Bakı və Londonun iqtisadi yol xəritəsi: Orta Dəhliz, bərpaolunan enerji və kapital bazarlarında yeni hədəflər

Bakı və Londonun iqtisadi yol xəritəsi: Orta Dəhliz, bərpaolunan enerji və kapital bazarlarında yeni hədəflər

 

Qlobal iqtisadi münasibətlərin sürətlə transformasiya olunduğu indiki dövrdə dövlətlər arasında tərəfdaşlığın davamlılığı konkret layihələr, qarşılıqlı investisiya axını və müasir çağırışlara uyğunlaşma bacarığı ilə ölçülür. 2026-cı il noyabrın 12-də Dublində imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkənin iqtisadi əməkdaşlığını məhz bu praqmatik və gələcəyə yönəlik prinsiplər əsasında yenidən qurur. Sənədin ikinci bölməsi Bakı və Londonun ikitərəfli ticarət və investisiya əlaqələrini daha da genişləndirmək, eyni zamanda davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artıma nail olmaq iradəsini açıq şəkildə ortaya qoyur.

Yeni strateji mərhələdə əsas diqqət iqtisadiyyatın real sektorlarında uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulmasına yönəldilib. Bəyannaməyə əsasən, bərpaolunan enerji, infrastruktur və xidmətlər kimi prioritet istiqamətlərdə bilik mübadiləsi və qarşılıqlı fəaliyyət genişləndiriləcək. Hər iki ölkənin iqtisadiyyatında yeni iş yerlərinin açılmasına, müasir bacarıqların formalaşmasına və əlavə dəyərin yaradılmasına xidmət edən bizneslərarası əlaqələrin təşviqi ticarət və investisiya münasibətlərinə yeni dinamizm gətirəcək.

Sənəddə regional və beynəlxalq nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi xüsusi strateji xətt kimi keçir. Tərəflər sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklərini bəyan ediblər. Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Orta Dəhlizə Birləşmiş Krallığın verdiyi bu dəstək regionun tranzit imkanlarının daha da artmasına və beynəlxalq ticarətin sürətlənməsinə mühüm töhfə verəcək.

Enerji təhlükəsizliyi və iqlim gündəliyi də Bakı və Londonun ortaq fəaliyyət planının mərkəzində dayanır. İştirakçılar iqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə təmiz enerji keçidi üzrə sıx əməkdaşlıq edəcəklər. Bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi bu sahədə əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

İqtisadi artımın dayanıqlı maliyyə mexanizmləri ilə dəstəklənməsi məqsədilə maliyyə və kapital bazarlarında əməkdaşlıq da genişləndirilir. Davamlı investisiya, ticarət maliyyəsi, kiçik və orta biznesin (KOB) böyüməsi və yaşıl maliyyələşdirməni təşviq etmək üçün müvafiq orqanlar və maliyyə qurumları arasında dialoq imkanları araşdırılacaq. Bununla yanaşı, tərəflər öz qanunlarına və qaydalarına uyğun olaraq, maliyyə sektorunun dayanıqlığını, şəffaflığını və beynəlxalq bazarlara çıxışını gücləndirən bilik mübadiləsini və institusional əməkdaşlığı asanlaşdıracaqlar.

Bəyannamədə nəzərdə tutulan bu çoxşaxəli hədəflərin praktik müstəvidə reallaşdırılması üçün əsas institusional mexanizm də müəyyən edilib. İqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi önəm verilir. Tərəflər bu komissiyadan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas platforma kimi istifadə edəcəklər.

Beləliklə, Dublin Bəyannaməsinin iqtisadi müddəaları Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlığın yalnız mövcud nailiyyətləri qorumaqla kifayətlənmədiyini, həm də innovasiya, nəqliyyat bağlantıları və yaşıl iqtisadiyyat üzərində qurulan yeni inkişaf mərhələsinə keçdiyini aydın göstərir.

 

Səma Ağalarova

YAP Ordubad rayon təşkilatının fəalı