Ağdam–tariximizin yaddaşı, zəfərimizin rəmzi və böyük quruculuq salnaməsi

Ağdam–tariximizin yaddaşı, zəfərimizin rəmzi və böyük quruculuq salnaməsi

 

 

Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük tarixi irsə malik şəhərlərindən biridir. Qarabağın mühüm mədəni, iqtisadi və strateji mərkəzlərindən olan Ağdam əsrlər boyu özünün tarixi abidələri, memarlıq nümunələri, elmi-arxeoloji irsi, kənd təsərrüfatı və sənaye potensialı ilə seçilmişdir. Ağdam təkcə coğrafi məkan deyil, həm də Azərbaycan xalqının milli yaddaşının, tarixi kimliyinin və mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. Bölgənin tarixi və elmi-arxeoloji əhəmiyyəti olduqca böyükdür. Ağdam ərazisində yerləşən qədim yaşayış məskənləri, arxeoloji abidələr, tarixi tikililər və dini-memarlıq nümunələri bu torpağın zəngin keçmişindən xəbər verir. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Şahbulaq qalası, Qiyaslı məscidi və digər tarixi abidələr Ağdamın milli-mədəni irsinin mühüm nümunələridir. Bu abidələr Azərbaycan xalqının dövlətçilik ənənələrini, memarlıq sənətini və zəngin mədəni həyatını özündə əks etdirir.

Lakin uzun illər davam edən Ermənistan işğalı Ağdamın tarixi simasına, mədəni irsinə və sosial-iqtisadi həyatına ağır zərbə vurmuşdur. Rəsmi İrəvanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, mülki infrastruktur yararsız vəziyyətə salınmış, tarixi və dini abidələrə qarşı vandalizm aktları törədilmişdir. Bir vaxtlar Azərbaycanın ən abad şəhərlərindən biri olan Ağdam xarabalığa çevrilmiş, əhalisi doğma yurd-yuvasından didərgin düşmüşdür. Şəhərin sistemli şəkildə dağıdılması, qəbiristanlıqların və dini abidələrin təhqir edilməsi, mədəni irsin məhv olunması Ermənistanın törətdiyi müharibə cinayətlərinin və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd əməllərinin bariz nümunəsidir.

2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində Ağdam rayonu noyabrın 20-də işğaldan azad edildi. Bu hadisə Azərbaycan tarixinin mühüm səhifələrindən biri olmaqla, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan tarixi addım idi. Ağdamın azad olunması ilə Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdışın və böyük quruculuq prosesinin başlanğıcını qoydu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri Ağdam şəhərinin müasir standartlara uyğun yenidən qurulmasıdır. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişafının strateji əsaslarını müəyyənləşdirir. Baş plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında, yaşıl zonaları, geniş küçə və prospektləri, yaşayış kompleksləri, sosial obyektləri, sənaye və xidmət infrastrukturu ilə seçilən müasir şəhərə çevriləcək. Burada insanların rahat yaşayışı, məşğulluğu, təhsil alması və istirahəti üçün zəruri şərait yaradılması nəzərdə tutulur.

Ağdamın yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı da xüsusi əhəmiyyət daşıyır. Bərdə-Ağdam avtomobil yolunun inşası və istifadəyə verilməsi bölgənin nəqliyyat əlaqələrinin genişləndirilməsinə, iqtisadi fəallığın artmasına və əhalinin rahat hərəkətinə mühüm töhfə verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi isə şəhərin ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyasında, sərnişin və yük daşımalarının təşkilində, gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdəndir. Bu infrastruktur layihələri Ağdamın Qarabağın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi baxımından böyük perspektivlər yaradır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama mütəmadi səfərləri şəhərin bərpası prosesinə göstərilən xüsusi diqqət və qayğının bariz ifadəsidir. Dövlət başçısının 28 may 2021-ci il tarixində Ağdama səfəri zamanı genişmiqyaslı quruculuq işlərinin əsası qoyulmuşdur. Həmin səfər çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, şəhərdə ilk yaşayış binasının, 1 nömrəli tam orta məktəbin yeni binasının təməli qoyulmuş, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi keçirilmişdir. Eyni zamanda, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimi baş tutmuş, şəhərin bərpasının təməl daşı qoyulmuşdur. Prezident İlham Əliyev Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi və Qiyaslı məscidi ilə tanış olmuş, həmçinin Şahbulaq qalasına səfər etmişdir. Bu addımlar Ağdamın həm müasir inkişafına, həm də tarixi-mədəni irsinin qorunmasına xidmət edir.

Dövlət başçısının 24 dekabr 2023-cü il tarixli səfəri zamanı Ağdamın infrastruktur və yaşayış imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələrə start verilmişdir. “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı, şəhərdə dördüncü və beşinci yaşayış komplekslərinin təməlinin qoyulması, Mərkəzi parkın yaradılmasına başlanılması bu istiqamətdə atılan mühüm addımlardır. Səfər çərçivəsində İmarət Kompleksində aparılan təmir-bərpa işləri, şəhərin daxili yollarının tikintisi ilə tanışlıq keçirilmiş, Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməlqoyma mərasimləri təşkil olunmuşdur. Həmçinin Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilmiş, Bərdə-Ağdam avtomobil yolunun açılışı həyata keçirilmişdir.

18 fevral 2025-ci il tarixində Prezident İlham Əliyevin Ağdama növbəti səfəri zamanı şəhərin sosial, iqtisadi və rəqəmsal infrastrukturunun inkişafı istiqamətində görülən işlər diqqət mərkəzində olmuşdur. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı bölgədə müasir idarəetmə sisteminin formalaşdırılması baxımından mühüm hadisə olmuşdur. Dövlət başçısı “Hilton Garden Inn” hotelində, Ağdam Muğam Mərkəzində, “Ağdam Residence” yaşayış kompleksində, ikinci yaşayış kompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında və 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur. Bu layihələr şəhərdə yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, təhsil, mədəniyyət, turizm və xidmət sektorlarının inkişafına da geniş imkanlar yaradır.

18 iyul 2025-ci il tarixində Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin və 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışları həyata keçirilmişdir. Eyni zamanda, Ağdamın Qiyaslı kəndindəki tarixi məscid bərpadan sonra istifadəyə verilmişdir. Bu hadisələr Ağdamda sənaye potensialının genişləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, təhsil infrastrukturunun yenilənməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərin real nəticələridir.

 

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri