Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ürəyi Azərbaycanla döyünən Ulu Öndər!

Ürəyi Azərbaycanla döyünən Ulu Öndər!

24.04.2024 [10:26]

Müasir Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə  hakimiyyətinin birinci dövründə fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Belə ki, dahi şəxsiyyət Heydər Əliyev düşünülmüş siyasəti nəticəsində  1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış ölkədən  ən qabaqcıl respublikaya çevirdi.  Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar bu gün  müstəqil Azərbaycanın uğurlu inkişafına öz töhfələrini verirlər. Ulu Öndər Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana  diqqət və  qayğısını göstərmişdir.  Məhz bu diqqət və qayğı  nəticəsində Azərbaycan o illərdə  uğurla inkişaf etdi. Bu reallıq inkaredilməzdir ki,  Azərbaycan xalqının faciələri Ümummilli Lider  Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və  himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri  başladı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar: “Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü.”

Xalq, Vətən sevgisi Ümummilli Lider Heydər Əliyevin çağırışlarında, atdığı hər bir addımında özünün aydın ifadəsini tapırdı. Azərbaycançılığın ən parlaq səhifələri məhz hakimiyyətinin birinci dövründə yazılmışdır.  Dahi şəxsiyyət o illərdə Azərbaycanda milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışmışdır.  Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrü  milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanını düşünərək xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına yönələn addımları oldu. Keçmiş İttifaq respublikalarında, həmçinin digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi bu məqsədə xidmət edirdi. Bakı həmin illərdə dünya miqyasında tanınan elm və mədəniyyət mərkəzi kimi diqqətdə idi.

Ümummilli Liderin hakimiyyətinin birinci dövründə strateji proqramında Azərbaycan dili xüsusi yer tuturdu. Ulu Öndərin qətiyyəti, səyləri nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili status qazandı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqil gələcəyinə, azərbaycançılıq ideologiyasının inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi də bugünümüzə hesablanmış mühüm addımlar sırasındadır. Ümummilli Lider hər addımında azərbaycanlı olduğu üçün fəxr etdiyini, daim Azərbaycanın gələcəyi üçün çalışdığını nümayiş etdirmişdir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı bütün dövrlərdə aktuallığını qorumaqla dünya azərbaycanlılarının birliyinə,  həmrəyliyinə stimul olmuşdur.

1993-cü ildə, Azərbaycanın ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk çağırışlarından biri bu oldu ki, Vətən birdir, hamı bu Vətən üçün çalışmalıdır. Həmçinin o da xüsusi qeyd edildi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir.

Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlandı, inkişaf etdi və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirdi. Bütün dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Prezident İlham Əliyev Ümummilli Liderin Vətən sevgisini belə xarakterizə etmişdir: “Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir”- bu sözlər atamın- Heydər Əliyevin kredosudur. O, özünü bütünlüklə öz ölkəsinə həsr etmişdir. O, ailəsini, bizim hamımızı çox sevirdi. Ancaq Azərbaycan onun üçün hər şeydən əfzəl idi. O, övladlarını, nəvələrini də öz ruhunda tərbiyə edirdi.”

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı üçün gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Onun fəaliyyətinin hər sahəsi daim bir tədqiqat mövzusu kimi araşdırılır, öyrənilir. Ümummilli Lider Azərbaycanın Günəş  kimi dünyaya doğmasını arzuladı və buna nail oldu.  Ulu Öndər Heydər Əliyev “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” bəyan etməklə müasir müstəqil Azərbaycanın Onun şah əsəri olduğunu diqqətə çatdırdı. Daim vurğuladığımız kimi, dövlət o zaman güclü, xalq o zaman gələcəyə böyük inamla addımlayır ki,  onun  dövlət maraqlarını hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini müəyyənləşdirdiyi inkişaf strategiyası ilə  tənzimləyən Lideri vardır.   Liderliyi şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilmək deməkdir. Milli Liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Bu baxımdan böyük inamla qeyd edirik ki, Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Bu ideyalar daim müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanı daha möhtəşəm uğurlara aparacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.

Dahi şəxsiyyət  Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik  deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.  Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Artıq tarixin arxivinə atılmış  Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edildi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın çoxəsrlik tarixinə Zəfər səhifələrinin yazılması ilə diqqətdədir. Azərbaycan bu illər ərzində hər bir sahədə uğurla inkişaf etdi. Yeganə hədəf torpaqlarımızın işğaldan azad edilməsi, tarixi ədalətin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Ötən ilin sentyabr ayında isə Silahlı Qüvvələrimiz həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində  suverenliyimizi tam bərpa etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Xankəndidə Zəfər paradının keçirilməsi, Novruz tonqalının alovlandırılması, Xocalıda faciənin 32-ci ildönümünün qeyd edilməsi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşün keçirilməsi, cari ildə soydaşlarımızın qayıdacaqları şəhərlər sırasında Xocalının və Xankəndinin də olması qürurverici hadisələrdir. Suverenliyimizin tam bərpası ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu dövr ötən ilin 20 sentyabrından başlayır. Yeni dövrün mühüm hadisəsi olan 7 fevral növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi yeni hədəflərin müəyyənləşdirilməsində  və uğurlu icrasında əhəmiyyətli rol oynayır. Əsas hədəfimiz Qarabağın  və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın Böyük Qayıdışının uğurla başa çatmasıdır.

Bu hədəfə öz töhfələrini verən Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur. Fond Azərbaycanın hərtərəfli inkişafına xidmət edən layihələri ilə diqqətdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Fond öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Bu illər ərzində bir çox irimiqyaslı layihələr icra edib.  Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edir. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir: “Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.”

2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə   Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi  Azərbaycanın həyatında yeni bir mərhələnin  əsası kimi dəyərləndirildi. Bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri əsasında Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan möhtəşəm uğurlara imza ataraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinin uğurları Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Belə ki, Fondun çoxşaxəli fəaliyyəti müxtəlif sahələrin inkişafına yönəlib. Şərqlə Qərb arasında sivilizasiyalararası körpü, dialoq mərkəzi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rəhbərlik  etdiyi qurumun xeyriyyəçilik, humanistlik missiyası çoxşaxəli və davamlıdır. Tarixi Zəfərimizdə öz sözünü deyən diplomatik uğurlarımızda Heydər Əliyev Fondunun öz payı vardır. Bu gün də Fond həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31