Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Forumu başa çatıb

Bakı Forumu başa çatıb

04.05.2024 [10:50]

Nardar BAYRAMLI

Dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq 1-3 may tarixlərində Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda 100-dən çox ölkəni təmsil edən 700 qonaq iştirak edib. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Üç gün davam edən Forum zamanı 12 panel müzakirə və 4 plenar sessiya keçirilib. Tədbirdə təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə edilib.

Belə ki, Forum çərçivəsində “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət”, “Süni intellekt - təhdid yoxsa imkan?”,  “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?”, “Peace4Culture Qlobal Çağırışı: Mərkəzi Asiya və Qafqazda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) Gənc Sülh Qurucuları Proqramının işə salınması”, “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi”, “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusunda toplantılar və digər tədbirlər reallaşdırılıb. 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində parlamentlərarası konfrans da keçirilib. “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilən tədbirin rəsmi açılış hissəsinə Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova sədrlik edib. Konfransda parlamentlərarası əlaqələrin mədəniyyətlərarası dialoq istiqamətində mühüm rol oynadığı diqqətə çatdırılıb. Natiqlər sülh, dinc yanaşı yaşama, qarşılıqlı dialoq istiqamətində güclərin, imkanların birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Bundan başqa, Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri də təşkil edilib. Belə ki, 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri mədəniyyət paytaxtımız Şuşa şəhərində dini liderlərin Şuşa görüşündə bir araya gəliblər. Görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşdığını bildirib, dinlərarası dialoq və multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı və inkişaf etdirilməli olduğunu qeyd edib.

Sonra BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Misirin baş müftisi Şövqi Əllam, Rusiyanın Baş ravvini Berl Lazar və digərləri Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini vurğulayıblar. Görüş iştirakçıları, həmçinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik dəyərli fəaliyyət və səylərə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinə, VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Bakı və Şuşa görüşlərinin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar. Sonra dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib.

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı prosesini alqışlayaraq, cari ilin noyabrında keçiriləcək COP29 - İqlim Dəyişikliyi üzrə Bakı Sammitinin təşkilatçısı Azərbaycan Respublikasına uğurlar diləyiblər. Həmçinin, dini liderlər Şuşada, Xankəndidə, Xocalıda və Ağdamda erməni vandalizminin nəticələri ilə tanış olub, Azərbaycan dövlətinin bu ərazilərdə apardığı bərpa, yendənqurma işlərinin gedişatı barədə məlumatlandırılıblar. 

Bütövlükdə, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir.

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31