Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
20 Noyabr Azərbaycan tarixində torpaqlarımızın azadlığı, milli iradəmizin təntənəsi və tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Ağdam şəhəri uzun illər işğal altında qalmasına, görünməmiş dağıntılara və vandalizmə məruz qalmasına baxmayaraq, xalqımızın yaddaşında öz doğma simasını qoruyub saxladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər Ermənistanı kapitulyasiyaya məcbur etdi və 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu, ağdamlıların doğma torpaqlarına qayıdış arzusu gerçəyə çevrildi. Bir Ağdamlı kimi bu tarixi günün mənim üçün ifadə etdiyi hissləri sözlə təsvir etmək asan deyil. Çünki Ağdam bizim üçün sadəcə doğulduğumuz və ya ata-babalarımızın yaşadığı torpaq deyil, uşaqlıq xatirələrimiz, ailə tariximiz, mənəvi köklərimiz və kimliyimizdir. Uzun illər doğma şəhərimizin xarabalığa çevrilməsi hər birimiz üçün ağır mənəvi sınaq olsa da, Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və dövlətimizin qətiyyəti bu həsrətə son qoydu. Ağdamlılar da müharibə zamanı Vətənin müdafiəsində, torpaqlarımızın azadlığı uğrunda mübarizədə öz fədakarlıqları və qəhrəmanlıqları ilə iştirak etdilər. Bu Qələbə bizim üçün həm böyük qürur, həm də şəhidlərimizin əziz xatirəsi qarşısında sonsuz ehtiram deməkdir.
Ağdamın azad olunmasından sonra qarşıda duran əsas vəzifə illərlə dağıdılmış şəhərin yenidən qurulması, tarixi-mədəni irsin qorunması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yalnız ərazilərini azad etmədiyini, eyni zamanda həmin torpaqlarda yeni həyat qurmaq əzmində olduğunu nümayiş etdirir. Müasir infrastrukturun yaradılması, avtomobil və dəmir yollarının çəkilməsi, sosial obyektlərin, yaşayış binalarının və istehsal müəssisələrinin inşası Ağdamın gələcək inkişafının möhkəm təməlini formalaşdırır. 2025-ci il martın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə qayıdışına başlanılması bu prosesin ən mühüm mərhələlərindən biridir. Bir Ağdamlı kimi şəhərimizin yenidən qurulmasını, küçələrimizin canlanmasını, doğma torpağımıza insanların qayıtmasını böyük sevinc və qürur hissi ilə qarşılayıram. İllərlə həsrətini çəkdiyimiz Ağdamın yenidən dirçəlməsi hər birimiz üçün mənəvi qələbədir. Biz istəyirik ki, gələcək nəsillər Ağdamı yalnız dağıntılar və müharibə xatirələri ilə deyil, inkişaf edən, yaşayan, öz tarixi şöhrətini yenidən qazanan müasir şəhər kimi tanısınlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti bu arzuların gerçəkləşməsinə xidmət edir. Ağdam artıq dağıntıların deyil, quruculuğun, ümidsizliyin deyil, inamın, məcburi köçkünlüyün deyil, doğma yurda qayıdışın ünvanına çevrilir. 20 Noyabr – Ağdam Şəhəri Günü bizim üçün təkcə təqvimdə qeyd olunan bir tarix deyil, doğma torpağımıza bağlılığımızın, müharibədə göstərdiyimiz qəhrəmanlığın, milli qürurumuzun və gələcəyə olan inamımızın ifadəsidir.