12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ölkəmizin hüquqi, siyasi və ictimai inkişafının əsas istiqamətlərini müəyyənləşdirmişdir. Bu tarixi sənəd müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət idarəçiliyində mövcud olan çətinliklər və hüquqi bazanın yenilənməsi zərurəti yeni Konstitusiyanın qəbulunu vacib edirdi. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və müasir dövlətçilik prinsiplərinə əsaslanan Əsas Qanunun layihəsi hazırlandı. Ümumxalq müzakirəsindən sonra referendumla qəbul edilən Konstitusiya noyabrın 27-də qüvvəyə mindi.
Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafına möhkəm hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun təmin edilməsi, hüquqi və dünyəvi dövlətin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi fundamental prinsiplər təsbit olundu. Bu müddəalar Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm hüquqi norma kimi çıxış edir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, hüquqi institutların formalaşması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə Konstitusiyaya referendumlar vasitəsilə edilmiş əlavə və dəyişikliklər ölkənin inkişaf edən ictimai-siyasi reallıqlarına uyğunlaşmağa, idarəetmə sisteminin təkmilləşdirilməsinə və demokratik institutların inkişafına xidmət etdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edir. Ölkəmizin iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun möhkəmlənməsi, sosial rifahın yüksəldilməsi və dövlət institutlarının müasirləşdirilməsi ardıcıl siyasətin nəticəsidir. Həyata keçirilən islahatlar Konstitusiyada müəyyən edilmiş hüquqi dövlət quruculuğu prinsiplərinin praktik müstəvidə reallaşdırılmasına xidmət edir.
Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər Konstitusiyanın dövlət müstəqilliyinin və suverenliyin qorunmasında əhəmiyyətini daha aydın göstərir. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindəndir. Bu tarixi hadisələr Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Artıq ölkəmizin bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması müstəqilliyimizin və suverenliyimizin mühüm göstəricisidir.
Konstitusiyanın əsas mahiyyətini təşkil edən mühüm məsələlərdən biri də insan hüquq və azadlıqlarının qorunmasıdır. Əsas Qanunda hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək və sosial təminat hüquqları təsbit olunmuşdur. Bu hüquqların qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla yanaşı, cəmiyyətdə ədalətin və sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Konstitusiya həmçinin hər bir vətəndaşın üzərinə mühüm vəzifələr qoyur. Dövlətə və xalqa sədaqət, qanunlara hörmət, Vətənin müdafiəsi, ətraf mühitin qorunması və digər vətəndaşlıq öhdəlikləri hüquqi dövlətin möhkəmlənməsində mühüm rol oynayır. Buna görə də hər bir Azərbaycan vətəndaşı öz hüquqlarını bilməli, konstitusion vəzifələrini dərk etməli və dövlətimizin inkişafına töhfə verməlidir.
12 Noyabr – Konstitusiya Günü təkcə tarixi hadisənin qeyd olunması deyil, həm də müstəqil dövlətimizin hüquqi əsaslarına, milli suverenliyimizə və gələcək inkişafımıza ehtiramın ifadəsidir. Bu əlamətdar gün hər birimizi dövlətçiliyimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və qanunun aliliyinə hörmət ruhunda daha məsuliyyətli olmağa çağırır.
Əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikasının Konstitusiyası bundan sonra da müstəqil dövlətimizin inkişafına, xalqımızın rifahına və milli maraqlarımızın qorunmasına xidmət edəcək, gələcək nəsillər üçün möhkəm hüquqi və dövlətçilik irsi olaraq qalacaqdır.
Təhmasib Rüstəmov
YAP Qubadlı rayon təşklatının sədri