Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, etibarlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi ölkəmizin əsas prioritetlərindəndir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsi mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında çoxillik əməkdaşlığın yeni hədəflərini müəyyənləşdirir. 1994-cü və 1998-ci illərdə imzalanmış dostluq və tərəfdaşlıq sənədlərinə əsaslanan bu Bəyannamə qarşılıqlı etimadın, siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.
Sənəddə BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət əsas götürülür. Eyni zamanda, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyəti vurğulanır, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar alqışlanır. Böyük Britaniyanın regionda davamlı sülhün təmin olunmasına dəstəyi Cənubi Qafqazda sabitlik və əməkdaşlıq perspektivlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Tərəflər regional təhlükəsizliyin möhkəmləndirilməsi, ümumi təhdidlərə qarşı mübarizə, müdafiə təlimləri, təcrübə mübadiləsi və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini nəzərdə tuturlar. Hüquq-mühafizə orqanları arasında əlaqələrin, sərhəd idarəçiliyinin və hüquqi əməkdaşlığın gücləndirilməsi də bu istiqamətin mühüm tərkib hissəsidir.
İqtisadiyyat, ticarət və investisiya sahəsində əməkdaşlıq isə strateji tərəfdaşlığın aparıcı sütunlarından biridir. Tərəflər bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə və kapital bazarları üzrə əlaqələrin genişləndirilməsini, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsini və yeni investisiya imkanlarının yaradılmasını hədəfləyirlər. Kiçik və orta biznesin inkişafı, yeni iş yerlərinin açılması, yaşıl maliyyələşdirmə və iqtisadiyyatın şaxələndirilməsi də qarşılıqlı əməkdaşlığın prioritetləri sırasındadır.
Xüsusi diqqət Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarına, xüsusilə Orta Dəhlizin inkişafına yönəldilir. Şərq ilə Qərb arasında mühüm bağlantı rolunu oynayan bu marşrutun genişləndirilməsi Azərbaycanın tranzit potensialının artırılması, regional ticarətin inkişafı və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Enerji sahəsində əməkdaşlıq da yeni məzmun qazanır. Ənənəvi enerji tərəfdaşlığı ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, təmiz enerji texnologiyaları, aşağı karbonlu iqtisadiyyat və enerji təhlükəsizliyi istiqamətlərində birgə fəaliyyət nəzərdə tutulur. Bu, Azərbaycanın enerji potensialının şaxələndirilməsi və qlobal yaşıl enerji gündəliyinə töhfəsinin artırılması üçün yeni imkanlar yaradır.
Sənəddə təhsil, elm və innovasiya sahələrinə də mühüm yer ayrılır. Ali və peşə təhsili, rəqəmsal bacarıqlar, elmi tədqiqatlar, süni intellekt və yeni texnologiyalar üzrə əməkdaşlığın genişləndirilməsi, universitetlər və tədqiqat institutları arasında əlaqələrin inkişafı prioritet kimi müəyyənləşdirilir. İnsan kapitalına yatırılan sərmayə, eləcə də mədəni və insanlararası əlaqələrin gücləndirilməsi iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın möhkəm təməlini formalaşdırır.
Bəyannamənin icrasının əlaqələndirilməsi və əldə olunan nəticələrin qiymətləndirilməsi üçün illik görüşlərin keçirilməsi də nəzərdə tutulur. Bu yanaşma sənəddə müəyyənləşdirilmiş hədəflərin praktik nəticələrə çevrilməsinə və əməkdaşlığın davamlı inkişafına xidmət edəcək.
Beləliklə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə sadəcə ikitərəfli münasibətlərin mövcud səviyyəsini təsdiqləyən sənəd deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən mühüm siyasi yol xəritəsidir. Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerjidən təhsilə və innovasiyaya qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsinə, regional mövqeyinin güclənməsinə və davamlı inkişafına yeni töhfələr vermək potensialına malikdir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı