Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biri də 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşması, milli suverenliyimizin möhkəmləndirilməsi və demokratik inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinin parlaq təzahürüdür. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qarşısında dayanan ən mühüm vəzifələrdən biri yeni dövrün tələblərinə cavab verən, suveren dövlətin hüquqi və siyasi əsaslarını müəyyənləşdirən Konstitusiyanın hazırlanması idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran və idarəetmədəki çətinliklər dövlət quruculuğu prosesini ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə müstəqil Azərbaycanın gələcək inkişafını təmin edəcək hüquqi sənədin hazırlanması strateji zərurətə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində qətiyyətli addımlar atdı. Ümummilli Lider yaxşı anlayırdı ki, güclü dövlətin mövcudluğu yalnız siyasi iradə və iqtisadi imkanlarla deyil, eyni zamanda, möhkəm hüquqi baza ilə təmin olunur. Məhz bu uzaqgörən yanaşma yeni Konstitusiyanın hazırlanmasını dövlət quruculuğu siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Heydər Əliyevin şəxsən rəhbərlik etdiyi bu komissiyanın fəaliyyəti nəticəsində Azərbaycanın tarixi ənənələri, milli-mənəvi dəyərləri, beynəlxalq hüququn prinsipləri və müasir demokratik dövlətçilik təcrübəsi nəzərə alınmaqla fundamental hüquqi sənəd hazırlandı. Layihənin geniş ictimai müzakirəyə çıxarılması da dövlətin gələcəyini müəyyən edən bu mühüm prosesdə xalqın iştirakına verilən yüksək önəmin göstəricisi idi.1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin hüquqi dövlət quruculuğu tarixində əlamətdar dönüş nöqtəsi oldu. Yeni Konstitusiya Azərbaycanın müstəqil, demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etməklə dövlət quruluşunun əsas prinsiplərini müəyyənləşdirdi.
Konstitusiyanın əsas mahiyyəti insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasında, hakimiyyət bölgüsü prinsipinin təsbit edilməsində, dövlət hakimiyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsində öz əksini tapdı. Sənəddə xalqın suverenliyi, dövlət müstəqilliyi, qanunun aliliyi, siyasi plüralizm və vətəndaşların bərabərliyi kimi fundamental prinsiplərə xüsusi yer verildi. Bununla da Azərbaycan demokratik inkişafın və hüquqi dövlət quruculuğunun möhkəm təməlini yaratdı.
Digər tərəfdən, Konstitusiya hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi prinsipini müəyyən etməklə dövlət idarəçiliyində tarazlıq və qarşılıqlı nəzarət mexanizmlərinin hüquqi əsaslarını yaratdı. Dövlət orqanlarının səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi, qanunçuluğun və hüquqi məsuliyyətin təmin edilməsi müstəqil Azərbaycanın idarəçilik sisteminin formalaşmasında mühüm rol oynadı.Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbulunda göstərdiyi siyasi iradə, dövlətçilik təfəkkürü və strateji uzaqgörənlik onun Azərbaycan tarixindəki müstəsna yerini bir daha təsdiqləyir. Çünki bu sənəd yalnız həmin dövrün siyasi və hüquqi ehtiyaclarını ödəmək məqsədi daşımırdı. O, eyni zamanda, gələcək nəsillər üçün müstəqil dövlətin inkişaf istiqamətlərini müəyyən edən fundamental hüquqi baza idi. Heydər Əliyev Azərbaycanın gələcəyini möhkəm qanunlara, milli maraqlara və demokratik dəyərlərə əsaslanan dövlətçilik modelində görürdü.
Əsas Qanunun qəbulundan sonra ölkədə hüquq sisteminin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, yeni qanunvericilik bazasının yaradılması istiqamətində ardıcıl tədbirlər görüldü. Konstitusiya normalarının reallaşdırılması dövlət idarəçiliyinin bütün sahələrində mühüm dəyişikliklərə yol açdı, müstəqil Azərbaycanın hüquqi dövlət kimi inkişafının institusional əsasları möhkəmləndirildi.