Dostluqdan strateji tərəfdaşlığa: Azərbaycan–Birləşmiş Krallıq münasibətlərində yeni mərhələ

Dostluqdan strateji tərəfdaşlığa: Azərbaycan–Birləşmiş Krallıq münasibətlərində yeni mərhələ

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzaladılar. Bu sənəd iki ölkə arasında otuz ildən artıq davam edən dostluq və əməkdaşlıq yolunun məntiqi nəticəsi, eyni zamanda yeni, daha geniş və daha dərin mərhələnin başlanğıcıdır. Bəyannamə siyasi iradəni konkret əməkdaşlıq istiqamətləri ilə birləşdirərək Bakı ilə London arasındakı münasibətlərə strateji məzmun və uzunmüddətli perspektiv qazandırır.

 Yeni sənəd boş yerdə yaranmayıb. O, iki ölkə arasındakı uzunmüddətli münasibətlərə, 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ölkəmizin ilk və ən fəal tərəfdaşlarından biri oldu. Xüsusilə enerji sahəsində qurulan əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin onurğa sütununa çevrildi və Britaniya kapitalı Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran mənbələr sırasında yer aldı. Onilliklər ərzində qazanılmış bu etimad bu gün tərəfdaşlığı strateji səviyyəyə yüksəltməyə imkan verdi.

 Bəyannamənin ən mühüm müddəalarından biri tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına sadiqliyinin təsdiqidir. Sənəddə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsipləri xüsusi vurğulanır. Azərbaycan üçün bu prinsiplər sadəcə diplomatik formul deyil, ölkənin uzun illər ərzində müdafiə etdiyi və nəticədə ərazi bütövlüyünü bərpa etdiyi əsas dəyərlərdir. Birləşmiş Krallığın bu prinsipləri ortaq sənəddə təsbit etməsi tərəfdaşlığın dəyər əsasını möhkəmləndirir.

Bəyannamədə həmçinin hər iki tərəfin davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıması qeyd olunur. Bu yanaşma münasibətləri yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlər, iş adamları, alimlər və gənclər səviyyəsində də inkişaf etdirməyi nəzərdə tutur.

 Sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımlar alqışlanır. Birləşmiş Krallıq ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə dəstəyini bir daha təsdiqləyir. Bu, Cənubi Qafqazda sülh prosesinin beynəlxalq aləmdə geniş dəstək qazandığının və Azərbaycanın sülh təşəbbüslərinin yüksək qiymətləndirildiyinin daha bir sübutudur.

 Bəyannamə tərəfdaşlığın üç əsas sütununu müəyyən edir. Birincisi, müdafiə və təhlükəsizlikdir. Tərəflər təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək, müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin imkanlarını araşdıracaq, hüquq-mühafizə, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığı gücləndirəcəklər.

İkincisi, ticarət, investisiya və artımdır. Bərpaolunan enerji, infrastruktur və xidmətlər prioritet sektorlar kimi müəyyən edilib. Tərəflər Orta Dəhlizin inkişafını dəstəkləyəcək, təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlıq edəcək, maliyyə və kapital bazarlarında dialoqu dərinləşdirəcəklər. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya bu təşəbbüsləri irəlilətmək üçün əsas platforma olaraq qalacaq.

Üçüncüsü, təhsil və innovasiyadır. Ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, icraedici və dövlət sektorunda təlim, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində əməkdaşlıq nəzərdə tutulur. Universitetlər, tədqiqat institutları və sənaye arasında tərəfdaşlıqlar təşviq ediləcək.

 Bəyannamənin imzalanma vaxtı da təsadüfi deyil. Son illərdə Cənubi Qafqazda geosiyasi mənzərə köklü şəkildə dəyişib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Ermənistanla sülh prosesi Vaşinqton zirvəsindən sonra yeni mərhələyə qədəm qoyub, region isə qarşıdurma məkanından əməkdaşlıq və bağlantılar məkanına çevrilmək imkanı qazanıb. Belə bir şəraitdə beynəlxalq tərəfdaşlar regionla münasibətlərini yeni reallıqlara uyğunlaşdırırlar. Birləşmiş Krallığın Azərbaycanla strateji tərəfdaşlığa getməsi bu reallığın açıq etirafıdır.

Digər tərəfdən, qlobal iqtisadiyyatda təchizat zəncirlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyi və yaşıl keçid məsələləri ön plana çıxıb. Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm bərpaolunan enerji potensialı yüksək olan ölkə, həm də Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas həlqəsi kimi bu suallara cavab verən tərəfdaşdır. Birləşmiş Krallıq isə maliyyə, təhsil, elm və texnologiya sahələrində dünya liderlərindən biri olaraq Azərbaycanın iqtisadi şaxələndirmə və modernləşmə hədəflərinə dəyərli töhfə verə bilər.

Beləliklə, strateji tərəfdaşlıq iki ölkənin bir-birini tamamlayan üstünlüklərini birləşdirir. Bu, bir tərəfin digərinə yardımı deyil, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelidir. Bəyannamədə öhdəliklərin “iştirakçılar” tərəfindən ortaq şəkildə qəbul edilməsi də məhz bu bərabərliyi əks etdirir. Sənəd hər iki tərəfin maraqlarını nəzərə alan balanslı yanaşmanın nümunəsidir və gələcək əməkdaşlıq üçün aydın istiqamət müəyyən edir. Bu istiqamətlərin hər biri ayrılıqda dəyərlidir, lakin onların birlikdə götürülməsi tərəfdaşlığa həqiqi strateji xarakter verir.

 Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin uğurlu nəticəsidir. Bu sənəd göstərir ki, Azərbaycan regionun sabitlik, sülh və inkişaf mərkəzi kimi beynəlxalq tərəfdaşlar tərəfindən etibarlı müttəfiq kimi qəbul edilir. Birləşmiş Krallıq üçün isə Azərbaycan Cənubi Qafqazda, Xəzər hövzəsində və Avrasiya bağlantılarında açar rol oynayan tərəfdaşdır.

Sənədin dəyəri onun praktik icrasında üzə çıxacaq. Müdafiədən enerjiyə, logistikadan təhsilə qədər geniş spektri əhatə edən bu çərçivə yaxın illərdə konkret layihələr, yeni investisiyalar, birgə tədqiqatlar və insanlararası mübadilələrlə zənginləşəcək. Bakı ilə London arasında dostluq artıq strateji tərəfdaşlıq adlanır və bu tərəfdaşlıq hər iki xalqın rifahına, regional sülhə və beynəlxalq sabitliyə xidmət edəcək.

 

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri