“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasında hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın dövlətçilik salnaməsində xüsusi yer tutur. Çünki Konstitusiya müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirən, xalqın iradəsini, milli suverenliyini, azadlıq və demokratik inkişaf prinsiplərini özündə əks etdirən ən ali hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin müasir dövlət quruculuğu tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur.
Azərbaycan xalqının dövlətçilik ənənələri qədim tarixə malik olsa da, müasir, müstəqil və demokratik dövlətin hüquqi əsaslarının formalaşdırılması müstəqilliyimizin ilk illərində mühüm zərurətə çevrilmişdi. Ölkənin qarşılaşdığı siyasi, iqtisadi və ictimai çətinliklər, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması yeni Konstitusiyanın hazırlanmasını və qəbulunu tələb edirdi. Belə bir məsuliyyətli tarixi mərhələdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörənliyi həlledici rol oynadı.
1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə ölkədə sabitliyin təmin olunmasına, dövlətçiliyin qorunmasına və müstəqilliyin möhkəmləndirilməsinə nail oldu. Dövlət quruculuğunun bütün istiqamətlərində həyata keçirilən ardıcıl islahatlar sırasında yeni Konstitusiyanın hazırlanması xüsusi əhəmiyyət daşıyırdı. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanmış əsas qanun layihəsi geniş ictimai müzakirəyə təqdim edildi. Nəticədə 1995-ci il noyabrın 12-də keçirilən referendumda Azərbaycan xalqı öz iradəsini ifadə edərək müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul etdi.
Bu tarixi sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, hakimiyyət bölgüsü prinsipi, dövlət müstəqilliyi, milli suverenlik, qanunun aliliyi və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi fundamental müddəalar öz əksini tapdı. Ən mühüm məqamlardan biri də ondan ibarət idi ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edildi. Bu prinsip xalqın dövlət idarəçiliyində əsas söz sahibi olduğunu və milli iradənin ali hüquqi dəyər daşıdığını təsdiqlədi.
Konstitusiyanın qəbul edilməsi yalnız hüquqi sənədin təsdiqi deyildi. Bu, eyni zamanda, Azərbaycanın gələcək inkişaf modelinin, dövlətçilik fəlsəfəsinin və milli tərəqqi strategiyasının müəyyənləşdirilməsi idi. Sonrakı illərdə ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar, demokratik institutların inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi məhz Konstitusiyanın yaratdığı hüquqi baza üzərində quruldu. Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksəlməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər də bu fundamental sənədin müəyyən etdiyi prinsiplərə əsaslandı.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmış, beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirmişdir. Xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycan dövlətçiliyinin tarixində yeni və şanlı səhifə açmışdır. Bu nailiyyətlər Konstitusiyanın təsbit etdiyi müstəqillik, suverenlik və milli dövlətçilik prinsiplərinin real həyatda təcəssümüdür.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi tarixi və siyasi əhəmiyyət daşıyırdı. Bu qərar Konstitusiyanın qəbulunun 30 illiyinin və dövlət suverenliyimizin tam bərpasının mahiyyətinin daha dərindən dərk olunmasına, hüquqi dövlət quruculuğu sahəsində əldə edilmiş nailiyyətlərin təbliğinə xidmət edirdi. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər, konfranslar, maarifləndirici görüşlər və ictimai müzakirələr cəmiyyətimizdə konstitusiya dəyərlərinə hörmətin gücləndirilməsi baxımından mühüm rol oynadı.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Konstitusiyamızın hüquqi qüvvəsinin və dövlət müstəqilliyimizin əhəmiyyətini bir daha nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızın dalğalanması, dövlət qurumlarının fəaliyyətinin bərpası, genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması milli suverenliyimizin real təzahürüdür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin gücünü, xalqımızın birliyini və müstəqil inkişaf əzmini göstərir.
Konstitusiyaya hörmət, ilk növbədə, dövlətə, dövlətçiliyə və xalqın iradəsinə hörmət deməkdir. Hər bir vətəndaşın hüquq və vəzifələrini bilməsi, qanunlara əməl etməsi, dövlət rəmzlərinə ehtiram göstərməsi, ictimai məsuliyyət nümayiş etdirməsi hüquqi cəmiyyətin formalaşmasının mühüm şərtlərindəndir. Xüsusilə gənc nəslin konstitusiya dəyərləri ruhunda tərbiyə olunması, onlara müstəqilliyimizin tarixi, dövlətçilik ənənələrimiz və milli suverenliyimizin əhəmiyyəti barədə dolğun biliklərin aşılanması gələcəyimiz baxımından böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan Konstitusiya Günü yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də hər bir azərbaycanlının müstəqil dövlətimiz qarşısında məsuliyyətini dərk etməsi üçün mühüm fürsətdir. Çünki güclü dövlətin təməlində möhkəm qanunlar, qanunun aliliyinə hörmət edən cəmiyyət və milli maraqlar ətrafında birləşən xalq dayanır.
Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızla, müstəqil dövlətçiliyimizlə və suverenliyimizin tam bərpası ilə haqlı olaraq fəxr edir. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Əminliklə demək olar ki, Konstitusiyamız bundan sonra da Azərbaycanın müstəqilliyinin, milli birliyinin, hüquqi dövlət quruculuğunun və davamlı tərəqqisinin etibarlı təminatçısı olacaqdır.
Konstitusiyamız dövlətçiliyimizin hüquqi dayağı, suverenliyimizin təminatı, milli birliyimizin və gələcək nəsillərə ötürülən müstəqillik iradəmizin təcəssümüdür!
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi