21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı milli siyasi tariximizin mühüm hadisəsidir

21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı milli siyasi tariximizin mühüm hadisəsidir

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm yer tutan hadisələrdən biri 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsidir. Bu tarixi hadisə ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi, ictimai-siyasi həyatında mürəkkəb proseslərin yaşandığı, dövlətçilik ənənələrinin qorunmasının və milli birliyin təmin edilməsinin xüsusi əhəmiyyət daşıdığı bir dövrə təsadüf edirdi. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın gələcək inkişafı, siyasi sabitliyin bərqərar olması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm addım kimi tarixə düşdü.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca çətin və məsuliyyətli bir mərhələ idi. Ölkə həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə ciddi problemlərlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, daxili siyasi qarşıdurmalar və idarəetmədə yaranmış çətinliklər dövlət müstəqilliyinin gələcəyini təhlükə altında qoyurdu. Cəmiyyətdə güclü siyasi iradəyə, zəngin idarəçilik təcrübəsinə və xalqın etimadını qazanmış rəhbərliyə ehtiyac getdikcə artırdı. İnsanlar ölkəni yaranmış böhrandan çıxara biləcək, milli maraqları müdafiə edəcək və Azərbaycanın gələcəyinə inam yaradacaq siyasi qüvvənin formalaşmasını istəyirdilər.

Belə bir tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalıları və ictimai xadimləri təşəbbüs göstərərək Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər görkəmli ziyalının imzaladığı və tarixə “91-lərin müraciəti” kimi düşən sənəddə Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin həmin partiyaya rəhbərlik etməsi təklif olunurdu. Bu müraciət sadəcə bir qrup ziyalının təşəbbüsü deyildi. O, ölkənin taleyinə biganə qalmayan insanların milli məsuliyyətinin, siyasi dəyişikliklərə olan ehtiyacın və Azərbaycanın gələcəyinə dair ümidlərinin ifadəsi idi.

Ümummilli Lider Heydər Əliyev 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünə müsbət münasibət bildirdi. O, müstəqil Azərbaycanın möhkəmləndirilməsi, demokratiyanın inkişafı, siyasi plüralizmin təmin olunması və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcək yeni siyasi qüvvənin formalaşmasının vacibliyini vurğuladı. Heydər Əliyevin bu qərarı üzərinə böyük tarixi məsuliyyət götürməsinin, ölkənin gələcəyini şəxsi maraqlardan üstün tutmasının və dövlətçilik naminə prinsipial mövqe nümayiş etdirməsinin göstəricisi idi.

Nəhayət, 1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasını qoyan mühüm hadisə baş verdi. Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Bakı şəhərindən və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 550 nəfərdən ibarət təşəbbüs qrupunun nümayəndələri iştirak edirdi. Həmin konfrans ölkənin müxtəlif bölgələrini təmsil edən insanların vahid məqsəd ətrafında birləşməsinin və Azərbaycanın gələcəyinə dair ortaq mövqenin formalaşmasının mühüm nümunəsi oldu.

Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Eyni zamanda, təşkilatın rəhbər orqanları formalaşdırıldı, Siyasi Şura və İdarə Heyətinin tərkibi müəyyənləşdirildi, sədr müavinləri seçildi. Konfransın ən mühüm qərarlarından biri isə Ümummilli Lider Heydər Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi oldu. Bununla da partiyanın siyasi fəaliyyətinin əsas istiqamətləri və gələcək inkişafının təşkilati əsasları müəyyən edildi.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli dövlətçilik düşüncəsinin inkişafında da xüsusi rol oynadı. Partiyanın əsas ideoloji prinsipləri azərbaycançılıq, müstəqil dövlətçilik, milli həmrəylik, sosial ədalət, qanunun aliliyi və demokratik dəyərlərə əsaslanırdı. Bu prinsiplər Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, cəmiyyətdə milli birliyin güclənməsinə və ölkənin gələcək inkişaf strategiyasının formalaşmasına xidmət edirdi.

