Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə gələcək əməkdaşlığın möhkəm təməlidir

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə gələcək əməkdaşlığın möhkəm təməlidir

Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, xarici siyasət əlaqələrinin genişlənməsi və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin dövlətçilik strategiyasının mühüm istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin tarixində mühüm siyasi və diplomatik hadisə kimi xüsusi əhəmiyyət daşıyır.

2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham arasında keçirilən görüş çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu mühüm sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldilməsini rəsmiləşdirib.

Sözügedən Bəyannamə, ilk növbədə, iki dövlət arasında qarşılıqlı etimada, suverenliyə hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanan münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir. Sənədin imzalanması Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti mühüm nəticəsidir.

Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin tarixi uzun illərə söykənir. 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub. 2026-cı ildə imzalanan yeni sənəd məhz həmin tarixi siyasi təməllər üzərində qurularaq münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasını nəzərdə tutur.

Bəyannamənin diqqətçəkən xüsusiyyətlərindən biri onun əməkdaşlığı üç əsas istiqamət üzrə müəyyən etməsidir. Bunlara müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi inkişaf, eləcə də təhsil və innovasiya sahələri daxildir. Bu istiqamətlərin hər biri müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin dayanıqlı inkişafı, təhlükəsizliyi və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi sənədin əsas prioritetlərindəndir. Tərəflər regional sülhün və sabitliyin qorunması, mövcud və yeni təhlükəsizlik təhdidlərinin qarşısının alınması, müdafiə sahəsində təcrübə mübadiləsi və institusional imkanların gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər. Həmçinin hərbi hazırlıq, kadr potensialının artırılması, müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin araşdırılması və hüquq-mühafizə orqanları arasında əlaqələrin möhkəmləndirilməsi nəzərdə tutulur.

Bəyannamədə beynəlxalq hüququn fundamental prinsiplərinə xüsusi diqqət yetirilməsi də mühüm siyasi əhəmiyyət daşıyır. Sənəddə BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqlik bir daha təsdiqlənir. Bu müddəalar Azərbaycanın milli maraqları və beynəlxalq hüquqa əsaslanan xarici siyasət xətti ilə uzlaşır.

Sənəddə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması məsələsinə də yer ayrılıb. Böyük Britaniya 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında davamlı sülhə nail olmaq məqsədilə aparılan ikitərəfli dialoqa dəstəyini bir daha ifadə edib. Bu yanaşma Cənubi Qafqazda sabitliyin və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

İqtisadi əməkdaşlıq Bəyannamənin digər mühüm istiqamətini təşkil edir. Azərbaycan ilə Böyük Britaniya arasında uzun illərdir mövcud olan iqtisadi münasibətlər, xüsusilə enerji sahəsində tərəfdaşlıq, iki ölkənin qarşılıqlı maraqlarının təmin olunmasında mühüm rol oynayıb. Böyük Britaniya şirkətlərinin Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirakı ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, enerji resurslarının dünya bazarlarına çıxarılmasına və investisiya mühitinin inkişafına töhfə verib.

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investorlarından biri olduğunu vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın 30 ildən artıq tarixi var. Bu təcrübə gələcəkdə iqtisadiyyatın digər sahələrində də əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır.

Bəyannamədə iqtisadiyyatın şaxələndirilməsi, qarşılıqlı investisiyaların artırılması, sahibkarlıq əlaqələrinin genişləndirilməsi, kiçik və orta biznesin inkişafı, maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər də əksini tapıb. Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Sənəddə Orta Dəhlizin inkişafına dəstək verilməsi də diqqətəlayiq məqamlardandır. Azərbaycanın coğrafi mövqeyi ölkəmizi Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevirir. Şərq-Qərb nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının artırılması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini daha da gücləndirir. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi ölkəmizin regional və qlobal nəqliyyat sistemində rolunun artmasına müsbət təsir göstərə bilər.

Bərpaolunan enerji və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlıq da gələcəyə hesablanmış mühüm istiqamətlərdəndir. Müasir dünyada enerji təhlükəsizliyi ilə ekoloji dayanıqlılığın uzlaşdırılması dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan özünün zəngin ənənəvi enerji potensialı ilə yanaşı, günəş və külək enerjisi imkanlarından da səmərəli istifadə etməyi qarşıya məqsəd qoyub. Böyük Britaniya ilə yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar və bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq bu istiqamətdə yeni imkanlar yaradır.

Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm, texnologiya və innovasiyadır. Tərəflər ali təhsil, peşə təhsili, rəqəmsal bacarıqların inkişafı, elmi tədqiqatlar və universitetlərarası əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verirlər. Süni intellekt, rəqəmsal idarəetmə, müasir texnologiyalar və həyat elmləri sahəsində təcrübə mübadiləsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Bu müddəalar Azərbaycanın müasir inkişaf strategiyası ilə də səsləşir. Çünki hazırkı dövrdə dövlətlərin iqtisadi və siyasi gücü yalnız təbii resurslarla deyil, həm də insan kapitalı, elmi potensial, texnoloji yeniliklər və rəqəmsal inkişaf səviyyəsi ilə müəyyən olunur. Gənclərin müasir biliklərə yiyələnməsi, peşə bacarıqlarının artırılması və beynəlxalq təcrübədən yararlanması ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Bəyannamədə xalqlar arasında humanitar əlaqələrin, mədəni mübadilənin və insanlararası münasibətlərin inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu, iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, dostluq əlaqələrinin genişlənməsinə və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.

Sənədin mühüm yeniliklərindən biri də onun icrasına nəzarət və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi üçün hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulmasıdır. Bu mexanizm əldə olunan nəticələrin qiymətləndirilməsinə, yeni prioritetlərin müəyyən edilməsinə və razılaşdırılmış təşəbbüslərin praktiki müstəviyə keçirilməsinə imkan yaradacaq.

Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində mühüm diplomatik nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər. Bu sənəd Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini və milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursunun davam etdirilməsini nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına, beynəlxalq təşəbbüslərdə fəal iştirakına və strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə istiqamətlənib. Böyük Britaniya ilə imzalanmış bu Bəyannamə də həmin siyasətin mühüm nəticələrindən biridir.

Əminliklə demək olar ki, yeni Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni səhifə açır. Sənəddə müəyyən edilmiş prioritetlərin ardıcıl və səmərəli həyata keçirilməsi hər iki ölkənin iqtisadi, siyasi, elmi, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcək. Bu tərəfdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülhün, sabitliyin və davamlı tərəqqinin möhkəmləndirilməsinə mühüm töhfə vermək potensialına malikdir.

 

Xəyyam Vəliyev,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı