21 noyabr 1992-ci il – Məsuliyyətli addım və doğru qərar, tarixi zərurətdən doğan siyasi iradə

21 noyabr 1992-ci il – Məsuliyyətli addım və doğru qərar, tarixi zərurətdən doğan siyasi iradə

 

1992-ci il noyabrın 21-i Azərbaycan tarixində mühüm siyasi hadisə və dövlətçilik salnaməmizin əlamətdar günlərindən biri kimi yadda qalmışdır. Həmin gün Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi şəraitində atılmış cəsarətli, məsuliyyətli və tarixi bir addım idi. Bu hadisə yalnız yeni siyasi təşkilatın yaradılması deyil, eyni zamanda Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə qalmışdı. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, hakimiyyət böhranı dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, xalqın gələcəyə inamı ciddi şəkildə sarsılırdı. Belə bir dövrdə Azərbaycanın milli maraqlarını müdafiə edə biləcək, dövlətçiliyin qorunmasını və ölkənin inkişafını təmin edəcək güclü siyasi qüvvəyə ehtiyac var idi.

Məhz belə bir tarixi şəraitdə xalqın tələbi və ziyalıların təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm addım atıldı. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtəsi oldu. Partiyanın yaranması ölkədə siyasi təşkilatlanmanın güclənməsinə, milli birliyin möhkəmlənməsinə və dövlətçilik ideyalarının daha geniş şəkildə təbliğinə şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyətli mövqeyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Partiya qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunması, siyasi sabitliyin bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi baxımından həlledici rol oynadı.

Bu gün Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən keçdiyi inkişaf yoluna nəzər salarkən onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində oynadığı mühüm rolu aydın görürük. Partiyanın ideoloji və siyasi əsasını təşkil edən azərbaycançılıq, dövlətçilik, milli birlik və vətənpərvərlik prinsipləri müasir dövrdə də öz aktuallığını qoruyur.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu ardıcıllığın və siyasi varisliyin mahiyyətini aydın ifadə edir.

Bu siyasi xəttin əsasını güclü dövlət, milli maraqlara əsaslanan siyasət, xalq-iqtidar birliyi, müstəqilliyin qorunması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadi və siyasi gücünü artırmış, beynəlxalq nüfuzunu yüksəltmişdir.

Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpası Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu qələbələr xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsi oldu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Heydər Əliyevin müəyyən etdiyi güclü dövlətçilik strategiyasının uğurla davam etdirilməsinin mühüm nəticələrindən biridir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, Böyük Qayıdış proqramının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Yeni Azərbaycan Partiyası da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət siyasətinin həyata keçirilməsinə dəstək verir, milli həmrəyliyin və siyasi sabitliyin qorunmasına öz töhfəsini verir.

Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi zamanın tələbindən doğan məsuliyyətli addım, xalqın gələcəyinə hesablanmış doğru qərar və Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna əhəmiyyətə malik tarixi hadisə idi. Bu gün həmin tarixi qərarın bəhrələrini müstəqil, qüdrətli, suveren və beynəlxalq aləmdə böyük nüfuza malik Azərbaycanda görürük.

21 noyabr tarixi yalnız bir siyasi partiyanın yaranma günü deyil, həm də milli iradənin, dövlətçilik düşüncəsinin, siyasi uzaqgörənliyin və xalq-lider birliyinin təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilir. Bu yolun əsas məqsədi isə daha güclü Azərbaycan qurmaq, milli maraqlarımızı qorumaq və gələcək nəsillərə qüdrətli dövlət miras qoymaqdır.

 

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının əməkdaşı