Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

 

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik ənənələrini və azadlıq ideallarını özündə birləşdirən əlamətdar tarixdir. Üçrəngli bayrağımız sadəcə dövlətin rəsmi atributlarından biri deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun, milli kimliyimizin və müstəqilliyimizin canlı ifadəsidir. Bu bayrağa baxarkən hər bir azərbaycanlı öz xalqının mübarizə tarixini, azadlıq arzularını və gələcəyə olan inamını görür.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Müstəqil dövlətçilik tariximizin mühüm simvollarından birinə çevrilən üçrəngli bayraq sovet hakimiyyəti dövründə rəsmi statusunu itirsə də, xalqımızın yaddaşında və milli düşüncəsində yaşamağa davam etmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edilmişdir. Sonradan bu qərar müstəqil Azərbaycanın dövlətçilik siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Bayrağımızın hər rəngi dərin məna daşıyır. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Bu rənglərin vəhdəti Azərbaycanın milli-mənəvi dəyərlərlə müasir inkişaf yolunu birləşdirən dövlət olduğunu nümayiş etdirir. Məhz buna görə də üçrəngli bayrağımız xalqımızın birliyinin, həmrəyliyinin və milli iradəsinin rəmzinə çevrilmişdir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Dövlət Bayrağımızın mənəvi dəyərini daha da yüksəltdi. Uzun illər işğal altında qalan torpaqlarımızda üçrəngli bayrağımızın yenidən dalğalanması dövlətimizin gücünü, xalqımızın əzmini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız artıq yalnız qələbənin deyil, həm də tarixi ədalətin bərpasının rəmzidir.

Dövlət rəmzlərinə hörmət məsələsi yalnız bayram günlərində bayrağa ehtiram göstərməklə məhdudlaşmamalıdır. Hər bir vətəndaş dövlət bayrağının daşıdığı mənanı dərk etməli, ona hörmətlə yanaşmalı, milli dəyərlərimizin qorunmasına öz töhfəsini verməlidir. Bayrağa hörmət, əslində, Vətənə, dövlətə, tarixə və şəhidlərimizin müqəddəs xatirəsinə hörmət deməkdir. Xüsusilə gənc nəslin dövlət rəmzlərinə sevgi və məsuliyyət ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Çünki dövlətçiliyə bağlılıq yalnız sözlə deyil, gündəlik davranışımız, vətəndaş mövqeyimiz və ölkəmizin inkişafına verdiyimiz töhfə ilə ölçülür.

Bu gün Azərbaycan bayrağı beynəlxalq tədbirlərdə, idman arenalarında, diplomatik görüşlərdə və azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Onun ucalığı Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil siyasətinin və güclü dövlət iradəsinin göstəricisidir.

Unutmamalıyıq ki, bayraq bir xalqın kimliyini dünyaya tanıdan ən mühüm rəmzlərdəndir. Onu uca tutmaq, qorumaq və gələcək nəsillərə eyni sevgi ilə ötürmək hər bir məsuliyyətli vətəndaşın mənəvi borcudur. Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!

 

Nicat Əsədli

 YAP Ordubad rayon təşkilatının əməkdaşı