12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyətə malikdir. Bu əlamətdar tarix xalqımızın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərin inkişafı və hüquqi dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətləri özündə əks etdirir. Konstitusiyamız dövlət idarəçiliyinin, cəmiyyətin hüquqi əsaslarının, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olan ali qanundur.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu mühüm sənəd müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoymuş, ölkəmizin gələcək inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Müstəqilliyimizin ilk illərində mürəkkəb siyasi və ictimai proseslərin yaşandığı bir dövrdə hüquqi dövlət quruculuğunun əsaslarının müəyyənləşdirilməsi böyük siyasi iradə və uzaqgörənlik tələb edirdi. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya dövlət suverenliyinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, demokratik idarəçilik prinsiplərinin inkişafı baxımından yeni mərhələnin başlanğıcı oldu.
Əsas Qanunumuzda insan və vətəndaş hüquq və azadlıqları, qanunun aliliyi, dövlət hakimiyyətinin təşkili və hakimiyyət qolları arasında səlahiyyət bölgüsü kimi fundamental prinsiplər təsbit edilmişdir. Hesab edirəm ki, Konstitusiyaya hörmət, onun müddəalarına əməl olunması və hüquqi mədəniyyətin yüksəldilməsi hər bir vətəndaşın mühüm vəzifəsidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Ölkəmizdə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, vətəndaş hüquqlarının qorunmasına və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik tariximizin ən böyük nailiyyətlərindəndir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər milli iradəmizin və dövlətimizin qüdrətinin təntənəsidir. Bu gün Konstitusiyamızın ölkəmizin bütün ərazisində hüquqi qüvvəsinin təmin olunması müstəqilliyimizin və suverenliyimizin mühüm göstəricisidir.
Yeni Azərbaycan Partiyası da yarandığı gündən Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalaraq hüquqi dövlət quruculuğunun, milli həmrəyliyin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini dəstəkləyir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi kurs ölkəmizin inkişafına və müstəqilliyimizin daha da güclənməsinə xidmət edir.
Azərbaycan xalqı bundan sonra da Konstitusiyamızın müəyyən etdiyi prinsiplərə sadiq qalaraq dövlətimizin tərəqqisinə öz töhfəsini verəcəkdir. 12 noyabr – Konstitusiya Günü münasibətilə hər bir vətəndaşımızı təbrik edir, müstəqil Azərbaycanımıza davamlı inkişaf, xalqımıza firavanlıq və dövlətçiliyimizə əbədi möhkəmlik arzulayıram.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri