Yeni Azərbaycan Partiyası: Ulu Öndərin siyasi irsi və dövlətçilik ənənələrinin uğurlu davamı

Yeni Azərbaycan Partiyası: Ulu Öndərin siyasi irsi və dövlətçilik ənənələrinin uğurlu davamı

 

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müasir Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biridir. Həmin dövrdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin təhlükə altında olması və siyasi böhran xalqın gələcəyini düşünən güclü siyasi qüvvənin formalaşmasını zəruri edirdi. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünün ölkənin müxtəlif bölgələrindən olan ziyalılar tərəfindən irəli sürülməsi və minlərlə insanın bu təşəbbüsü dəstəkləməsi xalqın Ulu Öndər Heydər Əliyevə olan böyük inamının göstəricisi idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında partiyanın yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Bu, dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi və ölkənin gələcək inkişafının təmin olunması istiqamətində atılmış məsuliyyətli və tarixi addım idi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın siyasi missiyasını və xalq qarşısındakı tarixi məsuliyyətini aydın ifadə edir.

Sonrakı hadisələr bu qərarın nə qədər uzaqgörən olduğunu təsdiqlədi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin müəyyən etdiyi siyasi strategiya Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi və güclü dövlət quruculuğunun əsasını qoydu.

Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə böyük nailiyyətlər əldə etmiş, beynəlxalq mövqelərini möhkəmləndirmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında qeyd etdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu siyasi varisliyin və dövlətçilik ənənələrinə sədaqətin bariz ifadəsidir.

Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində inkişafının mühüm siyasi hadisəsi kimi diqqət çəkir. Prezident İlham Əliyev qurultaydakı çıxışında bildirmişdir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu fikirlər Azərbaycanın qazandığı tarixi Zəfərin siyasi əhəmiyyətini və qarşıda duran yeni hədəfləri əks etdirir.

VIII Qurultayda partiyanın gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, müasir dövrün çağırışları və regionda yaranmış yeni reallıqlar nəzərə alınmışdır. Partiyanın yenilənməsi, təşkilati fəaliyyətinin təkmilləşdirilməsi və gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması əsas prioritetlər sırasında yer alır. Prezident İlham Əliyev partiya fəallarının ölkənin inkişafındakı rolunu yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.” Dövlət başçısının “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri isə milli birlik və həmrəyliyin dövlətimizin gələcəyi baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi həyatında mühüm rol oynayır. Partiya dövlətçilik prinsiplərinin qorunması, milli maraqların müdafiəsi, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafı naminə fəaliyyətini uğurla davam etdirir.

1992-ci il noyabrın 21-də qəbul edilmiş tarixi qərar Azərbaycanın siyasi salnaməsində özünəməxsus yer tutur. Yeni Azərbaycan Partiyasının yaradılması milli iradənin, siyasi uzaqgörənliyin və dövlətçilik məsuliyyətinin təcəssümü idi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanın qüdrətli dövlət kimi gələcəyə inamla irəliləməsinin mühüm təminatıdır.

 

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı