Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin, milli suverenliyimizin və hüquqi inkişafımızın möhkəm təməli

Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin, milli suverenliyimizin və hüquqi inkişafımızın möhkəm təməli

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən edən, xalqımızın milli iradəsini, dövlətçilik ənənələrini və ümumbəşəri dəyərlərini özündə birləşdirən ali hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyamız ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində inkişafının əsasını qoymuşdur. Bu tarixi hadisə müstəqil Azərbaycanın dövlətçilik salnaməsində mühüm mərhələ kimi öz yerini tutmuşdur.

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Ulu Öndər yeni Əsas Qanunun hazırlanması prosesində Azərbaycanın tarixi dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini və beynəlxalq hüququn mütərəqqi prinsiplərini əsas götürmüşdür. Onun siyasi uzaqgörənliyi və qətiyyətli rəhbərliyi nəticəsində müstəqil dövlətimizin hüquqi təməli formalaşdırılmışdır.

Azərbaycanın konstitusiya quruluşunun tarixi mürəkkəb və zəngin mərhələlərdən keçmişdir. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməsə də, milli dövlətçilik ideyalarının inkişafında mühüm rol oynamışdır. Sonrakı dövrlərdə qəbul edilən konstitusiyalar isə ölkənin siyasi və ictimai həyatında baş verən dəyişiklikləri əks etdirmişdir. Xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli tariximizin əlamətdar hadisələrindən biri olmuşdur.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası Azərbaycanın qarşısında yeni hüquqi və siyasi vəzifələr yaratmışdır. Lakin 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət çəkişmələri və idarəetmədəki ciddi problemlər müstəqil dövlət quruculuğu prosesinə mane olurdu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, ictimai-siyasi sabitliyi təmin etmiş və yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait yaratmışdır.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsas prinsiplərini müəyyən etmişdir. Bu sənəd dövlət hakimiyyətinin təşkilini, idarəetmə mexanizmlərini, vətəndaşların hüquq və azadlıqlarını, dövlətlə cəmiyyət arasındakı münasibətləri hüquqi çərçivəyə salmışdır.

Konstitusiyamızın ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına xüsusi önəm verməsidir. Əsas Qanunda hər bir vətəndaşın yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat və digər fundamental hüquqları təsbit edilmişdir. İnsan və vətəndaş hüquqlarının qorunması dövlətin ali məqsədlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu yanaşma ölkəmizdə demokratik cəmiyyətin formalaşmasına, vətəndaş həmrəyliyinin və hüquqi mədəniyyətin inkişafına xidmət edir.

Konstitusiyada dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi də öz əksini tapmışdır. Bu prinsip dövlət idarəçiliyində səlahiyyətlərin düzgün bölüşdürülməsini, qanunçuluğun təmin olunmasını və dövlət orqanlarının fəaliyyətinin hüquqi əsaslar üzərində qurulmasını nəzərdə tutur. 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması isə konstitusiya nəzarəti sisteminin formalaşmasında mühüm addım olmuşdur. Bununla Əsas Qanunun aliliyinin təmin edilməsi istiqamətində yeni hüquqi mexanizm yaradılmışdır.

Ölkəmizin inkişafı və dəyişən ictimai-siyasi reallıqlar nəzərə alınaraq Konstitusiyaya müxtəlif illərdə referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. 2002, 2009 və 2016-cı illərdə həyata keçirilən konstitusiya islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə və yeni idarəetmə mexanizmlərinin formalaşdırılmasına yönəlmişdir. Xüsusilə 2016-cı ildə keçirilən referendum nəticəsində Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyində mühüm yeniliklərdən biri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu tarixi nailiyyətlərin və Konstitusiyanın qəbulunun 30 illiyinin əhəmiyyətini bir daha ön plana çıxarmışdır. 12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqilliyinə, dövlətçiliyinə və hüquqi dəyərlərinə sədaqətinin təcəssümüdür.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi