Ağdam şəhərinin erməni işğalından azad olunmasından 6 il tamam olur. Bu, yalnız bir şəhərin azad edilməsi deyil, 30 il davam edən Qarabağ həsrətinin sonlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı bir hissəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.
Lakin azadlığına qovuşan Ağdamın mənzərəsi hər kəsin ürəyini sızladırdı. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalları vaxtilə Qarabağın ən abad, canlı və mədəni mərkəzlərindən biri olan Ağdamı tamamilə yerlə-yeksan etmişdilər. Yaşayış evləri, məktəblər, məscidlər, muzeylər, hətta qəbiristanlıqlar belə dağıdılaraq talan olunmuş, şəhər xarabalığa çevrilmişdi. Beynəlxalq jurnalistlərin və ekspertlərin haqlı olaraq "Qafqazın Xirosiması" adlandırdığı bu məkanda daş üstündə daş qalmamışdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də vurğuladığı kimi, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin əyani şahidi olsa da, dövlətimizin sarsılmaz iradəsi ilə bu şəhər və bütün kəndləri yenidən bərpa ediləcək və bu həqiqətə heç kimin şübhəsi olmamalıdır.
Ağdam qədim sivilizasiyaların beşiyi kimi mühüm tarixi və elmi-arxeoloji əhəmiyyətə malikdir. Ərazidəki Üzərliktəpə və Leylatəpə kimi qədim yaşayış məskənləri burada hələ minilliklər əvvəl yüksək mədəniyyətin mövcud olduğunu sübut edir. Qarabağ xanlığı dövrünə aid İmarət kompleksi, Şahbulaq qalası və Cümə məscidi isə bölgənin zəngin memarlıq və mənəvi irsinin əsas göstəriciləridir.
Bu gün Ağdamın dirçəlişi "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" əsasında müasir şəhərsalma standartları ilə həyata keçirilir. 100 min nəfər əhalinin yaşaması üçün nəzərdə tutulan bu strateji plana uyğun olaraq, Ağdam "ağıllı şəhər" və yaşıl enerji konsepsiyaları tətbiq edilməklə Qarabağın ən iri, müasir sənaye və mədəniyyət mərkəzinə çevrilir. Bölgənin nəqliyyat-logistika potensialının bərpasında Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi mühüm rol oynayır. Müasir memarlıq və təhlükəsizlik standartlarına uyğun inşa edilən bu nəhəng qovşaq Bərdə–Ağdam dəmir yolu xəttinin əsas tərkib hissəsi olmaqla, gələcəkdə həm sakinlərin rahat gediş-gəlişini, həm də Qarabağın ölkənin ümumi nəqliyyat şəbəkəsinə inteqrasiyasını təmin edəcək.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş Ağdama səfərləri şəhərin böyük qayıdışa hazırlanmasında həlledici rol oynayır. Xüsusilə 28 may 2021-ci il tarixində reallaşan səfər çərçivəsində Ağdam şəhərinin bərpasının təməl daşı qoyulmuş, ilk yaşayış binasının, 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, Bərdə–Ağdam avtomobil yolunun, eləcə də Zəfər və açıq hava altında İşğal muzeylərinin təməlqoyma mərasimləri keçirilmişdir. Dövlət başçısı həmçinin meşə-parkda ağacəkmə aksiyasında iştirak etmiş, tarixi İmarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanış olaraq bölgənin həm müasir infrastruktur, həm də mədəni irs baxımından kompleks şəkildə dirçəldilməsinə start vermişdir.
Dövlət başçısının 24 dekabr 2023-cü il tarixli səfəri isə rayonun yenidənqurma prosesində mühüm mərhələ oldu. Bu səfər zamanı Bərdə–Ağdam avtomobil yolu, 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyası və təmir-bərpadan sonra Xaçınçay su anbarı istifadəyə verildi. Eyni zamanda, Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin, şəhər Mərkəzi parkının, eləcə də Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməli qoyuldu, şəhərin daxili yollarında və "İmarət" Kompleksində aparılan bərpa işləri ilə tanışlıq oldu.
Prezident İlham Əliyevin 18 fevral 2025-ci il tarixli səfəri isə Ağdamın sosial, mədəni və rəqəmsal infrastrukturunun tam formalaşması baxımından mühüm mərhələ oldu. Bu səfər çərçivəsində Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı baş tutmuş, həmçinin “Hilton Garden Inn” hotelində, Ağdam Muğam Mərkəzində, 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, eləcə də “Ağdam Residence” yaşayış kompleksində yaradılan müasir şəraitlə tanışlıq olmuşdur.
Dövlət başçısının 18 iyul 2025-ci il tarixli səfəri isə artıq təməli qoyulmuş layihələrin real nəticələrinin təqdimatı ilə yadda qaldı. Bu səfər zamanı Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Ağdam Sənaye Parkında yeni istehsal müəssisəsinin, eləcə də Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılışı baş tutaraq şəhərdə təhsil, sənaye və mənəvi həyatın tam bərpasına daha bir mühüm töhfə verdi.
Bütün bu nəhəng quruculuq işləri və ardıcıl açılışlar göstərir ki, bir vaxtlar xarabalığa çevrilmiş Ağdam bu gün Qarabağın ən müasir, abad və canlı mərkəzlərindən birinə çevrilir. Şəhərin azad olunmasından ötən 6 il ərzində atılan hər bir addım otuz illik həsrətdən sonra doğma torpağına qayıdan insanların ümidlərinin, ruhunun dirçəlişidir.
Bu gün Ağdamın səmasında dalğalanan üçrəngli Azərbaycan bayrağı, yenidən ucalan məscid minarələri, gülüş səsləri eşidilən məktəb və bağçalar əbədi zəfərimizin və sarsılmaz dövlət iradəmizin ən parlaq rəmzidir. Qarabağın tacı olan Ağdam artıq əsl sahiblərinin əlində öz tarixi şöhrətini bərpa edir və gələcəyə doğru qürurla addımlayır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri