prezident İlham Əliyevin “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır” bəyanatı ölkəmizin mövqeyini ifadə edir. Azərbaycan regional sabitliyin, qarşılıqlı suverenliyə hörmətin və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin tərəfdarıdır. Davamlı sülhün təmin edilməsi regionun iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi üçün də mühüm əhəmiyyət daşıyır.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi və birliyi daha da gücləndirdi. Cəmiyyətin bütün təbəqələri Vətənin müdafiəsi naminə vahid amal ətrafında birləşdi. Cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə isə xalqımız böyük fədakarlıq nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımız da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəallıq göstərdilər. Prezident İlham Əliyevin “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri milli həmrəyliyin yalnız müharibə dövründə deyil, ölkənin gələcək inkişafında da mühüm amil olduğunu göstərir.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş verən silahlı təxribatlardan sonra Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bir gündən az davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, separatçı rejimin mövcudluğuna son qoyuldu və Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Beləliklə, 2020-ci ildə başlanan tarixi proses yeni mərhələyə qədəm qoydu.
Zəfər tarixinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda Zəfər parkı və Zəfər muzeyi yaradılıb. Bu məkanlar xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin fədakarlığını və Azərbaycan Ordusunun döyüş yolunu yaşadan mühüm mənəvi ünvanlardır. Prezident İlham Əliyevin “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” fikri Zəfərin milli yaddaşımızdakı əbədi yerini ifadə edir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Dövlət başçısının “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” bəyanatı bu mərhələnin əsas istiqamətini müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı bu quruculuq siyasətinin real nəticələridir. İşğaldan azad edilmiş ərazilər artıq ölkənin iqtisadi, sosial və mədəni inkişafının yeni mərkəzlərinə çevrilir.
Zəfərin ən böyük mənəvi dayaqlarından biri də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısıdır. Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsi, qazilərimizin sağlamlığının bərpası, reabilitasiyası və məşğulluğunun təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır... Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır”. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə dəstək göstərilməsi və qazilərimizin cəmiyyətə inteqrasiyası həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur.
8 Noyabr – Zəfər Günü Azərbaycanın keçdiyi şərəfli yolun, milli birliyinin, dövlətçilik iradəsinin və hərbi qüdrətinin təcəssümüdür. Bu Qələbə ölkəmizin tarixində yeni səhifə açdı, ərazi bütövlüyümüzün bərpasına, dövlət suverenliyimizin tam təmin olunmasına və azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işlərinə yol açdı. Bu gün Qarabağda həyatın yenidən canlanması, ailələrin doğma yurdlarına qayıtması və üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması Zəfərin ən mühüm nəticələrindəndir. Zəfər Günü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və gələcək nəsillər qarşısında tarixi məsuliyyət deməkdir. Azərbaycan xalqı bu şanlı tarixi daim yaşadacaq, milli birliyini və dövlət müstəqilliyini qoruyaraq inkişaf yolunda inamla irəliləyəcəkdir.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi