Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Qarabağın baş tacı, milli musiqimizin, poeziyamızın və incəsənətimizin beşiyi olan bu qədim Şuşa şəhəri xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Şuşa yalnız coğrafi məkan deyil, Azərbaycan milli kimliyinin, mənəvi dəyərlərinin və mədəni zənginliyinin təcəssümüdür. Onun işğaldan azad edilməsi isə uzun illər davam edən həsrətə son qoyaraq xalqımızın milli qürurunu özünə qaytardı.
Şuşanın azadlığına aparan yol böyük siyasi iradə, ardıcıl dövlət siyasəti və hərbi qüdrət hesabına mümkün oldu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi, güclü müdafiə sənayesinin formalaşdırılması və müasir ordu quruculuğu torpaqlarımızın azadlığına xidmət edən əsas amillər idi. Dövlətimizin başçısı bütün bu illər ərzində qətiyyətlə bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan əsgəri hər qarış torpaq uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Şuşa uğrunda döyüşlər isə bu müharibənin ən çətin və həlledici mərhələlərindən biri oldu. Şəhərin mürəkkəb dağlıq relyefi, düşmənin müdafiə mövqeləri və ağır döyüş şəraiti qəhrəman hərbçilərimizin qarşısında ciddi sınaqlar yaradırdı. Lakin onların Vətən sevgisi, peşəkarlığı və döyüş əzmi bütün maneələri aşmağa imkan verdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusu tarixdə misli görünməmiş hərbi əməliyyatlardan birinə imza atdı.
Şuşa Zəfəri həm də xalqımızın mənəvi qələbəsi idi. Prezident İlham Əliyevin həmin gün Azərbaycan xalqına müraciəti illərlə bu günü gözləyən milyonlarla insanın sevincinə çevrildi. Dövlətimizin başçısının Şəhidlər xiyabanında səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri bir tarixi anın ifadəsindən daha böyük məna daşıyırdı. Bu sözlər ata vəsiyyətinin yerinə yetirilməsi, şəhidlərimizin qanının yerdə qalmaması, tarixi ədalətin bərpası və xalqımızın öz doğma yurduna qayıdışının müjdəsi idi.
Şuşanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə şəhərin əvvəlki şöhrətini qaytarmaq, tarixi simasını qorumaq və burada həyatın yenidən canlanmasını təmin etmək idi. Dövlətimizin başçısının tapşırıqları əsasında şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələr, dini-memarlıq nümunələri, yaşayış və ictimai binalar bərpa olunur, yeni infrastruktur yaradılır. Şuşanın Baş planının təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi üçün mühüm zəmin formalaşdırıb. Burada əsas məqsəd müasir şəhərsalma prinsiplərini tətbiq etməklə yanaşı, Şuşanın özünəməxsus memarlıq üslubunu və tarixi mühitini qorumaqdır.
Şəhərin dirçəlişində mədəni irsin bərpası xüsusi yer tutur. Uzun illər işğal altında saxlanılan Şuşada Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin irsi, tarixi abidələr və mədəniyyət ocaqları ciddi dağıntılara məruz qalmışdı. Bu gün həmin irsin yenidən həyata qaytarılması istiqamətində mühüm işlər görülür. Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin öz əvvəlki yerlərinə qaytarılması tarixi yaddaşın bərpasının rəmzi hadisələrindəndir. “Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi isə şəhərin mədəni həyatına yeni nəfəs gətirib.
Şuşanın beynəlxalq mədəniyyət məkanında mövqeyinin möhkəmlənməsi də diqqətəlayiqdir. Azərbaycanın mədəniyyət paytaxtı statusunu daşıyan şəhər Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı kimi də tanınıb. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi Şuşanın tarixi-mədəni irsinin və turizm imkanlarının beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir. Beləliklə, vaxtilə işğal nəticəsində öz təbii inkişafından məhrum edilmiş şəhər bu gün yenidən regional və beynəlxalq mədəni əlaqələrin mühüm ünvanına çevrilir.
Şuşanın gələcəyi, ilk növbədə, onun doğma sakinlərinin qayıdışı ilə bağlıdır. Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və ətraf kəndlərdə məskunlaşma prosesi davam edir. Şuşa şəhərində və Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərində 420 ailənin, 1579 nəfərin məskunlaşması doğma yurda qayıdışın artıq real nəticələr verdiyini göstərir. Yeni yaşayış binalarının istifadəyə verilməsi, sosial infrastrukturun qurulması, məşğulluq və xidmət imkanlarının genişləndirilməsi insanların öz doğma torpaqlarında rahat həyat sürməsi üçün şərait yaradır.
Şuşanın azadlığına qovuşması qədər onun qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə bütöv şəkildə çatdırılması da böyük məsuliyyətdir. Bu gün həyata keçirilən quruculuq siyasəti məhz həmin məqsədə xidmət edir. Şuşa artıq təkcə keçmişin qəhrəmanlıq salnaməsi deyil, həm də müasir Azərbaycanın quruculuq əzminin, milli özünəinamının və gələcəyə baxışının ifadəsidir.
8 Noyabr – Şuşa şəhəri günü hər bir azərbaycanlı üçün qürur, sevinc və minnətdarlıq günüdür. Bu tarix bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli rəhbərlik qarşıya qoyulan ən böyük hədəfləri belə reallığa çevirə bilər. Şuşa uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bu gün azad Şuşada dalğalanan üçrəngli bayrağımız isə gələcək nəsillərə ötürüləcək ən böyük dövlətçilik və qürur mirasımızdır.