Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 757 günlük sülh məramsızlığı...

757 günlük sülh məramsızlığı...

08.12.2022 [10:00]

Ölkəmizi tərk etmələrinə 1069 gün qalır

2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeganə vəzifəsi razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etməkdir. Amma görünən budur ki, bəyanata əsasən regiona gələn Rusiyanın sülhməramlı kontingenti prosesin məhz razılaşdırılmış formada inkişafını təmin etmir. Hər halda onların “xidmət apardıqları” 2 il 27 gün (757 gün) bunu deməyə əsas verir. Ötən dövrdə sülhməramlı kontingentin həyata keçirdiyi fəaliyyətə diqqət yetirdikdə, bu faktların aşkar və təkzibedilməz olduğu bir daha ortaya çıxır.

Laçın dəhlizi vasitəsilə daşınan minalar

Qeyd edildiyi kimi, sülhməramlı kontingentin əsas fəaliyyət istiqaməti razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək olsa da, onlar bu işi tam və effektli şəkildə reallaşdıra bilməyiblər. Bəlkə də, etmək istəməyiblər. Məsələn, üçtərəfli razılaşmaya əsasən, artıq iki ildən çoxdur, Azərbaycan ərazisində yerləşdirilmiş kontingentin “çətiri” altında olan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər. Bu azmış kimi, erməni silahlıları sülhməramlıların “çiyni üzərindən” Azərbaycana qarşı yeni təxribatlar həyata keçirir. Ötən dövr ərzində artıq bir neçə dəfə bu kimi genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı qüvvələri tərəfindən alınıb. Sonuncu belə cəhd bu ilin sentyabrında baş vermişdi ki, ermənilər bu təxribatın cavabını layiqli şəkildə aldılar. Bu isə onu göstərir ki, sülhməramlı kontingent heç də atəşkəsin pozulmamasına nəzarət etmir, əksinə, erməni silahlılarına yeni təxribatlar üçün zəmin formalaşdırır.

Digər tərəfdən, sülhməramlı kontingentin nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Ermənistan ərazisindən silah-sursat, texnikalar daşınır. Bu faktı Azərbaycanın təhlükəsizlik orqanlarının rəsmiləri də dilə gətirib. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində Ermənistanda istehsal olunmuş 2700-dən çox minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın dəhlizi ilə daşındığına şübhə yeri qalmır. Bütün bunları görməzdən gələn sülhməramlı kontingent hətta xarici ölkə vətəndaşlarının qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarına girməsinə şərait yaradır. Bu isə yolverilməzdir. Demək ki, sülhməramlı kontingentin fəaliyyətinin yarıtmazlığı bütün mənalarda özünü göstərməkdədir.

Ermənistan sülhməramlılardan niyə razıdır?

Maraqlıdır ki, Ermənistan və onun Qarabağda formalaşdırmağa çalışdığı qondarma separatçı rejim sülhməramlı kontingentin fəaliyyətindən eninə-boyuna razılıq edir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Rusiya sülhməramlılarının xidməti müddətinin uzadılması məsələsini aktuallaşdırmağa cəhd göstərib. Təbii ki, onun bu tələskənliyinin arxasında mühüm məqamlar dayanır. Nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlıları hələ 2 il 11 ay 4 gün (1069 gün) xidmət aparmalıdırlar. Daha sonra isə üçtərəfli bəyanata əsasən bütün tərəflərin razılığı ilə onların xidmət müddətinin uzadılması müzakirə edilə bilər. Paşinyanın bu “tələskənliyi” isə onu göstərir ki, Ermənistan rusiyalı sülhməramlıların fəaliyyətindən razıdırlar. Niyə də olmamalıdırlar:

- Məhz sülhməramlıların arxasında gizlənərək Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozur;

- Sülhməramlıların nəzarət etdiyi yol vasitəsilə Qarabağa silah sursat, texnikalar daşıyır;

Nəticə etibarı ilə Ermənistan üçün sülhməramlı kontingentin fəaliyyətinin davamlılığı sərfəlidir.

Vardanyanın sülhməramlı “arzuları”

Qarabağdakı separatçı rejim də Ermənistanın bu arzusu ilə “şərikdir”. Məsələn, Qarabağ separatçılarının “dövlət naziri” Vardanyan da Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması, onların sayının artırılması və statusunun daha dəqiq müəyyənləşdirilməsi məsələsini gündəmə daşımağa çalışır. Təbii ki, Vardanyan bu fikirlərlə özünün də təmsil olunduğu qondarma qurumun ömrünü uzatmağa çalışır. Çoxsaylı maraqları təmsil edən Vardanyan anlamır ki, sülhməramlılarla bağlı hər hansı bir qərarda onun fikirləri, ümumiyyətlə, heç bir əhəmiyyət daşımır və ya daşımayacaq. Çünki separatçı rejimin ömrünün başa çatmasına lap az qalıb. Vardanyan və ətrafı anlayır ki, sülhməramlılar onların bu ərazilərdəki “çətiridir” və bu “çətir” olmasa, onlar bir gün də olsun Qarabağ torpağında duruş gətirə bilməzlər.

Sülhməramlılar Azərbaycanın sərvətlərini talayanlarla əlbirdir

Azərbaycan ictimaiyyətinin isə sülhməramlılarla bağlı fikri birmənalıdır. Bu mövqe isə sülhməramlıların yarıtmaz və birtərəfli fəaliyyətindən irəli gəlir. Yuxarıda qeyd edilən faktları nəzərə alsaq, sülhməramlı kontingent ermənilərin qeyri-qanuni silahlı dəstələrinin müharibədən sonrakı dövrdə daha rahat hərəkəti üçün şərait formalaşdırıb. Digər tərəfdən, sülhməramlı kontingent erməni separatçıları ilə şərik olaraq Azərbaycan sərvətlərini talamaqla məşğuldurlar. Bir müddət öncə ictimaiyyətə açıqlanan xəbərlər bunu deməyə əsas verir. Belə ki, Azərbaycanın təbii sərvətlərini soyğunçuluq yolu ilə talan etmə niyyəti Ruben Vardanyanla sülhməramlı kontingentin komandanı general Volkovu “şərik” edib. Rusiyanın sülhməramlı kontingenti məlum talan edilən sərvətlərin “təhlükəsiz daşınmasına” cavabdehlik daşıyır və bu sərvətlərin Laçın dəhlizi yolu ilə Ermənistana daşınmasını təmin edir. Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı, “qara kassa”larına axır.

Sülhməramlılar Azərbaycan torpağında olduğunu unudurlar

Eyni zamanda, sülhməramlı kontingent bir çox hallarda Azərbaycan torpağında olduğunu unudur. Məsələn, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Xocalıya səfər edib. APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, müzakirələr Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq dünən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə növbəti müzakirələr aparılıb.

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Amma bu monitorinq də sülhməramlıların yaratmağa çalışdığı insidentsiz ötüşməyib. Azərbaycanı təmsil edən KİV-lərin nümayəndələri nəinki görüşə, Xocalıya buraxılmayıblar. Yayılan videogörüntülərdə də sülhməramlı kontingentin Azərbaycan jurnalistlərinin qarşısını necə kobudluqla kəsdiyi, özünü yüksək səlahiyyətlərə malik birisi kimi aparması əks olunur. Hətta general Volkov azərbaycanlı jurnalistə “bu sizin əraziniz deyil” deyir. Demək ki, ya Volkov üçtərəfli bəyanatdan və təmsil etdiyi ölkənin Qarabağın Azərbaycan torpağı olması ilə bağlı mövqeyindən xəbərsizdir, ya da sülhməramlı kontingentin rəhbəri özünü Rusiyadan ayrı “dövlət” kimi hiss edir. Əks halda o bu sözləri işlətməzdi. Bu fakt isə sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı narazılıqları daha da artırır.

Rus sülhməramlıları Qarabağda müvəqqəti yerləşiblər

Bütün bunlar isə Azərbaycanın sülhməramlı kontingentin gələcək taleyi ilə bağlı məsələdəki mövqeyini aydınlaşdırır. Çünki sülhməramlıların məramının “sülh” olmaması artıq açıq şəkildə üzə çıxır. Demək ki, ermənilər heç də sülhməramlılara arxayın olmamalıdırlar. Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı da bildirdi ki, bu günədək baş verən proseslər Ermənistan üçün dərs olmalıdır və heç kəsə güvənməməlidir: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30