Yeni Azərbaycan Partiyasının yaradılmasında Heydər Əliyevin siyasi nüfuzu, dövlətçilik təcrübəsi və uzaqgörənliyi həlledici əhəmiyyət daşıyırdı. Ulu Öndər ölkənin qarşılaşdığı çətinlikləri dərindən təhlil edir, dövlət müstəqilliyinin qorunmasını, siyasi sabitliyin təmin edilməsini və Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqeyə sahib olmasını əsas prioritetlər kimi müəyyənləşdirirdi. Onun rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə geniş ictimai dəstək qazandı və ölkənin siyasi həyatında aparıcı qüvvələrdən birinə çevrildi.

1992-ci il dekabrın 18-də Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alındı. Bu hadisə partiyanın təşkilati baxımdan formalaşmasının mühüm mərhələsi oldu. Sonrakı dövrdə ölkənin müxtəlif şəhər və rayonlarında partiya təşkilatları yaradıldı, onun sıraları genişləndi və ictimai-siyasi fəaliyyət istiqamətləri daha da inkişaf etdirildi. YAP-ın fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və ölkədə sabitliyin təmin edilməsi prosesləri ilə sıx bağlı oldu.

1993-cü ildə Azərbaycanın siyasi həyatında baş verən mühüm dəyişikliklər Yeni Azərbaycan Partiyasının tarixində də xüsusi mərhələ təşkil etdi. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin dövrdə dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərpası, idarəetmə sisteminin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əsas vəzifələrə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə və dövlətçilik prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edir. Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın regional mövqelərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir.

Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması müasir tariximizin ən mühüm nailiyyətlərindəndir. Bu uğurlar dövlətin gücünü, xalqın birliyini və milli maraqlar ətrafında formalaşmış həmrəyliyi nümayiş etdirir. Yeni Azərbaycan Partiyası da ölkənin ictimai-siyasi həyatında iştirak edərək bu proseslərdə fəal mövqe nümayiş etdirir.

Partiyanın fəaliyyətində gənclərin iştirakı da xüsusi əhəmiyyət daşıyır. Gənc nəslin dövlətçilik ənənələrinə bağlı ruhda yetişməsi, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hisslərinin gücləndirilməsi və ictimai proseslərdə fəal iştirakının təmin olunması gələcəyimiz baxımından mühüm məsələlərdəndir. Gənclər ölkənin inkişafında yalnız müşahidəçi deyil, həm də fəal iştirakçı olmalı, öz bilik və bacarıqları ilə Azərbaycanın tərəqqisinə töhfə verməlidirlər.

21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi təkcə siyasi təşkilatın yaranması deyil, həm də Azərbaycanın mürəkkəb tarixi şəraitdə gələcəyinə inamın və milli birliyin təcəssümü idi. Həmin gün ölkənin müxtəlif bölgələrindən olan insanların Heydər Əliyevin rəhbərliyi ətrafında birləşməsi xalqın güclü dövlətçilik və sabitlik istəyini nümayiş etdirirdi. Bu tarixi hadisə biz gənclərə də mühüm mesaj verir: dövlətimizin gələcəyinə məsuliyyətlə yanaşmaq, milli maraqları qorumaq, ölkəmizin inkişafına töhfə vermək hər bir vətəndaşın borcudur.

21 noyabr tarixi Yeni Azərbaycan Partiyasının yaranma günü olmaqla yanaşı, Azərbaycan xalqının siyasi iradəsini, milli həmrəyliyini və dövlətçilik əzmini əks etdirən əlamətdar tarixdir. Bu günün tarixi əhəmiyyətini dərk etmək, Ulu Öndər Heydər Əliyevin siyasi irsini öyrənmək və müasir Azərbaycanın inkişaf yolunu qiymətləndirmək hər birimiz üçün vacibdir. Əminliklə demək olar ki, 1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyasının tarixi ölkəmizin müasir siyasi salnaməsinin mühüm səhifələrindən biri kimi daim xatırlanacaqdır.

 

Nigar Abbaszadə,

YAP Nərimanov rayon təşkilatının mühasibi