Xarabalıqdan Müasir Şəhərə: 20 Noyabr – Ağdamın Azadlıq və İnkişaf Günü

Xarabalıqdan Müasir Şəhərə: 20 Noyabr – Ağdamın Azadlıq və İnkişaf Günü

 

            Azərbaycanın müasir dövlətçilik salnaməsinə ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi həkk olunmuş ən mühüm tarixi günlərdən biri 20 Noyabr – Ağdam Şəhəri Günüdür. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı sarsıdıcı qələbələr düşməni kapitulyasiya aktını imzalamağa vadar etdi və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ağdam rayonu bir güllə belə atılmadan, siyasi-diplomatik müstəvidə əldə olunan üstünlük nəticəsində işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir iradəsi və uzaqgörən siyasi strategiyası sayəsində əlavə insan itkisi verilmədən qazanılan bu parlaq Zəfər tarixi ədalətin bərqərar olmasının, həmçinin dövlətimizin hərbi-siyasi qüdrətinin beynəlxalq miqyasda təsdiqinə çevrildi.

           1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Ağdam rayonu otuz ilə yaxın müddət ərzində misli görünməmiş dağıntılara və mədəni soyqırıma məruz qalmışdı. Beynəlxalq müşahidəçilərin və xarici media nümayəndələrinin haqlı olaraq "Qafqazın Xirosiması" adlandırdığı bu qədim diyarda bütün infrastruktur, yaşayış məntəqələri, mədəniyyət ocaqları, dini abidələr, o cümlədən tarixi Ağdam Cümə məscidi məqsədli şəkildə yerlə-yeksan edilmiş, təbii sərvətlər amansızlıqla talan olunmuşdu. Lakin 2020-ci il noyabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin rayona daxil olması və üçrəngli Dövlət Bayrağımızın Ağdam mərkəzində ucaldılması ilə illərdir davam edən bu ağır həsrətə son qoyuldu, rayonun işğal tarixi böyük qürur və Zəfər salnaməsi ilə əvəzləndi.

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Ağdam Şəhəri Günü bu gün həm də regionda həyata keçirilən nəhəng quruculuq və Böyük Qayıdış proqramının rəmzi kimi qeyd olunur. Azad edildiyi ilk günlərdən dövlət başçısının birbaşa nəzarəti altında Ağdamın tamamilə yenidən qurulması istiqamətində ardıcıl və sistemli addımlar atılır. Təsdiq edilmiş Baş Plan əsasında Ağdam müasir şəhərsalma standardlarına cavab verən "ağıllı şəhər" və "yaşıl enerji" zonası konsepsiyası ilə bərpa edilir, rayonda geniş nəqliyyat-kommunikasiya şəbəkəsi, Bərdə–Ağdam avtomobil və dəmir yolları, yarımstansiyalar, eləcə də regionun iqtisadi dirçəlişinə xidmət edən Ağdam Sənaye Parkı yaradılır. Dövlət siyasətinin prioritet istiqaməti olan bu genişmiqyaslı layihələr Ağdamın tezliklə Qarabağın ən müasir, abad və çiçəklənən mərkəzlərindən birinə çevriləcəyini, doğma yurdlarına qayıdan vətəndaşlarımızın burada təhlükəsiz və firavan yaşayacağını tam qətiyyətlə təsdiqləyir.

         Geosiyasi və strateji əhəmiyyətinə görə Qarabağın digər rayonları ilə ölkənin əsas iqtisadi mərkəzləri arasında mühüm qovşaq rolunu oynayan Ağdamın dirçəldilməsi həm də Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və regional inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Dövlətimizin öz daxili resursları hesabına həyata keçirdiyi bu tarixi bərpa modeli Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqların və sarsılmaz suverenliyinin ən bariz təzahürüdür. Bu baxımdan, 20 Noyabr təkcə bir şəhərin azadlıq günü deyil, həm də milli birliyimizin, dövlət-xalq həmrəyliyinin və gələcək nəsillərə ötürüləcək əbədi qürur mənbəyinin rəsmi təsdiqidir.

Yusif Abbasov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı