Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisə kimi qiymətləndirilə bilər. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd ikitərəfli əlaqələrin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu Bəyannamə yalnız mövcud əməkdaşlığın siyasi baxımdan təsdiqi deyil, eyni zamanda qarşıdakı illərdə müxtəlif sahələr üzrə birgə fəaliyyətin istiqamətlərini müəyyən edən strateji yol xəritəsidir.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli tarixə, qarşılıqlı maraqlara və praktik əməkdaşlıq ənənələrinə əsaslanır. Hələ 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarının formalaşmasında mühüm rol oynayıb. Yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi məhz bu möhkəm təməl üzərində qurularaq münasibətlərin daha geniş məzmun və əhatə dairəsi qazanmasına xidmət edir.
Sənədin əhəmiyyətini artıran əsas məqamlardan biri tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətə sadiqliklərini bir daha təsdiqləmələridir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə uzlaşmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində hüquqa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın vacibliyini də ön plana çıxarır.
Xüsusilə regional təhlükəsizlik və davamlı sülh məsələlərinin Bəyannamədə ayrıca əks olunması diqqətəlayiqdir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanır, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilir. Böyük Britaniyanın regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə dəstəyini bir daha təsdiqləməsi Azərbaycanın sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini göstərir. Bu baxımdan, Bəyannamə yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın inkişafı baxımından da əhəmiyyət daşıyır.
Birgə Bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Müasir dövrdə beynəlxalq təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, yeni təhdidlərin və çağırışların meydana çıxması dövlətlər arasında koordinasiyanın və qarşılıqlı fəaliyyətin vacibliyini daha da artırır.
Sənəddə müdafiə sahəsində yüksəksəviyyəli dialoqun davam etdirilməsi, təlim və potensialın artırılması, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin araşdırılması nəzərdə tutulur. Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilir.
Bu istiqamətlər üzrə əməkdaşlıq Azərbaycanın təhlükəsizlik potensialının gücləndirilməsi, institusional dayanıqlılığın artırılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Eyni zamanda, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq regional sabitliyə və beynəlxalq təhlükəsizliyə töhfə vermək potensialına malikdir.
Bəyannamənin mühüm istiqamətlərindən biri də ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu baxımdan, Böyük Britaniya kimi böyük iqtisadi və maliyyə potensialına malik dövlətlə strateji tərəfdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sənəddə bərpaolunan enerji, infrastruktur, xidmətlər və digər prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının təşviqi nəzərdə tutulur. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsi, yeni iş yerlərinin yaradılması və hər iki ölkənin iqtisadiyyatında əlavə dəyərin formalaşdırılması əsas hədəflər sırasındadır.
Bəyannamədə Orta Dəhlizin inkişafına xüsusi diqqət ayrılması da təsadüfi deyil. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları ölkəmizi Avropa ilə Asiya arasında mühüm tranzit və nəqliyyat qovşaqlarından birinə çevirir. Şərq-Qərb istiqamətində yükdaşımaların genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına xidmət edir. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın genişlənməsi beynəlxalq investisiyaların cəlb edilməsi, logistika imkanlarının artırılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından yeni perspektivlər aça bilər.
Müasir dünyanın əsas çağırışlarından biri enerji təhlükəsizliyinin təmin olunması və qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasıdır. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji potensialının inkişafına da xüsusi önəm verir. Ölkəmizin külək və günəş enerjisi sahəsində malik olduğu imkanlar bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.Birgə Bəyannamədə təmiz enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağıkarbonlu texnologiyalar üzrə əməkdaşlığın nəzərdə tutulması mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın enerji strategiyasının şaxələndirilməsi, müasir texnologiyaların tətbiqi və uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi məqsədləri ilə uzlaşır.
Digər tərəfdən, süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və həyat elmləri kimi perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də sənədin mühüm yeniliklərindəndir. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi texnoloji inkişafın sürətlənməsinə, yeni biliklərin iqtisadiyyata tətbiqinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına töhfə verə bilər.
İki ölkə arasındakı münasibətlərin davamlı inkişafı yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Təhsil, elm, mədəniyyət və insanlar arasında əlaqələr də strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.Bəyannamədə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektoru üzrə təlimlər və elmi tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə Böyük Britaniyanın zəngin təhsil və elmi-tədqiqat təcrübəsindən yararlanmaq Azərbaycan üçün yeni imkanlar yarada bilər.
Eyni zamanda, tələbə və mütəxəssis mübadiləsi, peşəkar şəbəkələrin formalaşdırılması, mədəni əlaqələrin inkişafı və vətəndaş cəmiyyətləri arasında qarşılıqlı təmasların artırılması xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edəcək. Çünki dövlətlərarası münasibətlərin uzunmüddətli və dayanıqlı olması üçün siyasi razılaşmalarla yanaşı, cəmiyyətlər arasında qarşılıqlı anlaşma və etimadın da mövcudluğu vacibdir.
Sənədin mühüm xüsusiyyətlərindən biri onun icrasına nəzarət və gələcək prioritetlərin müəyyənləşdirilməsi mexanizminin nəzərdə tutulmasıdır. Tərəflər Bəyannamənin əsas istiqamətləri üzrə əldə olunan nəticələri nəzərdən keçirmək, yeni əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək və görülən işlərin praktiki icrasını qiymətləndirmək məqsədilə illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılığa gəliblər.
Bu mexanizm sənəddə əksini tapmış razılaşmaların konkret layihələrə və real nəticələrə çevrilməsi baxımından əhəmiyyətlidir. Çünki strateji tərəfdaşlığın uğuru yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı öhdəliklərin ardıcıl icrası, birgə təşəbbüslərin reallaşdırılması və əldə olunan nəticələrlə ölçülür.Nəticə etibarilə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin çoxşaxəli xarici siyasətinin, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinin və milli maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafının mühüm göstəricisidir.
Sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərini müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerji sahəsindən rəqəmsal texnologiyalara, təhsildən humanitar əlaqələrə qədər geniş istiqamətləri əhatə edən vahid strateji çərçivəyə daxil edir. Bu isə qarşılıqlı faydaya, etimada, suverenliyə hörmətə və ortaq maraqlara əsaslanan münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Əminliklə demək olar ki, yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin tarixində yeni səhifə açmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi və texnoloji imkanlarının genişlənməsinə, eləcə də regionda davamlı sülh və sabitliyin təşviqinə xidmət edəcək mühüm siyasi sənəddir.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı